sevincbabayeva-son

Sevinc Babayevanın evi əlindən niyə alınıb?

sevincbabayeva-sonOnun yaşadığı bina Novruz Məmmədovun imiş

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videoqalmaqalda adı hallanan mərhum Sevinc Babayevanın Bülbül Prospekti 7, mənzil 5-dəki (Sahil Metrosunun üstü) evi binanın sahibi tərəfindən geri alınıb. Məlumatda bildirilir ki, evin boşaldılması Sevinc Babayevanın ölümündən bir ay əvvəl reallaşdırılıb.
S.Babayevanın 6 il yaşadığı 3 otaqlı evin dəyəri 600 min manat olub. Evin alınması üçün 100 min manat qabaqcadan ödənilib. Aylıq isə bina sahibinə 10 min manatın veriləcəyi vəd edilib. Lakin sonradan Sevinc Babayeva bu qədər pulu verə bilmədiyinə görə bina sahibinə 2 min manat kirayə haqqı verəcəyini deyib. Son aylar videoqalmaqal ortaya çıxdıqdan sonra həmin məbləği də ödəyə bilməyib. Buna görə də S.Babayevanın ailəsi həmin mənzildən kənarlaşdırılıb.
Sevinc Babayevanın oğlu Ayxan Məmmədov məlumatı təsdiqləyib. A.Məmmədovun sözlərinə görə, ev üçün ödənilən xeyli pulu bina sahibi geri qaytarmayıb: “Anamın ölümündən 1 ay əvvəl binanın sahibi evdə olan əşyaları çıxardıb, bayıra atdı. Ona verdiyimiz xeyli məbləğdə pul da batdı”.

Binanın sahibi Natiq Zeynalov “Aznews.az”a məsələnin təfərrüatlarını açıqlayıb. Bildirib ki, Sevinc Babayeva ilə 2006-cı ildə rəfiqəsinə dükan icarəyə verən zaman tanış olub: “Həmin vaxt Sevinc Babayeva mənə dedi ki, binadan ev istəyir. Binada olan mənzillərin qiymətləri ilə onu tanış etdim. O bildirdi ki, Ədalət Şükürovda 200 min manatı və başqa şəxslərdə xeyli pulu var. Həmin pulları yığsa, evin pulu düzəlir. Amma o 2 il müddətində pul ödəmədi. Narazılığımı bildirəndən sonra 30 min manat ödədi. Daha sonra onun barəsində videoqalmaqal yayıldı. Mən də onun yaxınlarına – anasına, bacısına müraciət etdim. Dedim ki, bu pulları ödəyə bilməyəcəksiniz. Ona görə də evi boşaltsaz yaxşı olar. Yaxınlarının iştirakı ilə ev boşaldıldı. Məsələni sülh yolu ilə həll etdiyimə görə, Sevinc Türkiyədən mənə zəng edib, təşəkkürünü bildirdi. Əslində, onların mənə borcları var. O, 6 il müddətində mənə cəmi 30 min manat pul verib. Bir də 5 ay 2000 manatdan kirayə haqqı verib, vəssalam. Aramızdakı münasibətə görə, həmişə səbr eləmişəm, yəqin bir az sonra məsələni yola qoyacağını düşünmüşəm. Amma təəssüf ki, belə olmadı. Mən bu altı ilin kirayə haqqını hesablasam onun mənə görün nə qədər borcu olar. Məlumat üçün bildirim ki, həmin mənzili mən artıq kirayəyə vermişəm, 2650 manata”.

Əslində isə mərhum Sevinc Babayevanın mənzil aldığı bina Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədova məxsusdur. Hələ sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin məhkəməsində bu fakt ictimaiyyətə bəlli olub. O zaman sabiq iqtisadi inkişaf naziri həmin binanın Novruz Məmmədova məxsus olduğunu bəyan etmişdi.