Məmur arvadlarının yazacağı, uşaqlarının daşıyacağı məktublar

Çoxu 2013-cü ili yeni kitablar oxumaqla, maraqlı filmlərə baxmaqla, “rüşvət-cinayət” videoları yaymaqla başlasa da, mən sobada yandırmaq üçün “N” adlı marketdən götürdüyüm bir qutu nisyə dəftəri oxumaqla məşğulam. Dəftərləri oxuduqca, anlayıram ki, onları qızınmaq üçün yandırsam, bir az da möhkəm üşüyərəm.
Vaxtilə Cəlil Məmmədquluzadə evini qızdırmaq üçün əlyazmalarını yandırıb və Mirzə Cəlilin bacasından çıxan tüstü indi ölkənin təpəsindən çıxır: indi camaat odun yerinə pal-paltarını, stol-stulunu, nisyə borcları yazılan, satıcıların müştərilərinə payladığı dəftərləri yandırır. Çarə nədi, ağsaqqal yazıçılar, şairlər dövlətin onlara bağışladığı evlərdə, bəzəkli “kamin” yanında uzanıb xoruldayanda, millət də çörəyini nisyə dəftəri yanan sobada bişirər. Zatən, onların yazdıqları da nisyə dəftəri kimi bir şeydi, bir ton yandırsan da acı tüstüdən başqa heç nə hiss etməzsən. Qutudan satıcıların nisyə dəftərlərilə yanaşı, alcıların uşaqları ilə dükana yolladıqları məktublar da var.
Prezident və onun uşaqları üçün çox maraqlı olacağını nəzərə alıb bir-iki məktubu olduğu kimi yazıram: “Seva, sən Allah, qurban olum, uşağa həmişə aldığım paraşokdan ver, paltarları yuyurdum, yarımçıq qaldı, əllərim sabunludu, pulu götürə bilmirəm, onu da yaz əvvəlki borcların üstünə”. Pul camaat üçün o qədər hörmətli və əlçatmazdı ki, əli sabunlu olanda ona toxuna bilmir, amma qələm götürüb məktub yaza bilir. Zavallı millət, yazıq qələm! Növbəti məktub hiss olunur ki, yayda, qızmar günlərin birində yazılıb: “Qadan alım, sular kəsilib, uşağa iki-üç şüşə sərin su ver, ciyərim yanır, ölürəm. Axşam ərim gəlsin, pulu gətirər”. Daha bir məktub: “Uşağa hər gün aldıqlarımdan çək ver. Amma sən Allah nisyə aldığı üçün uşağı danlama, yoxsa evə gəlib ağlayır”.
Kaş bu məktubları, xalqı pis günə qoyanlar, borca salanlar da oxuyaydı. Çünki yaxın zamanlarda onların da arvadları belə məktublar yazacaq, uşaqları dükanlara belə məktublar daşıyacaq. Amma inanmıram kimsə onlara nisyə mal versin, hamı elə biləcək xalqdan oğurluq etmək üçün quldurların yeni fırıldaq planlarıdır.
Onu da qeyd edim ki, “nisyə qutusu”ndakı hər dəftəri oxuyanda ölkəmizdəki yeni ad və soyadlarla tanış olduqca məmləkətdə tezliklə ərəb inqilabının baş verəcəyi hiss olunur. Doğrudur, satıcılar nisyə dəftərində bircə adları böyük hərflə yazıblar, yəqin inqilabı ləngitmək istəyirlər, amma mən inqilabın xətrinə acıqca hamısını böyük hərflə yazıram, qoy heç olmasa adlarımız “ərəbski” olsun: Əri Rusiyada Olan Gülbahar, Malvuran Həsənin Ortancıl Oğlu Əlihəsən, Anası Dubaydan Qayıtmayan Yetim Ələsgər, Göy Göz Kosanın Oğlu Dursun, Yekəqarın Mehbalının Yekəbaş Oğlu Ələmdar… və s.
Inqilabçıların, üzürlü sayın, borcu olanların hamısının adını yazmağın nə mənası var? Onsuz da ən azı 8 milyon vətəndaşın adı bankların, dükanların borc dəftərlərindədir, ona görə də inqilab baş vermir. Borc içində çabalayandan inqilabçı olarmı?! Heç vaxt! Inqilab istəyən zavallı bir gün çörək pulu qazanmağa getməkdən boyun qaçırıb mitinqə getsə, polisdən əvvəl bank, dükan sahibi vurub başını yarar. Elə bu səbəbdən də, kredit verən bankların, nisyə alış-veriş edən dükanların sayı gündən-günə çoxalır. Hökumət onlar üçün şərait yaradır, obyektlərini tikmək üçün harda gəldi ərazi verir. Hörümçək kimi camaatı tora salan banklar, dükanlarla hakimiyyət qürur duyur. Elə ona görə də “Vətənə xidmət etmək ölüncə borcumuzdur!” şüarını daha işlədən yoxdur, indi əksəriyyət “dükanlara, banklara o qədər borcum var ki, ölüncə ödəyə bilmərəm” deyir.
Qətlə yetirilən dəyərli general Rail Rzayev haqqında camaat danışır ki, o, ehtiyacı olan insanlara imkan düşəndə həmişə kömək edirdi. Xeyir-şər məclislərində, dükanda-bazarda, yeri gələndə söhbət edirlər ki, hətta bəzən elə olurdu ki, general uşaqlığı keçən məhəlləyə gedib, dükanlara girib, nisyə dəftərində adları olan adamların borclarını ödəyib gedirmiş. Borcu olan adam da utana-utana növbəti nisyə bazarlığı üçün dükana gələndə, satıcı ona deyirmiş: “Utanıb eləmə, borcunu general ödədi”.
Əlbəttə, camaatın kredit, dükan borclarından həzz alan bir hökumət elə dəyərli bir insanı sağ qoymazdı. Borc yazanlar, borc silənləri sevmir! Hələ də təəccüb edirəm, holdinq, zavod, fabrik…sahibi olan generallar, nə əcəb obyektlərinin giriş qapısına “Azərbaycan generalı camaatı borca salar, borc silməz!” şüarını yazıb vurmurlar? Amma hakimiyyətdəkilər bilsinlər ki, general Rail Rzayevin, jurnalist Elmar Hüseynovun qatillərini tapmamaqla və ölkədəki dəhşətli cinayətləri ört-basdır etməklə yaxalarından “BIZ QATILIK, CINAYƏTKARIQ!” şüarını çoxdan asıblar, hamı da görür, oxuyur…