Məndən dəfələrlə soruşublar ki, niyə bizim TV-lər ailə mövzusuna bu qədər dərindən köklənib. Hansı kanalı açırsan, səhər, günorta, axşam orada ailə dramaları haqqında verilişlər gedir. Mövzu da pis qayınanaların əməlləri, ər-arvad çəkişmələri, ata məsuliyyətsizlikləri, övlad dönüklüyüdür. Bəzən efirdəcə ailə üzvləri bir-birinin saçını yolurlar…
Bax mənə də bunu sual edirlər: niyə bu mövzular ekranı işğal edib?
Hər dəfə də mənim cavabım qısa olub: çünki ölkədə ailə hakimiyyətidir!
Birincisi, Əliyevlərin qurduğu bu ailə hakimiyyəti imkan vermir ki, başqa həqiqətlər efirə çıxsın. Televiziya kanalları isə həqiqəti yaymaq əvəzinə, onu malalamağa görəvləndirilib. Elə bu zaman da bu ailə mövzuları gündəmə gətirilir, qiymətə minir. Baş qatmaq üçün xeyli əlverişlidir, həm də xeyli dərəcədə maraqlıdır bədbəxt taleli bir toplumun əksəriyyəti üçün…
Axı hər halda günahkarlar da olmalıdır bu ölkədə. Kimlərsə mövcud gərginliyi səbəbkarı olmalıdır. Var belə adamlar – pis adamlar.
Hansı pis adamlar?
Pis qaynanalar, qayınatalar, ərlər, gəlinlər, övladlar!
Görürsünüz, bu ana necə bir əməlin sahibidir, insanlığa yaraşmayan addım atıb!
Görürsünüz, bu ata içir, evə pul gətirmir!
Bilirsiniz, hələ də nankor övladlar var!
Eşidirsiniz, bir ailənin üzvləri bir-biri haqda nələr deyir, bu yaraşarmı bizə?!
Baxın, belə pis adamların ucbatında bizdə ailələr dağılır, uşaqlar ata-anası böyüyür!
Baxın, biz bu cür yaramaz adamlarla biz bir cəmiyyətdə yaşayırıq!
Adamlar da baxırlar. Başlarını da bulayıb deyirlər ki, necə yaramaz adamlar var bizim ölkədə. Elə bununla da qalan yaramazlıqlar, qat-qat ağır dərdlər, qat-qat böyük problemlər atılır arxa plana, yaxud üstü pərdələnir. Guya kiminsə ailə dramının başqasına bir dəxli var. Guya bizim dərdimiz-sərimiz elə budur.
Ailələri bir-birinə vuran işsizlik, pulsuzluq, evsizlik, ailələrin üzləşdiyi çətinlik və pisliklərin səbəbləri məhz bu cür unutdurulur. Onun səbəbkarı isə, təbii ki, ölkəni idarə edənlər deyil, pis ailə üzvləri olur.
Evə pul gətirə bilməyən, işləməyən ərdən soruşan da olmur ki, ümumiyyətlə, iş tapa bilirsənmi.
Səviyyəsiz, savadsız, dar dünyagörüşlü aparıcılar da qonaqlara qoşulub deyir: Qadın ailənin çətinliyini çəkməyi bacarmalıdır. Bəs bu çətinliklərin kökündə nə durur? Inkişaf etmiş ölkədə də deyərlərmi ki, qaynana gəlinə yemək vermirmiş. Deməli, qədərincə yemək də yoxdur.
Bu adamlar anlamır ki, boşanmaq bəzən ailə üçün ən yaxşı haldır. Onlar dərk etmirlər ki, ailə mübahisələrinin ədalətli həll etməyin məkanı olan məhkəmələr ora müraciət edənlərə pis qayınanadan qat-qat pis üz göstərir…
Əliyevlərin qurduğu bir ailə hakimiyyəti elə bir durum yaradıb ki, ailə qurmaq da çətinləşib bu ölkədə, ailə saxlamaq da, hətta boşanmaq da. Ölkədəki ictimai-siyasi şərait də çox hallarda ailələrin dağılmasının və qovğasının səbəblərini yaradır. Amma bu heç kimin ağlına gəlmir. Normal ölkələrdə boşanma bizdəkindən də çoxdur, çünki orada boşanma azadlığı da var. Səbəblər isə bizdəkindən xeyli fərqlidir. Qadın boşanarsa, ac qalacağını, küçəyə atılacağını ağlına belə gətirmir. Orada ayrılmış valideynlərin övladları əksər hallarda bizdəki mehriban ata-analı ailələrin uşaqlarından daha çox təmin olunur, daha yaxşı güzəran sürür və daha yaxşı münasibətlərlə əhatə olunur.
Bizdə isə indi hər şey bir ailənin xoşbəxtliyi üçündür. Cəmi bir ailənin xoşbəxtliyi üçün. Bu ailənin ətrafındakıların xoş güzəranı da, qalanlarının həyatının zilləti və bədbəxtliyi də. Hətta ailə qovğalarının TV-ləri başına götürməsi də. Yoxsa ayrıca bir ailə davasında nə həqiqət ola bilər?!

Yalnız bir ailənin xoşbəxtliyi üçün
•