Ceyhunun anasının kədəri…

Daha bir əsgərin – Cehunun ölümü cəmiyyəti silkələdi. Açığı belə ölümlər cəmiyyət üçün adiləşib, çox adiləşib. Ona görə Ceyhunun ölümünə reaksiyalar mənimçün bir qədər gözlənilməz oldu. Ancaq bu canlanmada oğul itirən ananın ilk günlərdəki fəryadının, qisas istəyinin az rolu olmadığı qənaətindəyəm.
Artıq hər şey yoluna düşür… Bu da növbəti adi əsgər ölümlərindən birinə çevrilməkdədir. Baxmayaraq ki, əsgər ölümünə görə “cəzalandırılan” Şəmkir ordu birləşməsinin komandanı Rövşən Əkbərov (o, Heydər Əliyevin Milli Qəhrəmanlarından və generallarındandır) “Mediaforum”a müsahibəsində bu itkinin onu yandırdığını dilə gətirir. Maraqlıdır ki, elə bu müsahibəsində o, sorumlu olduğu korpusda qanunsuzluqların baş alıb getdiyini açıqlayır: “Ora dəniz səviyyəsindən 3 min metrdən də yüksəkdir. Təzə əsgərdir, hündürlüyə qalxıb, gücü az olub. Bölük komandirinin günahı ondadır ki, əsgərlərə tapşırıq verib ki, oranı bir günə qalxsınlar. Amma briqada komandirinə, qərargah rəisinə, tabor komandirinə tapşırıq verilib ki, təzə əsgərləri hündürlüyə mərhələ-mərhələ qaldırsınlar. Bununla bağlı mənim də əmrim var. Gərək onlar bir qədər hündürlüyə qaldıraydılar, bir neçə gün orada qalaydılar, sonra daha yüksəkliyə qalxaydılar”. Müsahibənin bu hissəsini oxumaq yetərlidir; həmin hərbi hissələrdə nələrin baş verdiyinə şahidlik etmək üçün. Burdan da görünür ki, Rövşən Əkbərovun əmrləri filfilodur. Onun əmrlərinə heç bir mərhələdə komandirlər əməl etmir. Öz etirafıdır. Çanaq yalnız əsgərin başında çatlayır. Ceyhun kimi…
Cəmiyyətin bu reaksiyası əslində bir qədər gecikmiş reaksiyadır. 2012-ci ildə Azərbaycan ordusu 97 əsgərini itirib. 97 ailədə yas düşüb, 97 ailə olmazın acılar çəkib. Bu reaksiya hər bir ölümlə bağlı olsaydı, bəlkə də heç Ceyhunu, onun kimi başqa əsgərləri itirməzdik. Sosial şəbəkələrdə aksiyaya çağırış tələbi də çox normaldır. Hər kəs bu aksiyaya qatılmalı, Vətənin keşiyində duran əsgərin hüquqlarını qorumalıdır. Ceyhunun ölümündən sonra onun anası da bu fikirdə olub. “Dəyərlər.org”un əməkdaşına dedikləri də bunun sübutudur:
“Bütün analara üzümü tutub deyirəm. Bu gün mənim balam qurban oldu. Sabah sizin də balanızın başına bu kimi şeylər gələ bilər. Gəlin bunun qarşısını alaq. Hamımız əl-ələ verib cinayətkarların cəzalandırılmasına nail olaq. Biz susmayacağıq. Sabah bizi Respublika Prokurorluğuna çağırıblar. Baş prokurorun bizi qəbul edəcəyini deyirlər. Görək onlar nə deyir. O görüşün nəticəsindən asılı olaraq hərəkət edəcəyik”.
Ceyhunun anası dünən baş prokuror Zakir Qaralovla görüşüb. Görüşün nəticəsi hakimiyyətin istədiyi kimi olub. Elə ölən əsgərin anasının hərəkəti də. Dərhal hakimiyyətin APA-sına müraciət göndərilib: “Mənim kədərimdən, qüssəmdən heç kəsin sui-istifadə etməsinə ixtiyarı yoxdur. Xahiş edirəm bu hadisədən siyasi məqsədlər üçün istifadə olunmasın və bununla bağlı hər hansı bir aksiyanın keçirilməsinin tamamilə əleyhinəyəm”. Bu müraciət Baş Prokurorluğun açıqlamalarına necə də bənzəyir!..
Yaxşı, bəs əsgər “ürək çatışmazlığından” öləndə niyə ananın fəryadı, harayı APA-ya, deputatlara, prokurorluğa, nazirliklərə, ombudsmana çatmadı? Niyə ictimaiyyətin televiziyası – hakimiyyətin Ismayıl Ömərov cildində mənimsədiyi ITV bir süjet vermədi? Ancaq aksiya məsələsi ortaya düşən kimi hamı – bütün qurumlar əl-ayağa düşdü. Əsgər analarının bunu görməsi, saf-çürük etməsi gərəkdir. Ceyhunun dəfnini çəkməyən, bunun üçün icazə gözləyən ANS əsgər anasının – Samirə Qubadovanın “məsələni siyasiləşdirməyin”, “aksiya keçirməyin əleyhinəyəm” müraciətini dərhal, həm də icazəsiz-filansız efirə verdi.
P.S. Ölən əsgərin Ali Baş Komandanının olaya reaksiyası hələ də yoxdur, o sadə səbəbə görə ki, komandan Yeni il istirahətini başa vurmayıb.