Sonuncu əsgər ölümü faktı ötən gün ANS-də müzakirəyə çıxarılıb. Tanınmış vəkil Aslan İsmayılov müzakirə barədə təəssüratını qeydə alaraq “Azadlıq”a göndərib. Vəkilin yazdıqlarını təqdim edirik:
“22.15-də FB-dan ANS-də Ceyhunun ölümü ilə bağlı verilişin olduğunu bilən kimi izləməyə başladım. Aparıcı Qənirə Ataşova, iştirakçılar YAP-çı deputat Aydın Mirzəzadə, əsgər ailələri cəmiyyətinin sədri Roza Əliqızı, verilişə qoşulan YAP-çı deputat Mübariz Qurbanlını diqqətlə izlədim. Bir daha əmin oldum ki, əgər cəmiyətin üzvləri fəaldırlarsa, istənilən məsələ həm hakimiyyətdə, həm də onların telekanallarında müzakirə olunacaq, özləri heç istəməsələr belə. Ona görə hamıya bir daha internetin yaratdığı imkanlardan istifadə edərək gündəlik həyatımızda baş verən özbaşnalıqları ictimaqiləşdirilməsini istəyirəm. Başqa məsələ ki, iştirakçıların heç birində səmimiyyət görmədim. Ən azından çıxışçılardan A.Mirzazadə və M. Qurbanlının az qala eyni cümlələrlə Ceyhunun anasına başsağlığı vermələri, hüzr yerində iştirak etmələri, “xalqın seçdiyi nümayəndələrinin onların qayğısına qalmalarını” xüsusi qeyd etmələri, bu məsələdən bəzilərinin siyasi məqsədləri üçün istifadə etmələrini qabartmaları məndə ikrah hissi oyatdı. Heç olmasa burada bir neçə dəqiqəlik səmimi olaydılar, orduda baş verən korrupsiydan, əsgərləri bit birənin basmasından, bəzi h/hissələrdə kazarmaların komandirlər tərəfindən əsgərlərdən yığılan pullar hesanına təmir olunmasından və onlarla digər qanun pozuntularından danışaydılar. Bunların yığışıb danışmalarının arxasında ictimai qınaqdan qorxu hissi dururdu və bizlər bundan istifadə edərək bunları hər qanun pozuntusuna cavab verməyə çağırmalıyıq.
P.S. İki oğlum əsgərlikdə qulluq etdiklərindən orada baş verənlərdən yaxşı xəbərdaram. Bu ilin yayında Beyləqanda xidmət edən qardaşım oğlu orduda olan antisanitariyadan az qala dünyasını dəyişəckdi. Mənim müdaxiləmdən sonra 1 aydan çox Bakıda hərbi hospitalda yatdı”.