İlham Əliyev kimin yanında yer alacaq?
Elşad Abdullayevin yaydığı qalmaqallı videolardan sonra Paşayevlər klanı ilə Mehdiyev qruplaşması arasında savaş bir az da gərginləşib. Görünən odur ki, savaş hələ uzun müddət davam edəcək. Ta ki, ölkənin birinci adamı öz seçimini edənə qədər. Hər iki klanın hakimiyyətdə möhkəm dayaqları və güclü komandası var. Bu halda seçimin niyə bu qədər uzandığı da təbii qarşılanmalıdır. Lakin istənilən halda Ilham Əliyev prosesə müdaxilə üçün seçimini etməli və kimin yanında yer alacağını müəyyənləşdirməlidir.
“Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal Ismayıloğlu hesab edir ki, Ilham Əliyev seçkiyə və ya ən azından qruplar arasındakı savaş məntiqi sonluqla nəticələnməyənə qədər seçim etməyəcək: “Mehdiyev qruplaşması hazırda həqiqətən də ağır durumdadır. Baxmayaraq ki, bu qruplaşmada böyük çəkiyə malik olan məmurlar, YAP rəhbərliyində, Prezident Administrasiyasında təmsil olunanlar var. Yəni əhatə dairələri xeyli genişdir. Amma son hadisələr onları elə vəziyyətə salıb ki, mərkəzdənqaçma meylləri güclənib. Mehdiyevin yanında yer alanların qayğısı odur ki, necə etsinlər, onunla birlikdə batmasınlar. Üzərlərinə böyük bir kölgə düşüb və onun altından qaçmağa gücləri yoxdur. Istənilən halda bu adamın nüfuzuna böyük zərbə dəyib. Paşayevlər klanına gəlincə, onlar da var gücləri ilə hücuma keçiblər. Sevinc Babayeva olayında bir tərəf onu Azərbaycandan qaçırtdı, o biri tərəf də beynəlxalq axtarışa verdi. Bu insanın taleyini iki klan arasındakı savaş həll etdi. Ilham Əliyev sona qədər heç bir tərəfi tutmayacaq. Siyasətin qanunlarına uyğun olaraq tam iflasa uğramağı, məntiqi sonluğu gözləyəcək”.
M.Ismayıloğlunun fikrincə Mehdiyev amilini vacib edən mühüm bir səbəb də var: “Indiyə qədər bütün seçki saxtakarlıqlarının memarı Ramiz Mehdiyev olub. Belə olanda təbii olaraq sual yaranır ki, növbəti seçkini o olmadan saxtalaşdırmaq mümkün olacaqmı? Və ya ona alternativ tapa biləcəklərmi? Bu çox ciddi sualdır və onun üzərində də ciddi şəkildə düşünürlər”.