Gülər Əhmədovanın rəfiqəsinin sənədləri hara yoxa çıxıb?
Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun təhlükəsizlik məsələləri ilə bağlı Milli Təhlükəsizlik Nazirliyi ciddi məşğul olur. Avropa.info-nun hüquq mühafizə-orqanlarındakı mənbədən aldığı məlumata görə, eks deputat Gülər Əhmədovanın rüşvət qalmaqalında adı vasitəçi kimi keçən, sonradan isə müəmmalı şəkildə dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun həyatına hər hansısa ciddi təhlükə yoxdur.
Mənbə bildirir ki, Ayxan Məmmədov MTN-in nəzarətindədir və o tək gəzsə belə xüsusi mühafizə hər zaman onu baş verə biləcək arzuolunmaz hadisələrdən qoruyur. Buna baxmayaraq Ayxan Məmmədova hara gedib-gəlməsi ilə bağlı xüsusi bir qadağa da yoxdur. Sadəcə A.Məmmədov hərəkət edəcəyi marşrut haqda öncədən onun mühafizəsi ilə məşğul olanlara məlumat verməlidir. Mənbə onu da qeyd edib ki, A. Məmmədov MTN tərəfindən mühafizə olunması heç də onun adı çəkilən qrum tərəfindən danışdırılması anlamına gəlməməlidir: “Sadəcə onu qoruyurlar ki, maraqlı qüvvələr tərəfindən bu gəncə hər hansısa xətər dəyməsin. Eyni zamanda söylədiyi ittihamlara kimsə təsir edə bilməsin”. Ayxan Məmmədovun anası Sevinc Babayevanın müəmmalı ölümündən sonra, eks-deputat Gülər Əhmədovanı ittiham edərək anasının onun tərəfindən zəhərləndiyini iddia etmişdi.
Avropa.info-nun yaydığı başqa bir məlumata görə, yaxın günlərdə Gülər Əhmədova həbs ediləcək. Məlumatda deyilir ki, bu günlərdə Baş Prokurluq Nəsimi rayon məhkəməsinin Gülər Əhmədova barəsində çıxardığı qəti imkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunması haqda vəsatət qaldıracaq.
Baş Prokurluq Gülər Əhmədovanın barəsində seçilmiş qəti imkan tədbiri, yəni onun ev dustağı kimi saxlanılmasıdan narazıdır. Baş Prokurorluqda Gülər Əhmədovanın həbs olunması üçün bütün hüquqi hazırlıqların aparıldığını deyən mənbə bildirib ki, bu qərar əslində onun ev dustağı edilməsi zamanı da düşünülübmüş.
Avropa.info-ya məlumat verən mənbə bildirib ki, Gülər Əhmədovanın “dostları”nın işə qarışmasından sonra həbs qətimkan tədbiri qəti imkan tədbiri ilə əvəz olunub.
“Sevinc Babayevanın cənazəsinin Azərbaycana göndərilməsi ilə bağlı sənədləşdirmə işləri xəstəxananın onun ölümünü təsdiqləyən arayışa və Azərbaycandan gəlmiş hüquq-mühafizə orqanları təmsilçilərinin gətirdikləri sənədə əsasən aparıldı”. Bunu isə BBC Azərbaycancaya müsahibəsində Azərbaycanın Istanbula baş konsulu Həsən Zeynalov bildirib.
O deyib ki, Sevinc Babayevanın ölümündən sonra yaşadığı evdə aparılmış axtarışlar zamanı onun şəxsiyyətini təsdiq edən sənədi aşkar etmək mümkün olmayıb. “Mərhumun üstündə də heç bir sənəd olmayıb”, baş konsul əlavə edib.
Sevinc Babayevanın oğlu Ayxan Məmmədov isə “Azadlıq”a müsahibəsində bildirmişdi ki, anası sentyabrın 25-də Türkiyəyə öz adına olan pasportla daxil olub. Lakin Türkiyədə Məryəm Solmaz adından istifadə edib. Onun sözlərinə görə bu adı anasına Gülər Əhmədovanın adamları verib. Ayxan Məmmədovun müsahibəsində həmçinin qeyd etmişdi ki, anası daim Gülər Əhmədovanın adamlarının nəzarətində olub. Onun dedikləri həqiqətdirsə, o zaman güman etmək olar ki, Sevinc Babayevanın sənədlərini də Gülər Əhmədovanın adamları itirib. Görünür, bu sabiq deputata Sevinc Babayevanın üzə çıxmaması, Azərbaycana qayıtmaması üçün lazım olub. Ayxan Məmmədov da bildirib ki, Gülər Əhmədova anasının üzə çıxmasını, Azərbaycana qayıtmasını istəmirmiş.