«Zülfüqarlı qardaşlarının əmlakını Ramiz Mehdiyev və Bəylər Əyyubov alıb»
«Baş verənləri görməmək, eşitməmək mümkün deyil»
Tanınmış vəkil Aslan Ismayılov iki müraciət yayıb. Onlardan biri ölkədəki son proseslərə, baş verən qanunsuzluqlara laqeyd münasibət bəsləyən vətəndaş cəmiyyəti nümayəndələrinədir. 2013-cü ilin Azərbaycan üçün həlledici olduğunu vurğulayan vəkil cəmiyyətin artıq seçim qarşısında qaldığını deyir: “Ya həqiqi hüquqi dövlət qurmalı, yaxud uçuruma gedən dövlətçiliyin süqutunu seyr etməliyik. Çünki ötən il Azərbaycanda hakimiyyət qollarının qeyri-qanuni olduğu sübuta yetirildi. Bir az diqqətli təhlil isə tək hakimiyyət qolları deyil, vətəndaş cəmiyyətinin tərkib hissəsi olan hər şeyin saxta olduğunu göstərir”.
Vəkil insan hüquqlarını müdafiə etməli olan şəxslərə üz tutur: “Rəna Nəsibovanın qətlində, Sevinc Babayevanın müəmmalı ölümündə susmağınız Sizi incitmirmi Insan Hüquqları üzrə Müvəkkil, yaxud Ombudsman Elmira xanım Süleymanova, Parlamentin Insan Haqları komissiyasının sədri Rəbiyyət xanım Aslanova? Azərbaycanda qadınlara qarşı zorakılığa həsr olunmuş neçə-neçə konfranslarda olan alovlu çıxışınızın hansını Rəna Nəsibovanın qətlinə, yaxud Sevinc Babayevanın ölümünə həsr etdiniz? Axı baş verənləri görməmək, eşitməmək mümkün deyil”.
Deputatları icazəli qəhrəman adlandıran vəkil siyasi partiya liderlərinin, funksionerlərinin, QHT təmsilçilərinin, ictimai fəalların susmağını qorxaqlıq, hakimiyyətə yarınmaq kimi qiymətləndirib: “Burada ”bu mənlik deyil”, “mən ziyalıyam siyasətlə məşğul olmuram”, “Məni siyasətə qatmayın”, “mən hüquqşünas deyiləm” və s. kimi ifadələr sadəcə cavab verməkdən qorxaqlığa görə qaçmaq fəndləridir, keçmişdə bir həvəskar güləşçi kimi özü də peşəkar deyil, çox sadə fəndlərdir”.
“Bu işlərin arxasında Ramiz Mehdiyev və Bəylər Əyyubov durur”
Aslan Ismayılov həmçinin ölkə başçısı Ilham Əliyevə də müracəit edib. Vəkilin bu addımı atmasına səbəb isə hüqularını müdafiə etdiyi Zülfüqarlı qardaşlarının üzləşdiyi problemlərdir.
Vəkil müraciətdə Zülfüqarlı qardaşlarına məxsus “Bakı Poladtökmə” və “Bakı Elektroştamp” ASC-lərin külli miqdarda əmlakının hədə-qorxu ilə tələb edilərək ələ keçirilməsi, müdafiəçisi olduğu şəxslərin isə məcbur olub ölkədən getməsi barədə bütün hüquq-mühafizə sistemini məlumatlandırsa da, bunun heç bir nəticə vermədiyini dövlət başçısının diqqətinə çatdırır. Vəkilin sözlərinə görə, əksinə hər bir müraciətdən sonra dövlət məmurlarının qanunsuz sifarişini yerinə yetirən cinayətkar şəxslər öz təhlükəli əməllərinin miqyasını genişləndirmiş, digər sahibkarların da əmlaklarına basqın etmişlər.
A.Ismayılov ölkə başçısının diqqətinə onu da çatırır ki, Zülfüqarlı qardaşları keçmiş prezident Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Respublikaya dönərək əllərində olan vəsaiti sərmayə kimi istehsal sahələrinə qoymuş, 2002-2003-cü illərdə “Bakı Elektroştamp” və “Bakı Poladtökmə” Zavodlarını investisiya müsabiqəsinin şərtlərini ikiqat yerinə yetirərək özəlləşdirmiş, gərgin ailəvi əmək və külli miqdarda sərmayə sayəsində 2005-ci ildən zavodları gəlirlə işlətməyə başlamışlar. Lakin zavodlar təzəcə gəlirlə işləməyə başlamışdır ki, N.Zülfüqarlı Dövlət Əmlak Komitəsinə çağırılmış və ondan sözügedən hər iki zavodun könüllü olaraq təhvil verilməsi tələb edilmişdir. Səbəb isə – bu biznesə yüksək vəzifəli dövlət məmurunun sahib olmaq istəyi göstərilmişdir. N.Zülfüqarlı zavodlara 10.000.000 ABŞ dolları məbləğində sərmayə qoyduğunu bildirdikdə, Zülfüqarlı qardaşları azadlıqdan məhrum olunacaqları ilə hədələnmiş və həqiqətən də bu baş vermişdir.
Vəkil müdafiə etdiyi şəxslərin əmlakının zorla əllərindən alındığını və yalnız bundan sonra həbsdən azad edildiyini, lakin bundan sonra onların qarşısında yeni şərtlərin qoyulduğunu da ölkə başçısının diqqətinə çatdırır. O bu prosesdə iştirak edən məmurların da adını I.Əliyevin diqqətinə çatdırır: “Hər ay zavodların fəaliyyətindən əldə olunan gəlirin 80 faizi Əmlak Komitəsinin sədri Kərəm Həsənova və onun müavini Rüstəm Şahbazova təhvil verilirdi. 2010-cu ildə Əmlak Komitəsi tərəfindən tapşırıq verilmişdir ki, ”Bakı Poladtökmə” zavodunda yeni istehsal xətti quraşdırılsın və istifadəyə verilsin. Bu tələbi də yerinə yetirərək Zülfüqarlı qardaşları 1ÿ000ÿ000 manat sərmayə qoyub həmin istehsal xəttini quraşdırmışlar. Bu xətt istifadəyə veriləcəyi halda zavodun istehsal gücü ikiqat artacaqdır. Lakin, 2010-cu ilin dekabr ayında həmin xəttin istifadəyə verildiyi gün, “BAKU STEEL COMPANY” şirkətinin direktoru Məmmədov Rasim Hikmət oğlu Zülfüqarlı qardaşlarının ofisinə gələrək qardaşların sahib olduğu 20% hissəni və zavodu ona təhvil verməyi, eyni zamanda ölkəni də tərk etməyi tələb etmişdir. Bunun yüksək vəzifəli dövlət məmurunun göstərişi olduğunu açıqlamış və razı olmadıqları təqdirdə Zülfüqarlı qardaşlarının təkrar azadlıqdan məhrum olunacağını bildirmişdir”.
Vəkil bundan sonra müdafiə etdiyi şəxslərə məxsus 18.000.000 AZN dəyərində əmlakı da zorla alıb mənimsənildiyini də xatırladır. Bütün bu qanunsuzluqlardan xəbəri olan yüksək vəzifəli dövlət məmurları Zülfüqarlı qardaşlarına susmağı tövsiyə etmiş, Zülfüqarlı qardaşları isə çarəsiz olduqlarını görüb, ölkəni tərk etmişlər.
Vəkil bu cür qanunsuzluqlar təkcə müdafiəçisi olduğu şəxslərə qarşı deyil, eləcə də digər sahibkarlara qarşı törədildiyini və bu işlərin arxasında Ramiz Mehdiyev və Bəylər Əyyubovun durduğunu da ölkə başçısının diqqətinə çatdırır.
Müraciətin sonunda A.Ismayılov ölkə başçısından yuxarıda qeyd olunan qanunsuzluqlarla bağlı öz münasibətini bildirməyi, Zülfüqarlı qardaşlarının pozulmuş hüquqlarının bərpa edilməsində köməklik göstərməyi xahiş edir.