İP-də təhqiqat komissiyası yaradıldı

Elşad Abdullayevin videoları və müəmmalı ölüm faktı araşdırılacaq

Yanvarın 9-da İctimai Palatanın Koordinasiya Şurasının (KŞ) 2013-cü ildəki ilk iclası keçirilib. KŞ-nin iclasına yeni dönəm sədri Zəfər Quliyev rəhbərlik edib. Zəfər Quliyevin verdiyi məlumata görə, iclasın gündəliyində üç məsələ olub. Birinci məsələ ənənəvi olaraq, qərarların icrası ilə bağlı müzakirə. İkinci məsələ ictimai-siyasi vəziyyət və İP-in vəzifələri. Üçüncü isə cari məsələlər olub.
Birinci məsələ ilə bağlı İP-in 5 yanvar sessiyasının nəticələri müzakirə olunub. KŞ-da ümumi rəy belə olub ki, sessiya səmərəli keçib. Bu sessiya İP-in seçki ilində potensialının kifayət qədər olduğunu ortaya çıxarıb.
Sessiyanın nəticələri ilə bağlı KŞ-da bir neçə qərarlar da qəbul olunub. Sessiyanın tövsiyəsinə uyğun olaraq İP-də xüsusi ictimai təhqiqat komissiyasının yaradılması barədə qərar qəbul edilib. Komissiyanın tərkibi və sədrinin kim olacağı KŞ-nın 16 yanvar iclasında müəyyən olunacaq. Eyni zamanda qərar verilib ki, yanvarın 17-də saat 12-də Elşad Abdullayevin videoları və Sevinc Babayevanın müəmmalı ölümü ilə bağlı ictimai dinləmə keçirilsin. Bu dinləmələrdən sonra ictimai komissiyanın tərkibi və sədri elan olunacaq.
Z.Quliyevin dediyinə görə, ikinci məsələnin müzakirəsində qərar qəbul olunub ki, İP-in fəaliyyət proqramının konturları ilə bağlı KŞ-nın növbəti iclasında xüsusi müzakirə aparılsın. Koordinasiya Şurası 2013-cü illə bağlı fəaliyyət proqramını qəbul edəcək.
KŞ Əbülfəz Elçibəyin anadan olmasının 75 illiyi ilə bağlı xüsusi tədbirlər proqramının hazırlanması haqqında da qərar qəbul edib. Proqram yaxın günlərdə hazırlanıb müzakirə ediləcək.
KŞ 20 yanvar faciəsinin 23-cü ildönümü münasibətilə İctimai Palatanın yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət etməsi barədə qərar verib.
KŞ İslam Partiyasının həbsdə olan sədri Hacı Mövsüm Səmədovun səhhətinin pisləşməsindən narahatlığını bildirib və onun azadlığa buraxılmasını tələb edib.
Eyni zamanda Naxçıvan ziyalılarının son toplantısından sonra mətbuatda və sosial şəbəkələrdə onlara qarşı aparılan çirkin kampaniya KŞ tərəfindən pislənib.

musavat.com