Naxçıvanda müxalifətçi ovu davam edir

İctimai Palatanın yığıncağında iştirak edənlər təhdid olunur

İctimai Palatanın Naxçıvan MR təşkilatının 30 dekabr tarixli yığıncağında iştirak edən IP üzvləri təhdid olunur. Yığıncaqdan sonra onların mobil və ev telefonlarına naməlum zənglər gəlir, özlərinə və ailə üzvlərinə psixoloji təzyiqlər edilir, təhqir olunurlar. Bu barədə məlumatı müxbirimizə təhdid olunan bir neçə şəxs bildirib.
“Mobil telefonuma bağlı nömrədən zəng gəldi. Zəng edən şəxs yığıncaq keçirdiyimiz üçün məni hədələdi. Dedi ki, səni evdən çıxararıq, başına gələnlərdən heç kimin xəbəri olmaz. Ağlını başına yığ” – AXCP Naxçıvan MR təşkilatının sədri Yaşar Bağırsoy deyib.
Partiya sədri əlavə olaraq deyib ki, ondan başqa yığıncaqda iştirak edən bütün nehrəmlilər, eləcə də digərləri təhdid olunublar. Hətta onların evlərinə zəng edərək ailə üzvlərini də hədələyiblər.
Yığıncaqda iştirak edən BAB Naxçıvan MR təşkilatının sədri Ilham Nərimanoğlu və ACP Naxçıvan MR təşkilatının sədri Nurəddin Bayramov da anaoloji halla qarşılaşdıqlarını bildiriblər.
“Zəng edib deyirdilər ki, Ictima Palatanın yığıncağında çox aktivlik edirsən. Özünü yığışdırmasan sənin üçün pis olacaq, başınıza oyun açarıq”- Ilham Nərimanoğlu deyib.