Bəziləri elə bilir ki, bu rejimi müdafiə etmək çox asandır.
Bir çoxları Ilham Əliyevi və onun böyür-başını müdafiə etməyi normal bir ölkədə hakimiyyəti müdafiə etməklə eyniləşdirirlər.
Halbuki heç nə bu ölkədə müxalifətçi olmaq qədər asan deyil. Heç nə bu ölkədə doğrunu söyləmək və yazmaq qədər asan deyil. Heç nə başqasının cibinə əl uzatmaq, başqasının cibindən oğurlamaq qədər asan deyil. Hər şey o qədər aydındır ki…
Hamı o qədər tanışdır ki…
Əlavə heç bir sözə ehtiyac yoxdur.
Kimin hansı bağın gülü olduğu…
Kimin hansı gülün bülbülü olduğu o qədər bəllidir ki, nə söyləsək boşunadır, nə söyləsək mifdir, nə söyləsək filfilodur.
Həqiqət o qədər güclüdür ki, onu heç bir mif yenə bilməz. Heç bir istedad, heç bir intellekt ondan üstün ola bilməz. Kimsə özünü ağıllı-zad göstərmək istəməsin. Az-çox ağılı olan hər kəs bilir ki:
– heydərçi olmaq – karyerist olmaq deməkdir;
– ilhamçı olmaq – komformist olmaq deməkdir;
– yaptokrat olmaq – yalançı olmaq, yaltaq olmaq deməkdir.
Bəzən bizə fərasətsiz deyirlər, fərsiz deyirlər. Guya Zəlimxan Yaqub-zad olmaq üçün insandan xüsusi bacarıq lazımdır. Guya Siyavuş olmaq üçün anadangəlmə bacarıqla doğulmaq lazımdır. Əlbəttə, bunlar hamısı boş söhbətlərdir. Ləyaqətdən, şərəfdən imtina etmək kifayətdir ki, bu ölkədə hansısa mövqenin, mərtəbənin sahibi olasan.
Amma biz o imtinanı bacarmadığımız üçün ögeyik bu ölkəyə.
Yadıq. Özgəyik. Biganəyik.
Məsələn, biri mən…
Mən bu ölkədə çox şeyin sahibi deyiləm. Yeri gəlsə, bu ölkə mənim üçün sevdiyim bir adamın bir doğma gülüşündən, bir isti öpüşündən ibarətdir.
Ancaq məni həmişə rahatladan bir şey var bu ölkədə:
mən sahib olduğum iki cocuğa haram bir tikə yedirtmədim. Onlar başqasından oğurlayan bir atanın övladları deyillər.
Bəzən çox arzuladıqları bir velosipedi almağı bacarmadım…
Bəzən çox istədikləri hansısa sevimli oyuncağı almağa gücüm yetmədi.
Amma həmişə içim rahat oldu. Həmişə rahat bir nəfəs aldım. Çünki…
Çünki hər zaman onların gözünə dik baxa bildim.
Çünki onların yediyi çörəkdə, udduğu nəfəsdə başqasının payı olmadı heç vaxt.
Nə Ilham Əliyev, nə hər hansı başqa yaptokrat bunun nə demək olduğunu anlamayacaq heç bir zaman. Onlar başqasının haqqına sahib olmadan, başqasının çörəyini çırpışdırmadan yaşamağın nə demək olduğunun fərqinə varmayacaqlar.
Mənim evimdə böyüyüən iki cocuq isə gün gələcək çox şeyə görə təəssüflənəcəklər, amma doğrunu oğruya…
Həqiqəti yalana…
Düzü əyriyə satmayan, həqiqəti yalana dəyişməyən bir insanın övladları olduqları üçün qürur duyacaqlar.
Mən onlara azad, ədalətli bir ölkə buraxmayacam bəlkə…
Amma biləcəklər ki, mən onlara belə bir ölkəni miras qoymaq üçün hər şeyi etdim.
Həyat da bundan ibarətdir zatən: doğru yaşamaqdan…
Doğruları yaşamaqdan…
Doğruları yaşatmaqdan.
Şəxsən mən çox xoşbəxtəm, çox məmnunam. Yalan danışmıram, yaltaqlanmıram, heç kimin köləsi deyiləm, kiminsə haqqını yemirəm, oğurlamıram, heç kimin yanında gözükölgəli deyiləm.
Varmı başqa mutluluq? Varmı başqa xoşbəxtlik?
Kimsə düşünə bilər ki, bunları yazmağa nə ehtiyac var? Kimsə bunları özündənrazılıq-zad hesab edə bilər.
Əsla! Qətiyyən!
Bir halda ki, oğrular millətdən oğruladıqlarını belə həyasızca nümayiş etdirir…
Bir halda ki, sırtıqlar, həyasızlar yetim malı yeyənləri belə utanmazcasına öyür…
Bir halda ki, talançılıqla, yalançılıqla, yaltaqlıqla, yağmaçılıqla yaşayanlar öz idbarlıqlarını, çirkinliklərini zərrəcə abır-həya eləmədən üzə vura bilirlər, elə isə biz niyə həqiqəti, doğrunu satmadan yaşadığımızı gizlətməliyik?
Niyə axı, niyə?!

Yaltaq olmamağın sevinci
•
•