Naxçıvan MTN-dən dəhşətli xəbərlər

“Həyat yoldaşımı soyunduraraq soyuq suyun altında saatlarla saxlayıb işgəncə veriblər”

Naxçıvanda yaşayan sahibkar Nadir Məmmədov və Məhəmməd Qurbanovun qohumları cümə günü RATİ-də mətbuat konkransı keçiriblər.

Məhəmməd Qurbanovun həyat yoldaşı Fəridə Qurbanova Naxçıvan MTN-də həyat yoldaşına olan təzyiqdən, onlara məxsus 9 min manatlıq malı hələ də ala bilməməsindən danışıb. “2012-ci ilin dekabrında 40 nəfər tərəfindən döyülərək, heç bir əsası olmadan həbsə atılan həyat yoldaşımla indiyə kimi görüşə icazə verilməyib. Həyat yoldaşımı soyunduraraq soyuq suyun altında saatlarla saxlayıb işgəncə veriblər”, – deyə Qurbanova bildirib.

Daha sonra Nadir Məmmədovun həyat yoldaşı Elnurə Məmmədova anonim nömrələrdən gələn təhdid və hədələrdən danışıb, Sədərək Gömrük Keçid Məntəqəsindəki yük maşını və minik avtomobillərinin ailəsinə qaytarılmadığını bildirib. “Hər gün gizli nömrələrdən zənglər olur, evdə rahat otura bilmirik, hara gediriksə bizi izləyirlər, gecələr həyətimizə yad adamlar gəlir, həyatımız təhlükədə olmasın deyə Naxçıvandan qaçıb Bakıdakı yaxın qohumların evinə gəlmişik. Bizə məxsus 9 min manatlıq mal Sədərək gömrüyündə saxlanılır, yük maşını və minik avtomobili hələ də bizə qaytarılmayıb”, – deyə E.Məmmədova qeyd edib.

Zərərçəkənlərin bütün dövlət instansiyalarına müraciətləri cavabsız qalıb.

Sonda F.Qurbanova ombudsman Elmira Süleymanovaya məktub göndərəcəklərini, cavab verilmədiyi halda xarici səfirliklərdən sığınacaq istəyəcəklərini söyləyib (contact.az).

“Məndən nöqsanlar haqda danışmamağı tələb etdib, əks halda, cinsiyyət orqanlarımı kəsəcəkləri ilə hədələyiblər”

Eyni gündə və yerdə başqa bir Naxçıvan sakini də üzləşdiyi təhdidlə bağlı mətbuat konfransı keçirib. Babək rayon sakini Əşrəf Həsənov Naxçıvan MTN tərəfindən təqib və təzyiqlərə məruz qalmasından danışıb.

Onun sözlərinə görə (contact.az), təqibə Babək rayonunun məktəblərində, kəndlərində və tibb müəssələrində neqativ faktlar səbəb olub. Bu barədə o, ötən ilin dekabrında “Azadlıq” radiosunun yerli müxbiri vasitəsilə xəbər verib.

“Bundan bir neçə gün sonra məni MTN-in yerli bölməsinə çağırdılar, hədələdilər və nöqsanlar haqqında danışmağa son qoymağı tələb etdilər. Əks halda, cinsiyyət orqanlarımı kəsəcəkləri ilə hədələyiblər”, deyə Həsənov bildirib.

Bu hadisədən sonra onu daim izləyirlər. Əşrəf Həsənov həmçinin İctimai Palatanın Naxçıvan şöbəsinin üzvüdür. MTN-də ondan İP-yə üzvlüyündən çıxmağı tələb ediblər, hətta KİV-ə neqativ məlumatlar verməyə son qoyması və verdiyi məlumatları təkzib etməsi üçün pul təklif ediblər. Lakin Əşrəf Həsənov bu təklifdən imtina edib və Bakıya gedib.

Turan-ın Naxçıvan MTN-lə əlaqə saxlayıb şərh almaq cəhdləri nəticə verməyib.