İlham Əliyevin yeni il yalanları

19 illik yalan hakimiyətinin 20-ci ili başladı. Yalanlarla. I.Əliyevin çıxışına inansaq, Azərbaycan bu gün dünyanın hər baxımdan ən qabaqcıl, ən yüksək yaşayışlı ölkəsidir. I.Əliyevin dediyinə görə, Azərbaycan dövləti çoxdan sosial dövlətə çevrilib. 
Sosial dövlət yurddaşların maddi-mənəvi gərəklərinin ödəndiyi, yaşam durumunun durmadan yaxşılaşdığı, sosial uyğunluğun gözləndiyi, hamının yaxşı təhsil aldığı, sağlamlığının qorunduğu, üstün sosial qulluq ortamının yaradıldığı dövlətdir. Bunların hansı Əliyevlər Azərbaycanında var? Ölkənin neft-qaz resursları, balıq-kürü sənayesi, qızıl-gümüş yataqları, pambıq zavodları, başlıca alış-veriş obyektləri… başqa cür desək, bütün başlıca gəlir qaynaqları bir Ailənin – Əliyevlər ailəsinin əlində ikən hansı sosial dövlətdən danışmaq olar? Tək Sumqayıtda Ailə Sənaye-Texnologiya Parkı adı altında 17 zavodu özəlləşdirib-birləşdirib, sonra da mandat satmaq yolu ilə formalaşdırdığı əlaltı parlamentdən yararlanaraq vergidən yayındırıb. Belə bir qanunsuzluq, özbaşınalıq olan yerdə hansı sosial dövlətdən danışmaq olar?
I.Əliyev 2012-ci ildəki “çox böyük nailiyətlərimizdən” danışır, onları bir-bir sadalayır, ancaq başlıca “nailiyəti” dilə gətirmir. Bu, Britaniya parlamentinə bağlı qurumun ortaya çıxardığı çox böyük “nailiyət” faktıdır: ata-oğul Əliyevlər ortaq hakimiyətləri dönəmində bircə offşor zonalara Azərbaycandan 48 milyard oğurluq pul çıxarıblar. 75 milyonluq Dubay mülkləri, London, Mayami, Moskva, Çexiya mülkləri… bütün bunlar doğrudan da çox böyük “nailiyətlərdir” – bir Ailə yağıcasına bütün Azərbaycanı yeyib-dağıtmağa girişib… xalqın vecinə deyil. Bu faktın özü də çox böyük “nailiyətlərdən” sayılmalıdır.
I.Əliyev ünvanlı sosial yardımlardan danışır. Doğrudan da indi Azərbaycanda ünvanlı sosial yardımlar geniş yayılıb. Di gəl, bu yardımlar bu başdan o başa gizli korrupsiya yardımlarına çevrilib. Bu yardımlar böyük rüşvət verməklə başa çıxan bir çoxları üçün başlıca yeyinti yerlərindən birinə çevrilib. Ünvanlı sosial yardım alacaq bir çoxlarına xırda görüm-baxım edilir (kiminə torpaq, kiminə obyekt yeri verməklə) başqalarına veriləcək kartlar bir əldə toplanır. Bütün rayonlarda belədir. Bunu hamı bilir, ancaq bütün gərəkən orqanlara pay çatdığından hamı susur. Sözsüz, bunu I.Əliyev də bilir.
I.Əliyev 2012-ci ildə 20 min Qarabağ qaçqınına mənzil verildiyini bildirir. On il atasının, bir çox illər də özünün “bu il sizi doğma yurd-yuvanıza qaytaracağıq” yalanlarından sonra çoxu çoxdan qırılmış Qarabağ qaçqınlarına indi Bakının girəcəyində – Müşfiq qəsəbəsində evlər tikilir, mənzillər verilir. Özü də “Azərbaycan ordusu Qafqazda ən böyük, ən güclü ordudur, bizim ordumuzun büdcəsi Ermənistanın büdcəsindən 50% artıqdır” deyə-deyə. Altı rayonu verib “atəşkəs” yaradandan sonra, “atəşkəs” sürəcində xalqımıza 10 min adamdan artıq itki qazandırandan sonra, “ən böyük, ən güclü, ən pullu ordu ilə” ermənilərin qabağından qaçıb bütün ümidləri yalançı, korrupsioner, erməniyanlı Minsk qrupuna bağlayandan sonra… belə çıxışların bir adı var – xalqı aldatmaq, ələ salmaq.
I.Əliyev ölkədə qanunçuluğun durumundan danışmalı idi. Ancaq danışmadı. Danışardı, danışmadı – Elşad Abdullayev qorxusundan. E.Abdullayev indiyədək yaydığı 5 video ilə bütün parametrlər üzrə əliyevçi hakimiyətin altını üstünə çevirib. Burada hakimiyətin bütün qollarının (qanunverici, icraedici, məhkəmə-hüquq) bütünlüklə kriminal xarakter daşıdığını, ölkəni uçuruma sürüklədiyini açıb ortaya qoyub. Bu kriminal siyasi sistemin ölkəni necə yolsuzluğa uğratdığını demək artıqdır. Bəlli olduğu kimi, E.Abdullayev videokompromatlarının başlıca fiqurantı rejimin baş ideoloqu adminstrator-filosof R.Mehdiyevdir. Ideoloquna bax, dövləti dəyərləndir!