Ilham Əliyevin hakimiyyəti atasından təhvil aldığı, zor və zopa gücünə taxt-taca yiyələndiyi 2003-cü ildən bəri Azərbaycan ordusunun 700-dək əsgərini itirdiyi açıqlandı dünən.
700 əsgər!
700 qaralan tale.
700 yarıda qırılan ömür…
700 sönən ocaq.
700 solan çiçək.
Əvəzində işğaldan qurtarılan 7 millimetr torpaq
varmı?
Yox.
Elə isə soruşmağa ayıèb olmasın, çiçəyi burnunda o 700 gənc nəyin uğruna öldülər? Nəyin uğruna, kimin uğruna həlak oldular?
Ona görəmi ki, bir ovuc adam rahat-rahat sümürsünlər bu millətin malını.
Ona görəmi ki, bir ovuc adam daha lüks həyat yaşasın, daha da zənginləşsin, özlərinə, övladlarına bahalı mülklər alsınlar, ofşor zonalada şirkətlər yaradıb büdcənin altından girərək üstündən çıxsınlar?
Ona görəmi ki, millətin verməli olduğu mandat üzərindən belə bazarlıqlar edilsin?
Ona görəmi ki, oliqarx balaları hansısa məşhurla bir gecəlik əyləncəyə milyonlar xərcləsin?
Ona görəmi ki, millətin balaları yatağa ac girərkən bir ovuc adam xalqın 48 milyard manatını oğurluq yolla məmləkətdən çıxarması xəbərləri dünya qəzetlərinin səhifələrini bəzəsin, internet sitələrində feodalizm tör-töküntülərinin
yağmaçılıqla, quldurluqla yığdıqları sərvətlər hesabına qurduqları eyş-işrət məclislərinin videoçarxları fırlansın?
Bunları da qoyduq bir qırağa.
O 700 gəncin içində bu ölkənin yer altında və yer üstündəki bütün sərvətlərinə sahiblənmiş bircə məmurunun övladı varmı?
O 700 gəncin içində bircə dənə də olsa “papanın gül balası” varmı?
O 700 gəncin neçəsi gözqamaşdıran, komfortlu bir həyatda böyüdülər, yağ içində böyrək kimi bəsləndilər, uşaqlıqları zənginlik, qayğısızlıq içində keçdi?
***
Dünən 3 ayın əsgəri, 18 yaşlı Ceyhunun döyülərək öldürüldüyünün isbatı olan şəkilləri yayıldı internetdə.
Bütün bədəni qansızca, amansızca, vəhşicə işgəncənin izləri ilə örtülü idi.
Bu cür işgəncənin qurbanı olan neçənci əsgərimizdir o, bilən varmı? Yoxdur. Amma sonuncu olmadığını hamımız bilirik.
Çünki təbiətin qanunudur: bir meşə yanarkən, o meşədəki bütün canlılar yanar. O yanğın əl-ələ verilib söndürülməzsə, hər kəsdən geriyə bir ovuc kül qalar, sadəcə. Bu gün Ceyhunun qətlini sorğulamayan bir ölkədə hər kəs sabah eyni acını, eyni vəhşəti özünün, öz oğlunun, öz qardaşının, öz sevgilisinin yaşayacağını anlamalıdır.
Bir toplum hesab istəməyi, sorğulamağı həyat tərzinə çevirməzsə…
Bir toplum etiraz etməyi, ayaqlanmağı, yumruğunu düyünləməyi öyrənməzsə…
Bir toplum “mənə dəyməyən ilanı min yaşasın”, “məndən uzaq olsun, istəyir Misirə sultan” olsun düşüncəsindən vaz keçməzsə…
Bir toplum onun iradəsi üstünə iradə qoyanlara, onun haqqını, hüququnu heçə sayanlara, onu qapısının qulu kimi görənlərə yerini göstərməzsə, bu ölkədə hələ çox Ceyhunların canı yanar. Hələ çox Ceyhunların bir heç uğruna taleyi qaralar, ocağı sönər. Hələ çox evə atəş düşər. Hələ çox ürəklər dağlanar, hələ çox ahlar yüksələr.
***
Nə başınızı ağrıdım, 18 yaşlı Ceyhunun bədənindəki hər işgəncə izində, hər qanlı yarada bizim də payımız var.
Bizim susqunluğumuzun, təpkisizliyimizin, barışqanlığımızın da payı var.
Bu gün yaxasından yapışılacaq, o vəhşicə qətlə görə hesab istəniləcək yalnız Ali Baş Komandan sandığınız adamdır, nə müdafiə naziri bildiyiniz adam.
Bu gün hər vicdan sahibi, hər ürək və ağıl sahibi öncə özündən soruşacaq:
Mən Ceyhunun, Ceyhunların bu acı aqibəti yaşamaması üçün nə etdim?
Mən bu ölkənin hər kəsin insanca yaşaya bildiyi, hər kəsin özündən, özgələrindən əmincə yaşaya bildiyi…
Insan həyatının bu qədər ucuz olmadığı…
Kimsənin bir başqasının haqqını yemədiyi…
Kimsənin başqasının canı və malı bahasına zənginliyə, xoşəxtliyə qovuşmadığı…
Hüququn, milli iradənin hər şeyin üstündə dayandığı…
Ədalətin hər kəs üçün bərabər paylandığı…
Yalanın, yaltaqlığın, riyakarlığın həyat tərzinə
çevrilmədiyi…
Bir millətin haqqının bir ailənin itib-tükənməyən sərvət, hakimiyyət ehtirasına qurban edilmədiyi bir ölkə olması üçün nə etdim?
Nə zamanadək ki, bu ölkədə hər kəs özünə bu sualı
verməyəcək…
Hər kəs də bu sualın özü üçün cavabını tapmayacaq, o vaxtadək hələ çox Ceyhunların canı yanacaq.
Növbəti Ceyhunun kim olduğunu bilmədən: mənim oğlummu, sənin qardaşınmı, bir başqasının sevgilisimi?!..

Mən necə Ceyhunun qatili oldum?
•
•