Elnur Seyidovun işindən yenə şikayət verilib

“Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun işindən Bakı Apellyasiya Məhkəməsinə şikayət verilib. Vəkil Fəxrəddin Mehdiyev “Media forum” saytına deyib ki, Səbail Rayon Məhkəməsinin sonuncu qərarından apellyasiya şikayəti veriblər: “Elnur Seyidov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi üçün Səbail Rayon Məhkəməsinə müraciət etmişdik. Amma ötən il dekabrın 29-da məhkəmə vəsatəti təmin etmədi. Bu qərardan apellyasiya şikayəti vermişik. Tələbimiz Elnur Seyidovun azadlığa buraxılmasıdır”.

Apellyasiya şikayətinə yanvarın 11-də baxılacaq.