Əsgər ölümlərinə sərt təpki

«Ordu rəhbərliyi bir çox məsələləri ört-basdır etməyə çalışır…»

Üç ayın əsgəri Ceyhun Qubadovun Daşkəsəndə N saylı hərbi hissədə vəhşicəsinə döyülüb öldürülməsinə ictimai reaksiya kəskin oldu. Gənclər, ictimai fəallar, siyasi düşərgənin təmsilçiləri bu və buna oxşar əsgər ölümlərinə görə Azərbaycan hakimiyyətini, o cümlədən Müdafiə Nazirliyini ittiham edir, günahkarların cəzalandırılmasını tələb edir.

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli də “Azadlıq”a açıqlamasında son olayı Azərbaycanda hərbi sahədəki acınacaqlı durumun təzahürü kimi dəyərləndirdi: “Neçə ildir ki, biz buna oxşar olaylarla qarşılaşırıq. Ictimaiyyət təpki göstərməlidir. Ictimai təpki olsa, güc strukturları, aiddiyyəti qurumlar lazımi ölçü götürəcəklər. Əgər ölən əsgərlərin valideynləri, ictimaiyyət təpki göstərməsə, bu cür hadisələrin davamı olacaq”.

Başqa bir hərbi ekspert Üzeyir Cəfərov bu cür hadisələrə görə məsul olan şəxslərin cəzalandırılmasının vacibliyini vurğuladı: “Konkret indiki halda, birbaşa cavabdeh Daşkəsəndəki hərbi hissənin komandiri, həmçinin həmin hərbi hissənin aid olduğu korpusun komandirindən söhbət gedir. Qeyd edim ki, Şəmkir korpusunun komandiri Rövşən Əkbərovdur. Həmin korpusda bu cür hadisələr ilk dəfə deyil. Niyə bu cür hadisələr baş verir? Bəzən bu insanlar özlərinə çox arxayın olurlar, tağım komandirindən tutmuş, briqada komandirinə qədər bu insanlar özlərini sanki toxunulmaz hiss etdikləri üçün sonda belə hadisələr yaşanır”.
Maraqlıdır ki, Üzeyir Cəfərov gənclərin, ictimai fəalların bu olayla bağlı etiraz aksiyası keçirməsinin tərəfdarı deyil. Fikrini də belə əsaslandırır: “Niyə indiyə qədər gənclər, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti səhhətində problem olan şəxsləri ordu sıralarına göndərən qurumun qarşısında məsələ qaldırmırdılar? Mən Müdafiə Nazirliyinin vəkili rolunda çıxış etmək fikrində deyiləm. Amma düşünürəm ki, həmin gənclər müvafiq qurumlarla bir araya gəlib atəşkəs dövründə ölən əsgərlərlə bağlı müzakirə aparmalıdırlar. Gələcəkdə bu hadisələrin qarşısını almaq üçün hansı addımların atılması məsələsi müzakirə olunmalıdır”.

Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Mərkəzinin rəhbəri Ələkbər Məmmədov isə belə hadisələrə rəsmilərin müxtəlif cür don geyindirməyə çalışdıqlarına diqqət çəkir: “Ordu rəhbərliyi bu cür məsələlərdə maraqlı tərəf olduğu üçün olayı ört-basdır etməyə çalışır. Ancaq insanlar, ölən əsgərlərin valideynləri Müdafiə Nazirliyi və başqa qurumların verdikləri bəyanatları ciddi qəbul etmirlər. Işin üstünə düşdükdən sonra məsələnin əsl mahiyyəti üzə çıxır. Bu işə məxsul olan şəxslərin bəziləri cəzalandırılır. Yəni, burada əsas məsələ problemin ictimailəşməsidir”.
Ələkbər Məmmədov Ceyhun Qubadovun ölümüylə bağlı Müdafiə Nazirliyinin yaydığı ilkin məlumata diqqət çəkdi. Qeyd edək ki, orada əsgərin “ürək çatışmazlığından” dünyasını dəyişdiyi göstərilmişdi: “Öncə deyirlər ki, əsgər ürək çatışmazlığından dünyasını dəyişib. Ürək xəstəliyi bir günə yaranan problem deyil. Ceyhun isə üç ayın əsgəri idi. Hara baxırdı onu hərbi xidmətə göndərən komissarlıq? Bu suallar cavabını tapmalıdır”.
Ötən gün Müdafiə Nazirliyi və Hərbi Prokurorluq da Ceyhun Qubadovun ölümü ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Ceyhun Zaman oğlu Qubadovun bu il yanvarın 7-də ölümü ilə əlaqədar Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb: “Baş vermiş ölüm faktı ilə bağlı istintaqın gedişi xüsusi nəzarətə götürülüb. Bununla əlaqədar Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbər əməkdaşları müvafiq araşdırmaların aparılması məqsədi ilə bölgəyə ezam olunublar. Cinayət işi üzrə istintaq-əməliyyat qrupu tərəfindən qısa müddət ərzində tam, hərtərəfli istintaq aparılmaqla təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması təmin olunacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Ramin DEKO