Keçmiş deputat məşhur videolardan danışdı

Gültəkin Hacıbəyli: “Elşad Abdullayev Azərbaycan həqiqətlərinə işıq saldı”

“Bu ölkədə adı ən ağır korrupsiya cinayətlərində hallanan məmur korrupsiya ilə mübarizəyə rəhbərlik edir”

“Elşad Abdullayev məşhur videoyayımları ilə Azərbaycan həqiqətlərinə işıq saldı. Faktiki olaraq, qanunverici və məhkəmə hakimiyyətləri öz səlahiyətli nümayəndələrinin dili ilə öz mahiyyətlərini bütün çılpaqlığı ilə ortaya qoydu. Hətta, rüsvayçılıq sözü də baş verənlərin mahiyyəti, miqyasını tam anlamda ehtiva etməkdə acızdir. Nəticədə nə baş verdi? Heç nə. Çünki ölkədə  cəzasızlıq mühiti formalaşdırılıb. Azərbaycan məhkəmələrinin qəbul etdiyi qərarları artıq Afrika ölkələrində də qəbul etmirlər. Qocaman hakimin, məhkəmə sədrinin dili ilə bu qərarların siyasi sifariş əsasında qəbul edildiyi bir daha təsdiqləndi. Bu ölkədə adı ən ağır korrupsiya cinayətlərində hallanan məmur korrupsiya ilə mübarizəyə rəhbərlik edir. Bu parodoksdur”.
Bu sözləri “moderator.az” saytına Ziyalılar Forumunun üzvü, sabiq millət vəkili Gültəkin Hacıbəyli deyib.
Hacıbəyli ölkədə sosial ədalətsizliyin hökm sürdüyü, vəzifə cinayətlərinin baş verdiyi haqda danışaraq deyib ki, müəllimin, həkimin 150 manat maaş, təqaüdçünün 100 manat pensiya alması böyük ədalətsizlikdir.  Sahibkarların əmlakını qəsb etmək məqsədilə onların özlərinin, qardaşlarının, digər ailə üzvlərinin oğurlanması, təhdid edilməsi, həyatları müqabilində əmlakdan imtinaya məcbur edilməsi və bu məqsədə çatmaq üçün polis, prokurorluq və məhkəmə orqanlarını alətə çevirmək isə nəinki ədalətsizlik, artıq cinayətdir.

“Ziyalılar Forumu seçklərdə öz namizədini irəli sürməyəcək”

G.Hacıbəyli təmsil olunduğu Ziyalılar Forumunun missiyası, qarşısında duran hədəflər və qarşıdan gələn seçkilərə münasibəti barədə də danışıb:
“Ziyalılar Forumu öncədən bəyan edildiyi kimi siyasi təşkilat deyil. Siyasətlə birbaşa məşğul olmur və siyasi hədəfləri, məsələn, hakimiyyətə gəlmək istəyi yoxdur. Əks halda, biz bütün ziyalılara, hətta müxtəlif, bəzən rəqib siyasi partyaların üzvü olan ziyalılarımıza açıq Forum yox, siyasi partiya yaradardıq, proqram qəbul edərdik, liderimizi seçərdik. Göründüyü kimi biz tamamilə fərqli missiyanı həyata keçiririk. Biz hakimiyyət deyil, ədalət uğrunda mübarizə aparırıq.  Biz ölkədə azad, ədalətli, şəffaf seçkilərin həyata keçirilməsini təmin edəcək demokratik seçki mühiti uğrunda, həyatın bütün sahələrini əhatə edəcək sistem islahatları uğrunda mübarizə aparırıq.
Ziyalılar Forumu olaraq bizim missiyamız hər bir vətəndaşa layiqli yaşam haqqı tanıyacaq, hər kəsə öz potensialını reallaşdırmaq üçün ədalətli rəqabət mühiti yaradacaq, cəzasızlıq mühitini aradan götürəcək sistemin yaradılmasına yardımçı olmaqdır və biz öz missiyamıza sadiqik.
Biz Ziyalılar Forumunun heç bir toplantısında prezidentliyə namizəd məsələsini müzakirə etməmişik. Nə hörmətli Eldar müəllimlə (Eldar Namazov- red.), nə də digər namizədlərlə bağlı müzakirələrimiz olub. Forumun digər üzvlərinin də dəfələlə bəyan etdiyi kimi, Ziyalılar Forumu bir siyasi qüvvə kimi seçklərdə öz namizədini irəli sürməyəcək. Ancaq təbii ki, hər bir ziyalının konstitusion hüquqları sırasına seçmək və seçilmək hüququ da daxildir. Ziyalılar Forumu  kiməsə fərdi qaydada öz namizədliyini irəli sürməyi və ya kimisə dəstəkləməyi qadağan edə bilməz, eyni zamanda üzvlərini kiməsə səs verməyə məcbur edə bilməz.  Ziyalılar Forumu azad və ləyaqətli şəxsiyyətlərin ittifaqıdır. Bu Forumda təmsil olunan insanlar millətimizin ən işıqlı ziyalıları, dəyər daşıyıcılarıdır. Onların millətimizin ali maraqları naminə ən düzgün qərarları qəbul edəcəyinə şübhəm yoxdur.  Çünki biz dəyərlər uğrunda mübarizə aparırıq. O dəyərlər uğrunda kı, onların bərqərar olması hətta bu gün bizim üstümüzə çamur atanları da düşdükləri bataqlıqdan xilas edəcək, şərəfli və ləyaqətli həyata qovuşduracaq”.