Ölkə üstüörtülü çaxnaşma içindədir. Xalq dəyişiklik gözləyir. Yalnız gözləmir, eləcə də istəyir. Ancaq bu istək hələlik passiv xarakter daşıyır. Onun aktiv fazaya keçməyinə elə də çox qalmayıb. PA-nın ünlü sözçüsü Əli Həsənov Ilham Əliyevdən ən azı kosmetik dəyişiklik gözləyən xalqın gözləntisini alt-üst edən çıxışda bulunub. Onun “Mediaforum” saytındakı çıxışı dəyişiklik gözləntilərini belə bir darmadağınla başlayır: “Hakimiyət komandası sabitdir, prezident Ilham Əliyev ölkəni 10 ildir bu komanda ilə idarə edir və bu komanda ilə ölkənin dinamik inkişafına nail olub. Ona görə də 2013-cü ildə hakimiyət daxilində hər hansı dəyişiklik gözləmək əbəsdir. Ötən ilin yekunu olaraq bütün dövlət proqramları, islahatlar həyata keçirilib”.
Belədirsə, onda, doğrudan da, komanda dəyişikliyinə gərək yoxdur. Ancaq… belə deyil. Bunlar hamısı yalandır: “10 illik dinamik inkişaf” da, “həyata keçirilən dövlət proqramları” da, “islahatlar” da. Bu “sabit” komandanın nə komandası olduğunu bilmək üçün hüquq professoru Elşad Abdullayevin çoxsaylı videomateriallarından bir neçəsinə baxmaq yetər. Çox yaxşı düşünülmüş, taktiki ustalıqla ortaya çıxarılan bu videomateriallar əliyevçi siyasi sistemi, Ilham Əliyev komandasını bütün çılpaqlığı ilə açıb ortaya qoyur. E.Abdullayevin indiyədək yaydığı videomateriallar bütün parametrlər üzrə hakimiyətin kriminal xarakter daşıdığını göstərir.
R.Mehdiyevin çoxdankı əlaltısı olaraq tanınan bir sıra kimsələr sözügedən videomaterialları qəzetlərində iki klanın – Paşayevlərlə Mehdiyevin hakimiyət-post savaşı kimi sunmağa çalışırlar. Onlar aldıqları göstərişə uyğun olaraq, uydurduqları yalana xalqı inandırmaq üçün daha bir yalana əl atırlar: görürsünüz, E.Abdullayev heç yerdə I.Əliyevin adını çəkmir. Bu isə ağ yalandır. E.Abdullayev qardaşının oğurlanması faktı ilə bağlı R.Mehdiyevə 147, prezidentlə xanımına 230 məktub yolladığını, heç bir reaksiya olmadığını bildirir. Prezidentlə bağlı bundan böyük suçlama ola bilərmi?! Bircə elə bu fakt ölkənin yalnız bugünü deyil, gələcəyi üçün də qorxulu bir siyasi komandanın varlığını ortaya qoymurmu?! Axı, burada hansısa xırda bir dördayaqlının oğurlanıb-itirilməsi söz qonusu deyil. Oğurlanıb-itirilən MTN mayorudur! Onu axtarmaq qardaşdan-qohumdan artıq zabiti-qulluqçusu olduğu dövlətin-hakimiyətin, eləcə də o hakimiyəti oluşduran komandanın borcudur. Ancaq… faktlardan göründüyü kimi, komanda da, komandan da özünü… YOX yerində göstərir! Bu isə hakimiyət-dövlət böhranı deməkdir!
DIN generalı oğurlanmış qardaşı qaytarmaq üçün 10 milyon manat istəyir. Rejimin ideoloqu, administrator-filosof qardaşın – oğurlanmış MTN mayorunun – qaytarılması üçün ortaya 10 milyonluq bir iş atır, üstəlik, E.Abdullayevin universitetini ələ keçirməyə, dövlətin-komandanın gücündən yararlanaraq onun biznesini mənimsəməyə çalışır – Zülfüqarlı qardaşlarının, eləcə də qorxudan hələ səsi çıxmayan bir çoxlarının başına gətirilən kimi. Dəyişməz, SABIT komanda! Belə bir komanda ölkəyə hansı DINAMIK “inkişaf” qazandıra bilər? 2011-12-ci illərdə Bakıdan Şirvana gedən yol boyunca o üz-bu üz yüz kilometrlik daş çəpər çəkdilər. Indi, 2013-ün başlanğıcında, ötən iki ildə tikdiklərini söküb, yekə-yekə qapılar açırlar. Buna oxşar, quldurcasına, plansız-PROQRAMSIZ tikinti işləri bütün ölkə boyu aparılır. Bakının ortasında böyük-böyük binaları qabaqca milyonlarla manata təmir eləyir, sonra da buldozerə verirlər. Burada bir istək var: pulu hər yerə səpələmək, ancaq xalqın varlanmasına yol verməmək! Bu bir komanda oyunudur – dəyişməz, SABIT komanda oyunu!!
Dünya Bankı Azərbaycanın arxadakı 10 ilini “itirilmiş qızıl illər”, bunlar o illəri “dinamik inkişaf” illəri adlandırırlar: xalq üçün itirilən illər bunlar üçün qazanılan illər deməkdir!

İlham Əliyevin sabit komandası
•