Gülər Əhmədovanın həbsinə hazırlıq gedir?

Bir neçə gün qabaq sabiq deputat Gülər Əhmədovanın barəsində həbs  olmayan qətimkan tədbirinin seçildiyi, onun polis nəzarətinə verildiyi haqda məlumata yaymışdıq. Yanvarın 3-də isə G.Əhmədova mediaya açıqlamasında polis nəzarəti altında ev dustağı olduğunu etiraf etmişdi. O, Nəsimi Rayon Məhkəməsinin ev dustağı olması barədə qərar çıxardığını, hər gün evində olduğu barədə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına, sahə müvəkkilinə məlumat verdiyini də söyləmişdi.

Amma sonradan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun sabiq deputatı təkzib etmişdi: “Gülər Əhmədova ev dustağı deyil”. Sabiq deputatın özü də bundan sonra açıqlamasında ev dustağı edildiyi haqda dediklərində yanlışlıq olduğunu bildirmişdi.

“Yeni Müsavat” qəzeti isə bugünkü sayında adını açıqlamadığı mənbəyə istinadla G.Əhmədova barəsində qətimkan tədbirinin seçildiyini bildirib. Məlumata görə, bu tədbir Cinayət Prosessual Məcəllənin 169-cu maddəsinə əsasən seçilib. Bu maddə “Polisin nəzarəti altına vermə” adlanır və orada qeyd olunub ki, polisin nəzarəti altına vermə qətimkan tədbiri qismində bu maddədə müəyyən olunmuş hüquqi məhdudiyyətlərin şübhəli və ya təqsirləndirilən şəxsə tətbiqindən ibarətdir. Bundan başqa, polisin nəzarətində olan şübhəli və ya təqsirləndirilən şəxs təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin icazəsi olmadan başqa yerə gedə, habelə müvafiq yaşayış məntəqəsi hüdudlarında daimi yaşayış yerini və ya müvəqqəti olduğu yeri dəyişə bilməz. O, polisin müəyyən etdiyi cədvəl üzrə polis orqanına gəlməli və gəlişini qeyd etdirməlidir. Şübhəli və ya təqsirləndirilən şəxs davranışına nəzarəti həyata keçirmək üçün istənilən anda polis orqanına çağırıla bilər. Bu məqsədlə polisin müvafiq əməkdaşları şübhəli və ya təqsirləndirilən şəxsin iradəsinin əksinə olduqda da onun mənzilinə gəlməyə haqlıdırlar.

Maddəyə əsasən polisin nəzarəti altına vermə qismində qətimkan tədbirinin seçilməsi barədə cinayət prosesini həyata keçirən orqanın qərarı icra edilməsi üçün şübhəli və ya təqsirləndirilən şəxsin yaşayış yeri üzrə polis orqanına göndərilir. Polis orqanı göstərilən qərarı qəbul etdikdən sonra 24 saat müddətində şübhəli və ya təqsirləndirilən şəxsi çağırmalı, onu qeydiyyata almalı və nəzarətin tətbiqinə başlanması barədə cinayət prosesini həyata keçirən orqana məlumat verməlidir.

Xatırladaq ki, qətimkan tədbiri şübhəli və təqsirləndirilən şəxslər barəsində seçilir.

Qəzet yazır ki, CPM-in 178-ci maddəsinə əsasən isə G.Əhmədova həbs edilə bilər. “Məcburi gətirilmə” adlı bu maddəyə əsasən, məcburi gətirilmə şəxsin cinayət prosesi aparan orqana məcburi çatdırılmasından, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında onun iştirakının məcburi təmin edilməsindən ibarətdir. Yəni bu maddələrdən biri ilə G.Əhmədovanı ittiham edib, o biri ilə həbs etmək mümkündür.

Mənbə G.Əhmədovanın mart ayına qədər həbs ediləcəyini, hazırda onun həbsi üçün dəlillər toplandığını da deyib.