“Zahid Dünyamalıyev qaydasız oyunların qurbanı oldu”
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru və hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayev Amerikanın Səsinə ünvanladığı məktubda rüşvət qalmaqalına, müəmmalı ölümlərə və adam oğurluqlarına öz tərəfindən aydınlıq gətirir. Məktubda cənab Abdullayev Azərbaycan hökumətinin yüksək rütbəli rəsmilərinin cinayət tərkibli əməllərdə iştirakını detallayır və Azərbaycan rəsmilərini törədilmiş cinayətlərin izlərini itirmək cəhdində ittiham edir.
Rövşanə Əliyeva yalan danışır
Məktubu olduğu kimi təqdim edirik:
“9.01.2013-cü il tarixində ”Azadlıq” qəzetində “Rövşanə Əliyeva ittiham edir” məqaləsinə cavab olaraq bildirirəm ki, Rövşanə Əliyeva video görüntülərin əksinə olaraq yalan danışır, istintaqı və cəmiyyəti caşdırmağa yersiz cəhd edir: 1. Rövşanə ilə əlaqədar iki dəfə video görüntü yayımlanmışdır. Biz video görüntüləri ona görə yaydıq ki, Rövşanə istintaqa, MIK-də və mətbuatda yalan bəyanatlar verirdi, istintaqı və cəmiyyəti caşdırmağa cəhd edirdi;
2. Mən Rövşanəni yalniz Mahirin oğurluq işinə görə tanımışam, ona qədər heç bir tanışlığım olmamışdır;
3. Rövşanə mənə heç bir vaxt ABU-ya işə düzəlmək üçün müraciət etməyibdir, Mahirin oğurluq işində mənimlə Arzu Kazımov və Zahid Dünyamalıyev arasında vasitəçilik edirdi;
4. Video görüntülər də təsdiq edir ki, mənim Rovşanə ilə görüşlərimdə bacım iştirak etməmişdir, ümumiyyətlə, mənim Səbirə adlı bacım yoxdur. Bu görüşlərdə mənimlə birlikdə qardaşım Eldəniz iştirak etmişdir, əsas şahid olduğu üçün onu da zəhərləyib öldürməyə sui-qəsd etdilər;
5. Rövşanə çox gözəl dərk edir ki, ona görə də tez-tez cəmiyyətə mesajlar verir ki, çox cinayətlərin əsas şahidlərindən biri olduğu üçün onu da günahsız Sevinc Babayeva və digərləri kimi Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat zəhərləyib öldürə bilər. Mafiya arzuolunmaz şahidləri həmişə qətlə yetirir – o, “persona non qratadır”.
Ən dəhşətlisi bu oldu ki, Mahirin işi üzrə başlıca şahid Daxili Işlər Nazirinin birinci müavini general-mayor Zahid Dünyamalıyevi Sevinc sayağı aradan götürdülər. 10.08.2009-cu il tarixində daxili işlər naziri Ramil Usubov ömrünü dövlətə həsr etmiş, dürüst bir insan Zahid Dünyamalıyev haqqında belə bir alçaldıcı bəyanat verdi ki, Zahid Dünyamalıyev Hacı Məmmədovun cinayətlərini bilmədiyinə görə istefa verib, dünyasını dəyişibdir. Bütün DIN əməkdaşlarına məlum idi ki, hətta, həmin gün Zahid Dünyamalıyevin iş otağında üstünə silah çəkib təhdid etmişlər, güllə səsinə qonşu otaqlardan gəlmişlər.
General Elşad Abdullayevə nə deyib?
Rövşanə Əliyevanın 8 yanvar, 2013-cü il tarixli “Azadlıq” qəzetindəki video-görüntülərdəki Arzu Kazımovla telefon danışığından sonra biz DIN müavini general Zahid Dünyamalıyevlə səhəri gün iş otağında görüşdük. Zahid Dünyamalıyev çox əziyyət çəkirdi, özünü mənim qarşımda günahkar kimi aparırdı, istəyirdi ki, nəyin bahasına olursa-olsun Mahiri sağ-salamat geri qaytarsınlar.
O, mənə bildirdi: “Yuxarılar oyunun qaydalarını dəyişiblər, bizi də pis vəziyyətə qoyublar, bizə nə demişdilər biz də Sizə dedik onu da verdiniz, hətta, mən qarant oldum, yazılı olaraq 1.5 milyon dollar da Arzu Kazımov Sizdən aldı. Amma, bu gün oyunun qaydaları dəyişib yuxarılar 10 milyon istəyir, bizi də Sizin qarşınızda pis vəziyyətə qoyublar. Bu düz deyil, kişi söhbəti deyil, bunlarda kişilik yoxdur, məni də pis vəziyyətə qoyublar, aşağı baxırsan saqqaldır, yuxarı baxırsan bığ. Sizə görə oyundan çıxa bilmirəm. Elşad müəllim … !!! Mən belə başa düşürəm ki, 1.5 milyon dollar da olsa mən çalışaram bu işi yoluna qoyum, bilirəm ki 10 milyon dollara gücün çatmayacaq”.
Biz razılaşdıq. Hörmətli Zahid Dünyamalıyevdən xahiş etdim ki, bu qədər pulun toplanması üçün mənə 3 həftə vaxt versinlər və əlavə etdim ki, bir balaca gecikmə olsa Mahirə işgəncə verib mənim telefonumda qışqırtmasınlar, ƏGƏR BIR DƏ BELƏ ETSƏLƏR MƏN HƏR BIR ŞEYƏ TÜPÜRÜB mətbuat konfrası keçirib, birbaşa prezidentə, Avropa Məhkəməsinə şikayət edəcəyəm.
Zahid Dünyamalıyev mənə bildirdi: “Siz mənim iki övladımın müəllimi olmusunuz, huquq professoru olsanız da özünüz də bilirsiniz ki, mən bu işdə Sizə qarşı səmimiyəm, amma, bu işlər huquq qaydaları ilə həll olunmur. Qardaşın Mahir olan yerə nə prokuror, nə ”KQB”, nə də ki polis girə bilməz, gəl çalışaq – Mahirin həyatı təhlükədədir – bu işi sülh yolu ilə həll edək, BAŞQA CÜR olsa heç ölüsünü də geri ala bilmərik. Siz professor adamsınız. Bilmirsiniz bunlar necə qəddar adamlardır … !!! Bu işi yalnız sülh yolu ilə həll edə bilərik”.
Zahid Dünyamalıyev öldürülüb?
Bu söhbətdən sonra, biz üç həftə müddətində qardaşım Mahiri sağ-salamat geri qaytarmaq üçün yenidən 1.5 milyon dollar hörmətli Zahid Dünyamalıyevə verdim, o da həmin pulu “yuxarılar”a çatdırdı.
Lakin, “yuxarılar” fikrini dəyişmirdilər, 10 milyon deyib durmuşdular, mənim də bu qədər pul verməyə imkanım yox idi. Zahid Dünyamalıyev müntəzəm olaraq Ramil Usubovdan və PA-nın müdiri Ramiz Mehdiyevdən tələb edirdi ki, Mahirin pulunu almısınız, söz vermişik geri qaytarmalıyıq, bizi xalqın qarşısında pis vəziyyətə qoyursunuz, bizə yaraşmaz ki, gündə bir qiymət oxuyaq. Axı oğurlanmış adamları geri qaytarmaq üçün 3 milyondan artıq pul olmayıbdır, kişi bizə 3 milyonunu da ödəyibdir. Son dövrlər Zahid Dünyamalıyev “yuxarılar”ın ünvanına söyüşlər söyürdü.
Qeyd etmək istəyirəm ki, DIN-in birinci müavini general Zahid Dünyamalıyev nadürüst adamların qaydasız döyüşünün qurbanı oldu. O, bu ədalətsiz, qaydasız oyuna dözməyib “yuxarılar”la mübahisə etməyə başladı. Buna görə də Sevinc Babayeva sayağı qətlə yetirildi, Mahirin işini aparan başlıca şahidini də cinayətkarcasına aradan götürdülər. Zahid Dünyamalıyev öldürüldükdən sonra Ramiz Mehdiyev bütün hüquq- mühafizə orqanlarına əmr vermişdi ki, Mahir Abdullayevlə bağlı nə qədər iş var, təhvil versinlər, bunula da bütün huquq işini yox etdilər, Mahir haqqında bütün maddi sübütlar yox edildi.
“Qızımı ”vorzakon Mamed”dən aldım”
Əsas şahidlərdən biri naxçıvanlı Hacı Zakiri də Sevinc Babayeva sayağı aradan götürdülər. Arzu Kazımovun “Inşaat – 2002″ şirkətinin rəhbəri Hacı Zakir qətlə yetirildi (Bakı şəhəri , Kamo küçəsi 198). Mən Arzu Kazımovun adam oğurluğu ofisinə tez-tez gəlib getdiyimdəm Hacı Zakirlə dostlaşmışdıq. Həmin ərəfələrdə avqust ayında gördüm ki, Hacı Zakirin qanı qaradır. Hacının təklifi ilə mən bulvarda çayxanada görüşdük, çox həyəcanlı idi. Hacı Zakir mənə bildirdi ki, Elşad müəllim ehtiyatlı olun bu alçaq – Arzu Kazımov – mənlə səni düşmən etmək istəyirdi ki, öz cinayətlərini ört-basdır etmək məqsədi ilə gizlətsin. Mən Allah evinə – Məkkəyə getmişəm, Allahsız iş görə bilmərəm. Bilirsən nə edibdir?! Mənim qızımı sizin ABU-da tibbdən test imtahanları verdiyi zaman Arzu Kazımov oğurlatmışdır. Mən qızımı axtaranda mənə Arzu Kazımov bildirirdi ki, Sizin qızınızı Elşad Abdullayev oğurlayıb. Amma, mən qızımı Masallıdan ”vorzakon Mamed”dən aldım, sifarişini də Arzu Kazımov vermişdir.
Siz bu əclafa inanmayın. Elşad müəllim bu adam çox kinlidir, Sumqayıt vergi idarəsinin naxçıvanlı sədri Sədrəddinin oğlunu oğurlatmışdır, sonra, bu cinayətin üstünü Məhərrəm Əliyev açdı, məni öldürürdü ki, bizi sən satmısan; Oğlunun yerini sən demisən Sədrəddinə. Sədrəddinin oğlu tapılana qədər hər yerə məlumat verirdi ki, Sədrəddinin oğlunu guya Elşad müəllim oğurlayıb. Bu adam manyakdır. Halbuki, Sədrəddinin oğlunu bunlar oğurlayıb, bunula da Mahirin işini də ört-bastır etmək istəyirdilər, Allah-Təala Arzu Kazımovun arzusunu ürəyində qoydu, Sədrəddinin oğlunun oğurluğu açıldı və TV-lərdə də göstərildi, biabırçılıq oldu.
Hacı Zakir bildirdi: “Hökumət yoxdur, hara gedib şikayət edəsən? Oğrudan oğruya nə şikayət etmək olar? Elşad müəllim, özünü qoru, mən çox qorxuram, Arzu elə bilir ki, Sədrəddinin oğlunun yerini mən satmışam, məni öldürəcək”.
Eyni zamanda, Hacı Zakir ilk dəfə məndən möhürlü-yazılı pul alan Arzu Kazimovun “Inşaat-2002″ şirkətinin rəhbəri idi.
Əsas şahidlərdən biri, mənim yaxın qohumum Sabir Hüseynov da Sevinc Babayeva sayağı aradan götürüldü. Arzu Kazımov izi itirmək məqsədi ilə mən tərəfdən ERA Şirkətinin rəhbəri dayım Sabir Hüseynov yazılı möhürlə 500 min dollar iki tərəfli müqavilə ilə pulu Mahiri geri qaytarmaq üçün Arzu Kazımova vermişdir. Qısa zamanda, yaxın qohumum Sabir Hüseynovu da xüsusi qəddarlıqla Sevinc Babayeva kimi aradan götürdülər.
Hüquq professoru Elşad Abdullayev
Fransa, 9 yanvar, 2013″.