Cəhalət nazirinə bir neçə kəlmə

Bizim cəhalət naziri Misir Mərdanovun dünənki açıqlamalarından xəbəri olanlar varmı?
Xəbəri olmayanlara o açıqlamanı qısaca özətləyim. Mərdanov deyib ki, Finlandiya və bir neçə ölkəni çıxmaq şərti ilə müəllimlərin həyat səviyyəsi dünyanın hər yerində aşağıdır.
Bunlar yalan danışmağa bir başladılarmı, sonra tut görüm, tuta bilirsənsə.
Mərdanov da açıqlamasının sonrasında Kür kimi necə coşubsa (yeri gəlmişkən, nazirin kompüter istehsal edən şirkətinin adı da “Kür”dür), bənd-bərəni yıxıb, daha dəhşətli bir yalan icad edib. Sitat: “…Isveçrə kimi inkişaf etmiş ölkənin rəsmiləri Azərbaycan təhsilinin səviyyəsindən razı qaldıqlarının bildiriblər”.
***
Birinci yalandan başlayaq. Doğrudanmı, Finlandiya və başqa bir neçə ölkəni çıxmaqla dünyanın hər yerində müəllimlər bizdəki kimi acından ölür?
Bu suala qoy statistika cavab versin.
Azərbaycanda müəllimlərin illik əmək haqqı 5,316 dollardır. Yəni ayda 443 dollar, milli valyuta ilə də hardasa 300 manat. Hətta bunun özü də xeyli şişirdilmiş rəqəmdir. Lap şişirdilmiş olmasa belə, 300 manatla Azərbaycan reallığında bir ay yaşamaq yox, uzaqbaşı ölməmək olar, bunu da qeyd etmək artıq, hər kəs bilir onsuz da.
Indi də inkişaf etmiş Avropa ölkələrini qoyaq bir tərəfə, digər ölkələrə baxaq.
Peruda müəllimin illik maaşı – 7,991 dollardır. Paraqvayda – 8,349 dollar, Estoniyada 9,419 dollar, Tunisdə 14,011 dollar, Türkiyədə 15,963 dollardır.
Madam ki, Ilham Əliyev keçənlərdə artıq inkişaf etmiş ölkələrin də Azərbaycandakı inkişafa paxıllıq etdiyini dedi, izi hətta götürüb inkişaf etmiş ölkələrin önünə qoydu, al gəldi:
Inkişaf etmiş ölkələrdə müəllimlərin aylıq əmək haqqı 3 min dollardan az deyil.
Məsələn, Niderlandda onlar 5-5,5 min dollar, ABŞ-da isə 4-4,5 min dollar qazana bilirlər.
Yaponiya dünyada yeganə ölkədir ki, orta məktəb müəllimlərinin əmək haqqı yerli idarəetmə orqanlarında çalışan məmurların məvacibindən də yüksəkdir. Burada məktəb müəllimlərinin əmək haqqı ölkə üzrə orta aylıq əmək haqqından 2,4 dəfə yüksəkdir.
Cənubi Koreyada da müəllimlərin əmək haqqları iqtisadiyyat üzrə orta göstəricidən 2,5 dəfə çoxdur.
Mən bilmirəm, bu rəqəmlər Misir Mərdanovun və onun təmsil olunduğu hakimiyyətdə kimlərinsə üzünü qızardacaq, vicdanını sızladacaqmı, amma heç olmasa, artıq bunu sırğa edib qulaqlarından assınlar: biz 60-70-ci illərin Azərbaycanında yaşamırıq, informasiya, bilgi çağında yaşayırıq, indi dünya həqiqətlərini təhrif etmək, onları izdən gizətmək mümkün deyil.
Bir yalan söylədinmi, anında həqiqəti adamın sifətinə çırparlar.
Bu qədər sadə.
Ikinci yalan haqqında
Cəhalət naziri deyir ki, “Isveçrə kimi inkişaf etmiş ölkənin rəsmiləri Azərbaycan təhsilinin səviyyəsindən razı qaldıqlarının bildiriblər”.
Soruşmağa haqqınız var: Hardan bilirsən yalan olduğunu, bəlkə Isveçrə rəsmiləri doğrudan da deyiblər?
Elə isə hardan bildiyimi deyim. Ölkəyə gələnlərə Bakının mərkəzini göstərib, ölkədəki “analoqsuz inişaf” təəssüratı yaratmaqla məşğul olan bir zehniyyətin Isveçrədən təşrif buyuran hansısa qonağa da bir neçə gözəgəlimli məktəb göstərib, təhsilin səviyyəsinin fontan vurduğuna dair qənaət yaratdıqlarına heç bir şübhəm yoxdur. Hansısa isveçrəli qonaq da bir-iki günlük səfərində ölkədə məktəb olduğunu, amma o məktəbbin içində təhsil olmadığını hardan bilsin?
Isveçrə dürüst ölkədir, həqiqətin qutsal olduğu ölkədir, ordan gələn birinin ağlına hardan gələ bilər ki, yalan, hiylə bu ölkəni idarə edənlərin həyat tərzidir, idarəetmə normasıdır. Bunlar deyirlər, bütün məktəblərimiz belədir, məktəblərdə verilən təhsil isə o məktəblərin özündən də parlaq, gözəgəlimlidir, o yazıqlar da inanır, “səd afərin!” deyib çıxıb gedirlər.
***
Hardasa bir il əvvəl idi. Xəbər yayıldı ki, Isveçrə alimləri “CleanSpace One” sistemli cihaz hazırlayırlar, o cihazla da kosmosu zibillərdən təmizləyəcəklər.
Görürsünüzmü, həm gəlib bizdə təhsilin səviyyəsinin yüksək olduğuna dair məmurlarımızın qulaqlarına pıçıldadıqları yalanlara inanacaq qədər sadəlövh, həm də kosmosu zibildən təmizləmək üçün cihaz hazırlayacaq qədər zəkalıdırlar.
Oysa bizimlə bağlı həqiqətləri bilsələr, zibili təmizləmək üçün o qədər uzağı seçməzdilər.