Rafiq Tağının qətlində kimlərin əli var?

Eynulla Fətullayev yazıçının qətlini yüksək və nüfuzlu qüvvələrlə bağlayır

“Mediaforum” saytına açıqlamasında yazıçı Rafiq Tağının həyat yoldaşı Mailə Tağı bu ölümdə dövlətin əlinin olduğunu bildirib. M.Tağı yazıçının qatilinin tapılacağına ümidinin az olduğunu da qeyd edib: “Rafiqin qatilinin tapılmasını istəmirlər. Çünki bu işdə dövlətin əli var. Yoxsa çoxdan tapardılar”.
Sözügedən açıqlamanın nə dərəcədə əsaslı olması barədə sual ünvanladığımız hüquq-müdafiəçisi Eynulla Fətullayev söyləyir ki, bu iş üzrə ictimai tədqiqatın rəhbəri kimi, rəsmi istintaq üzərində bir neçə ay ictimai nəzarəti həyata keçirib: “Istintaq orqanları, xüsusilə də Baş Prokurorluq Rafiq Tağının qətlinin açılması üçün heç nə etmədilər. Açığı, bu qətli açmaq üçün kifayət qədər dəlil-sübutlar mövcud idi. Mən Azərbaycan əməliyyat-istintaq orqanlarının peşəkarlığını xüsusi olaraq vurğulamaq istəyirəm. Istəyəndə, siyasi iradə olanda və ciddi nəzarət həyata keçiriləndə, istər-istəməz hər bir cinayətin üstünü aça bilirlər. O ki qaldı tanınmış jurnalist-yazıçının şəhərin mərkəzində, tam kamera nəzarətində olan Bakıda 29 kameranın müşahidəsi altında nümayişkaranə qətli ola. Qatillər o qədər iz buraxıb ki, bunu açmamaq sadəcə, mümkün deyildi. Biz o zaman məsələni çox sərt, konkret şəkildə ortaya qoyduq”. E.Fətullayev vurğulayır ki, sabah siyasi iradə olarsa, R.Tağının, E.Hüseynovun, R.Rzayevin və digər bu tipli qətllərlə bağlı işlər qısa müddət ərzində açılaraq cinayətkarları mühakimə edə bilərlər: “Rafiq Tağının,  yaralansa da, sağ qalaraq xəstəxanada ikinci qətli sübut edir ki, bu məsələni yüksək və nüfuzlu qüvvələr himayə edirdi”.

Nigar