Bu yaxınlarda deputat Qənirə Paşayeva özünə qarşı yazılanlara, sosial şəbəkələrdə ironik münasibətlərə tuş gəlməsinə çox sərt cavab vermişdi. Onun açıqlamasını oxuyanda mənə elə gəldi ki, Qənirə xanım ona o cür münasibətlərin səbəbini anlamır və hətta təəccüblənir. Əslində, bir çox vətəndaşlarımız da onun niyə tənqid edilməsinə, xüsusən də nə üçün onun xeyirxah addımlarının gülüşlə qarşılanmasına izah tapa bilmirlər.
Özlüyündə… bu addımlar vətənpərvərliyə, xeyirxahlığa, insanpərvərliyə yönəlib. Güneydəki soydaşlarımızın dərdinə yanmaq və Təbrizə getmək yaxşı haldır. Özlüyündə bədbəxt Somali uşaqlarına yanmağın nəyi pisdir? Orqanlarını bağışlamaq nədən pis sayılsın?
Üstəlik, bu xanım aqressiv də deyil, siyasi mövqeyi qəbuledilməz olsa da, fərqli fikirdə olan insanlara, müxaliflərə, jurnalistlərə qarşı da kəskin danışdığı olmur. Oliqarx deyil, başqaları kimi yırtıcı adamları ilə, şirkətləri ilə hər yerdə əl-ayağa dolaşmır. Amma niyə o qədər deputat içərisində bu adam xüsusi ironiya ilə qarşılanır? Niyə bu qədər yaxşı əməllərə rəğmən sevilmir?
Amma yenə də kimlərinsə onu niyə sevməməsini anlamaq çətin deyil…
Çünki enində-sonunda o da insan haqlarını tapdayan bu rüşvətxor hakimiyyəti təmsil edir. O da ölkədəki yalan və talan sisteminin təmsilçisidir. Hakimiyyətin razılığı olmadan deputat ola bilməzdi, bəlkə də Təbrizə getməyə yolpulu da tapmazdı. O cür yaxşı işlər görsə də, ölkə üçün öndə duran həqiqətləri demir, insanlara xeyirxahlıq etsə də, onların üzləşdiyi bəlaların səbəblərini gizlədir. Üstəlik, bunları pərdələməyə kömək edir özünün fəaliyyəti ilə. Bəlaların səbəbləri ilə bağlı insanları çaşdırır. Özünün timsalında bu hakimiyyətin xeyirxah olması fikrini aşılamaq istəyir. Bütün bunlar onun vurduğu ziyanlardır. Faydaları ilə bu ziyanları tərəzinin gözünə qoyduqda bəlli olacaq ki, bu mədəni, həlim və xeyirxah insan haqlı olaraq tənqidlərə layiqdir.
Məsələn, son addımını – orqanlarını vəsiyyət etməsini götürək. Azərbaycan səhiyyəsi normal qan köçürə bilmir, insanlar xəstəxanalarda xəstəliyə yoluxur, soyğunçuluğa tuş gəlir, məhv olur. Sayca az olsalar da, yaxşı həkimlərimiz də var, müasir avadanlıqlar da, amma ən zay səhiyyə xidmətinə sahibik. Qənirə xanımın birbaşa vəzifələri olan bu məsələləri qaldırmır, fəqət orqan köçürülmə təcrübəsi etibar qazanmayan, hətta donor tapanda da onu köçürməyə maddi imkanı olmayan ölkədə vəsiyyət edib orqanlarını bağışlayır. Bu bir növ cəmiyyəti çaşdırmaq və aldatmaqdır…
Anlamağa nə var ki, bu kimi addımlarla Qənirə xanım çox ciddi siyasi hiyləyə əl atır. Həm hakimiyyətin sevimli deputatı olur, həm də xalqın sevimlisi olmaq istəyir. Təbii ki, xalqımızın ayıq insanları da bunu bilir, görür, tənqid edir, onun xeyirxahlıq addımlarını ciddiyə almır. Bu, başadüşüləndir. Bəlkə özü də bunu yaxşı başa düşür.
Amma onun addımlarına qarşı bu qədər ironiya haradan yaranır?
Bu sualın cavabını düşünürkən yadıma qədim müdriklər arasında olan bir əhvalat düşdü. Yeri gəlmişkən, Qənirə xanım o müdriklərdən sitat gətirməyi sevir. Elianın “Müxtəlif hekayətlər” adlı məşhur əsərində Sokratın Antisfenə münasibətinə aid olan bir xatırlama var. Antisfen Sokratın tələbələrindən idi. Kiniklərin ən məşhuru idi. Bu xətdən olan filosoflar həzlərdən, rahatlıqlardan, ümumiyyətlə, zəngin yaşamaqdan imtina edirdilər. Elian yazır ki, bir dəfə Antisfen ətəkli çuxasındakı cırığı daha qabarıq göstərməyə çalışdı. Sokrat da bunu gördü və dedi: “Bəsdir, bu şöhrətpərəstliyə son qoy, köhnə paltarınla ağlama, gözə soxulmağını yığışdır!”.
Elian yazır ki, onsuz da Antisfenin bu cür hərəkətləri çox ciddi ironiya doğururdu və hamı Sokratın bu sözündən sonra doyunca güldü. Məncə də Qənirə xanımın göz yaşları, xeyirxahlıq və vətənpərvərlik aksiyaları da eyni səbəbdən ironiya yaradır.
Ümumiyyətlə, Azərbaycandakı vəziyyət həm də çox ironikdir…

İroniya haradandır?
•