18 yaşlı əsgərimizin vəhşicə qətlinə təpkilərə, etirazlara qarşı yenə o ənənəvi, o düşük, artıq kimsənin ciddiyə almadığı, hər kəsin ikrahla, təbəssümlə qarşıladığı o çürümüş “arqumentlərini” işə saldılar: “Siyasiləşdirməyin”. Hər dəfə verəcək cavabları olmayanda bu “arqument”in ətəyindən yapışırlar. Elə ki, işlərinə yarayır – hansısa yeraltı keçidi belə, üzləri qızarmadan, abır-həya eləmədən asanca siyasiləşdirirlər. Körpüləri, yolları, parkları, idman-olimpiya komplekslərini belə, başımıza siyasi qaxınc etməkdən utanmırlar. Işlərinə gəlməyəndə isə… siyasiləşdirməyə qarşıdırlar. Həm də elə məsələləri “siyasiləşdirməyin” deyirlər ki, hər biri taleyüklü, toplumu qayğılandıran, hər biri millətin və vətənin gələcəyi ilə bağlı olan məsələlərdir.
Bir halda ki, ulu öndərlərinin qoyub getdikləri “uğurlu daxili və xarici siyasət”dən bu qədər arxayındırlar…
Bir halda ki, ulu öndərlərinin oğlu “müasir dünya siyasətində yeni parlayan bir ulduz”dur, siyasətdən, siyasiləşməkdən və siyasiləşdirməkdən niyə belə qorxurlar?
O əsgərin ölüm səbəbi həm də siyasidir!
Ortada dəhşətli bir cinayət var. Həm də nə birincidir, nə onuncu, nə yüzüncü. Sonuncu olmayacağına da kimsənin şübhəsi yoxdur.
Yaxşı, indi bu cinayət də ictimai və siyasi müzakirə, təpki, etiraz mövzusu olmayacaqsa, başqa nə olacaq?
Axı bu və bunun kimi cinayətlərin səbəblərindən biri də məhz siyasidir. Səbəbkarlarından biri də məhz ölkədəki siyasi rejimdir.
Axı məhz bu ölkədə həm də insanların siyasiləşməsinin önünə çəkilən sədlər…
Siyasi təfəkkürün ləğvinə cəhdlərdir belə cinayətlərə rəvac verən.
Axı bu dəhşətlərin bir qaynağı da ölkə idarəçiliyinin sükanını zor və zopa hesabına ələ keçirənlərin siyasi məsuliyyətsizliyidir.
Siyasi səbatsızlığıdır.
Siyasətsizləşdirmək siyasətinin səbəbi
Bir ölkə üçün siyasətin təsir gücünü itirməsindən qorxunc heç nə ola bilməz. Siyasətin zəiflədiyi yerdə terror danışmağa başlayır.
Toplumun siyasətə yolu qapandıqca cinayətkarlıq şiddətlənir. Zorakılıq güclənir.
Siyasət susanda silahlar işə düşür.
Yəni, bütün bunları anlamaq o qədərmi çətindir?
Əgər bu gün bu ölkədə ən ağılalmaz, ən tükürpədici cinayətlər adiləşməkdədirsə…
Toplumun kini, aqressiyası, qəzəbi məişətdən orduyacan hər yana sirayət edibsə, bunun çox səbəbləri var, amma başlıca səbəbi məhz cəmiyyətin siyasətsizləşdirilməsidir. Onun siyasi keyfiyyətlərdən məhrum edilməsidir. Onun siyasi təfəkkürdən uzaqlaşdırılmasıdır.
Siyasi təfəkkürdən məhrum edilmiş bir toplumda baltaların, bıçaqların, yabaların, dəhrələrin, “Makarov”ların, “Kalaşnikov”ların işə düşməsindən təbii nə var?
Lütfən, müdriklik göstərib, “Siyasətsizliyin, siyasətsizləşdirmənin hansısa məişət cinayəti ilə nə əlaqəsi var?” deməyin. Çox əlaqəsi var.
Siyasətsizlik elə bir təhlükədir ki, bütün toplumun ruhunu, beynini, qəlbini zəhərləyir. Təhsilsizlik də, hüquqsuzluq da, ədalətsizlik də məhz siyasətsizliyin meyvələridir.
Bu gün həyat tərzinin də, yaşayış səviyyəsinin də, insani münasibətlərin də, toplum əxlaqının da ən yüksək olduğu ölkələrə baxın – onların hamısında siyasət mübarizənin yeganə vasitəsidir. Onların hamısında söz sahibi siyasətdir. Siyasi meydanlar çox geniş, siyasi tribunalar çox mötəbər, çox alidir.
Indi bir də dönün siyasətdən yoxsul, siyasi mübarizə imkanlarının yox edildiyi, insanların siyasətə çıxış yollarının qapadıldığı ölkələrə baxın – hamısında işgəncədən, hüquqsuzluqdan, ədalətsizlikdən, səfalətdən və cəhalətdən başqa heç nə görməyəcəksiniz.
Tıpkı bizdəki kimi.
Doğrudanmı, siyasətin var olduğu ölkələrlə siyasətin ləğv edildiyi, siyasiləşmənin və siyasiləşdirmənin suç sayıldığı ölkələr arasındakı yerlə göy qədər fərq sizə heç nə demir? Doğrudanmı, başı yaptokratiya qoltuğunda olan “ağıldan bəlalar” hələ də nə demək istədiyimi anlamaqda çətinlik çəkirlər?
Siyasətsizləşdirmək – xalqsızlaşdırmaq
Siyasətdən, siyasiləşməkdən və siyasiləşdirməkdən qorxanları başa düşmək çətin deyil. Onları bu qorxularına görə heç qınamaq da olmur. Onlar açısından baxanda, siyasətdən qorxmalarına anlam vermək o qədər də çətin deyil.
Çünki siyasətin nüvəsi xalqdır. Çünki siyasət – xalqla hesablaşmaq, xalqdan güc almaq, xalqı güc kimi qəbul etmək deməkdir. Çünki siyasətə meydan vermək – xalqı meydana buraxmaq, xalqın önə çıxmasına imkan yaratmaq, xalqın iradəsinə tabe olmaq deməkdir.
Siyasətdən qorxan isə o rejimlərdir ki, onlar güc kimi yalnız dəyənəyi görürlər. Zopanı görürlər. Onların dəyənəksiz, zopasız ayaqda qalmaq, var olmaq şansları yoxdur.
Xalqın güc olduğu yerdə onlar bir heçdirlər, xalqla hesablaşmaq isə onların məhvi deməkdir.
Xalqsızlaşdırmaq üçünsə öncə siyasətsizləşdirmək lazımdır.
Siyasəti çirkin, iyrənc bir şey kimi göstərmək, siyasətin meydanını daraltmq və yox etmək lazımdır ki, qarşılarında xalq deyil, kütlə olsun.
Beləcə, ağalıq etmək, hökm sürmək asanlaşsın. Əl-ayaqlarına dolaşan olmasın ki, rahat-rahat sümürə, talaya, yağmalaya bilsinlər. Kimsə “gözün üstə qaşın var” deməsin. Kimsə sorğulamasın. Kimsə hesab istəməsin. Hər kəs aqibətinə razı olsun, başına gələnlərlə razılaşsın.
Siyasət zəkadır. Zəkanı yox edəcəksən ki, zopalar işə düşsün.
Polis vətəndaşla, komandir əsgərlə, müəllim şagirdlə, yol polisi sürücü ilə, ər arvadı ilə zopa dilində danışacaq ki, hamı hamıdan qorxsun.
Indi anladınızmı ki, niyə, nəyə görə bu ölkədə nəinki əsgər ölümü, nəinki nəqliyyat müfəttişinin taksi sürücüsünü xəstəxanalıq etməsi, hətta və hətta ərin arvadını amansızlıqla baltalaması da siyasiləşdirilə bilər və siyasiləşdirilməlidir!

Siyasətsizləşdirmək
•
•