İlham Əliyevi tapın!

Ölkənin harasına getsəniz, görərsiz: xalqın bu hakimiyətə nifrəti, acığı aşıb-daşır. Qabaqlar hamı susurdu, indi hamı söyür, söylənir. Bunu sosial şəbəkələrdən də görmək olar. Sosial şəbəkələr əliyevçi rejimlə açıq savaş meydanına çevrilib. Bunu hakimiyət də görür. Buna görə də YAP-çılara, YAP yandaşlarına sosial şəbəkələrə doluşmaq göstərişi verilib. Bununla durumlarını düzəldəcəklərini düşünürlər. Düzəlməyəcək! Rüşvət, korrupsiya, oğurluq, soyğunçuluq ideologiyası üzərində qurulmuş Heydər Əliyev siyasi sitemi da-ğı-lır!..
Görün dağılmanın başında kim durur: əliyevçi siyasi sistemin başlıca qurucularından olan, bu sistemin baş ideoloqu, administrator-filosof-akademik… Ramiz Mehdiyev! Adam keçmiş lideri L.I.Brejnev kimi bütün yüksək adlara yiyələnmişdi – hamıdan güclü, hamıdan üstün olduğunu göstərmək üçün. Özü də təkcə xalqa yox, komanda yoldaşlarına da üstünlüyünü, ölkədə başlıca avtoritet (yadıma atvyorka düşdü!) göstərsin deyə. Budur, bu avtoritet yiyələndiyi adları hələlik bütünlüklə qoruyub saxlasa da, o adların daşıdığı ağırlığı, anlamı, yükü bütünlüklə itirmiş durumdadır. Bir daha yada salın: administrator-filosof-akademik-ideoloq… Sonra da gəlir… atvyorka! Kodlu çamodanı atvyorka ilə açan administrator-ideoloq! Keçmiş Mərkəzi Komitənin keçmiş ideoloji KATIBI! KQB generalı, Politbüro üzvü Heydər Əliyevin sağ əli! Sonra da sol əldəki kodlu çamadanı qırıb açmağa girişmiş sağ əldəki atvyorka!
Bunların hamısı 44 illik kriminal siyasətin doğurduğu ideya-siyasi, mənəvi-psixoloji DARMADAĞIN fakt-görsənişləridir. Işə bax: bütün bunların ağrısını indi hamıdan çox Ramiz Mehdiyev çəkməli olur. Dünya ictimaiyəti isə Ismayıl TV-ITV ilə birlikdə hələ də bu ədalətsizliyə dözür! Ölkədən bircə ofşor zonalara 48 milyard dollar oğurluq pul çıxaran Ilham Əliyev qıraqda qalıb, hamı düşüb Ramiz Mehdiyevin üstünə. Zülfüqarlı qardaşları da, Elşad Abdullayev də, vəkil Aslan Ismayılov da. Adamın allahı olar. R.Mehdiyev nə seçkilər dönəmində aldığı pulları özü üçün alıb, nə də ələ keçirdiyi çoxlu sayda mal-mülkü, zavodları özü üçün ələ keçirib. Düzdür, o, Əliyevlərə uzun illər boş-boşuna qulluq göstərməyib, ona, yaxınlarına ayrıca gəlir-qazanc yolları yaradılıb. Ata-oğul Əiyevlərin qoyduğu LIMITdən artıq onun əldə etmək istədiyi bircə E.Abdullayevin Beynəlxalq Universiteti olub, onda da… işlər lap düzələn yerdə… ortaya Azərbaycanın parlayan yeni siyasi ulduzu – Paşayevlər çıxıb!
Beləliklə, Beynəlxalq Universitedən ona yalnız özünün başında durduğu yoxlatma sonucu olaraq Antikorrupsiya Komissiyasının qazandırdıqları qalıb. Antikorrupsiya komissiyası! – KQB generalının özünün yaradıb onu başında oturduğu bu komissiyanın gerçək yaranış nədəni “anti”siz idi! Antikorrupsiya adı altında Korrupsiya Komissiyası yaratmaq, onu tanınmış korrupsiya ideoloquna tapşırmaq, sonra da ölkədə ANALOQU olmayan “inkişaf”dan danışmaq. Bütün qanunların tapdandığı, korrupsiyanın DÖVLƏT SIYASƏTINƏ çevrildiyi ölkədə hansı “inkişaf”dan danışmaq olar?
“Ordumuzda” daha bir əsgər ölümü. Görüntüsü “öldürülmüşəm” deyir. Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri (görəvin adına baxın, görün bu ölkənin başında kimlər durur!) general Məhərrəm Əliyev başlanğıcdan ortaya dağdan yıxılma versiyasını atıb. 10 illik I.Əliyev hakimiyəti dönəmində 700 əsgər itirmişik. Biri dağdan yıxıldı, bəs qalanı? Ordudakı çoxsaylı qanunsuzluq, ölüm faktlarına, bu faktlara illərlə göz yumulmasına görə prezident – ali baş komandan cavab verməlidir. Sən illərlə ölkəni bürüyən qanunsuzluqlara – adamların mal-mülkünün əlindən alınmasına da, Elşad Abdullayevin açıqladıqlarına da, orduda 700 əsgərimizin öldürülməsinə gətirib çıxaran cinayət faktlartna da göz yum – onda sən kimsən?