Sevinc Babayevanın oğlu «Azadlıq»a yeni faktlar açıqladı

ayxanmemmedov-sevincin-oglu“Prokurorluq anamın Türkiyədə olduğunu bilirdi, onu İnterpolun axtarışına vermək yalandan idi”

Ayxan Məmmədov: «Gülər Əhmədovanın anamı zəhərləməsi faktdır»

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı rüşvət videosundan vasitəçi kimi tanıdığımız, sabiq deputat Gülər Əhmədovanın rəfiqəsi, Türkiyədə müəmmalı şəkildə dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov dünən “Azadlıq”ın redaksiyasında olub. Onunla söhbətimizi oxuculara təqdim edirik.

– Ayxan bəy, əvvəlcə ananınızın Türkiyə necə getməsi barədə danışaq. O, Azərbaycanı nə vaxt və necə tərk edib? Bu işdə kimlər ona yardımçı olub?
– Anam sentyabr ayının 25-də Türkiyəyə gedib. Bu işdə ona Gülər Əhmədova yardım edib. Həmin gün anam gecə mənə zəng etdi ki, gəl “Dom Sovetə, Gülərin yanındayam, dedim ki, ana, gəl evə, evdə söhbət edək. Gəldi, dedi ki, bəs nə edim, Gülər mənə deyir sən get, söhbət sakitləşsin, sonra gələrsən. Sonra da anama deyirdi ki, narahat olma, hər şey yaxşı olacaq, Ramiz Mehdiyevlə danışmışam, hər şey düzələcək. Mənə də o sözləri dəfələrlə deyib. Hər gün mən onu yığırdım, deyirdim ki, sən necə olur oturmusan evində, balalarının yanında, mənim anam isə yad bir yerdə. Anam ölkəni tərk edəndə hələ Elşad Abdullayev məlum videoları yaymamışdı. Amma Gülər bilirdi ki, bu videolar yayılacaq.

– Amma Elşad Abdullayev məlum videoları yayandan sonra ananızın başqa bir videosu yayıldı. Həmin video vəkillərdən birinin ofisində çəkilib və ananız orada Elşad Abdullayevin qanunsuz əməllərindən danışır. Belə çıxır ki, bu video əvvəlcədən hazırlanıb?
– Bəli. Həmin video Elşad Abdullayevin videolarından əvvəl hazırlanıb. Bu Gülər Əhmədovanın planı idi. Əvvəlcədən hazırlıq görmüşdü. Gülər Əhmədova sadəcə bu məsələdə anamdan istifadə edirdi. Mənim anam sentyabrın 25-də gecə saat 4-də ölkəni tərk edib. Elşad Abdullayev isə bu videoları həmin gün səhər saatlarında yayıb. Gülər Əhmədova bilirdi ki, Elşad Abdullayev bu videoları yayacaq. Ona görə də ona qarşı video hazırlamışdı. Bu işdə də anamdan da istifadə etmişdi.

– Ananız Türkiyədə olanda onunla əlaqə saxlamışdınızmı?
– Bəli. Yanına da getmişdim. Noyabrın 10-da xalamla Istanbula anamın yanına getdim. Gördüm ki, vəziyyəti yaxşı deyil. Bir neçə gündən sonra geri qayıtdım. Düşünürdüm ki, maşınımı satım anamı gətirim. Əvvəlcə prokurorluğa getdim və orada bildirdim ki, anamı gətirmək istəyirəm. Dedilər heç bir problem yoxdur, get gətir.

– Prokurorluq ananızın Türkiyədə olduğunu bilirdimi?
– Əlbəttə bilirdilər.      

– Amma ölümündən bir-neçə gün əvvəl ananız Interpolun axtarışına verilmişdi. Bu, necə olmuşdu?
– Bunlar hamısı yalandan idi. Onlar istəsəydi, anamı bir dəqiqəyə tapardılar. Güləri götürüb aparardılar onun yanına. Gülər Əhmədovanın əri Fikrət Əhmədov anam rəhmətə getməzdən əvvəl ona 650 manat pul aparıb verib.

– Deməli, ananızı Azərbaycana gətirmək istəyirdiniz. Bəs necə oldu ki, gətirə bilmədiniz?
– Prokurorluqla danışandan sonra Gülər Əhmədovaya zəng elədim. Dedim ki, Gülər, mən anamı Azərbaycana gətirmək istəyirəm. Orada onun vəziyyəti yaxşı deyil. Gülər anama demişdi ki, orda sənə hər cür şərait yaradılacaq, amma vədinə əməl etməmişdi. Gülər isə mənə cavab verdi ki, sən nə danışırsan, ananı Azərbaycana gətirə bilmərsən, ona “stop” qoyublar. Yəni, ölkəyə gələn kimi həbs edəcəklər. Mən də bundan sonra fikrimdən daşındım.

– Ananız Türkiyədə olanda Gülər Əhmədova ilə əlaqə saxlayıbmı?
– Bəli, mənim yanımda “Skayp”la danışıblar. Gülər anama deyirdi ki, narahat olma, Ramiz Mehdiyevlə danışmışam, hər şey yaxşı olacaq. “Kompozitor”a demişəm, sənə gömrükdə iş verəcəklər. Gülər “kompozitor” deyəndə fövqəladə hallar naziri Kəmaləddin Heydərovu nəzərdə tuturdu. Amma mənim anama iş lazım deyildi, o Azərbaycana gəlmək istəyirdi.

– Sonuncu dəfə ananızla nə zaman əlaqə saxlamışdınız?
– Rəhmətə getməmişdən 3 gün əvvəl. Deyirdi ki, Azərbaycana gəlmək istəyirəm.

– Belə məlumatlar var idi ki, ananız Türkiyəyə başqa sənədlə gedib, bu nə dərəcədə doğrudur?
– Mənin anamın başqa sənədi olsaydı o, elə həmin sənədlə Azərbaycana gələrdi. Bilirsiz ki, Türkiyədə heç bir sənəd olmadan heç kimi müalicə etmirlər. Anam xalamla birlikdə bir xəstəxanaya gedib, baxmayaraq ki, həkim azərbaycanlı olub, sənədi olmadığı üçün anamı müayinə etməkdən imtina edib.
Anam Gülər Əhmədovanın adamlarının nəzarətində idi. Onu heç çölə çıxmağa belə qoymurdular, ancaq maşınla aparıb-gətirirdilər. Çox güman ki, anamın pasportunu özləri itiriblər. Türkiyədə ona qoyulan Məryəm Solmaz adını Gülər Əhmədovagil qoymuşdu ki, onu orda tanıyan olmasın. Hamısı bunların öz oyunu idi.

– Ananızın ölümündə Gülər Əhmədovanı ittiham edirsiniz. Əlinizdə hər hansı fakt varmı?
– Mənim anam Gülər Əhmədova ilə rəfiqə olub. Lakin Elşad Abdullayevlə bağlı məsələdən sonra münasibətləri  soyuyub. Anam həmişə ona deyirdi ki, yaxşı deyil, camaatın pulunu qaytarın. Gülər Əhmədova anamı Elşad Abdullayevin yanında pis vəziyyətdə qoymuşdu. Bizim Elşad Abdullayevlə ailəvi dostluğumuz olub. Ona görə də anam Gülərdən Elşad Abdullayevin verdiyi pulları tələb edirdi və nəticədə onunla araları dəydi. Amma yay ayları Gülər anama zəng edib görüşmək istədiyini bildirdi. Anam onunla görüşüb, hansısa restoranda çörək yeyiblər. Mən dəqiq bilmirəm bu harda olub. Anam evə gələndə halı pisləşdi. Onu həkimə apardım. Bir neçə xəstəxanaya getdik, amma həkimlər səhhətində nə baş verdiyini müəyyənləşdirə bilmədilər. Anam mənə onda demişdi ki, Gülər onu zəhərləyib. Mənim Gülər Əhmədova ilə şəxsi qərəzliyim yoxdur ki, yalandan onu ittiham edim.

– Gülər Əhmədova isə dediklərinizi təkzib edir.
– Gülər deyir ki, guya məni Elşad Abdullayev məni qorxudur. Elşad Abdullayev məni niyə qorxutmalıdır ki?! Məgər mən Elşaddan pul almışam? Gülər bilmir nə danışır.   

– Ananın ölümündən sonra istintaqda olmusanmı?
– Hə, burda da, Türkiyədə də. Yanvarın 3-də də xalamla prokurorluğa getmişdik, hər şeyi dedik. Hər gün gedəcəm ora ki, anamın qanı yerdə qalmasın. Yaxşı bilirəm mənə bir kömək olmayacaq. Kömək etsəydilər, indiyə qədər edərdilər. Siz bu insanın yerini bilə-bilə niyə bunu Interpola verirsiniz?

– Özünə qarşı hər hansı təhlükə hiss edirsənmi? Ümumiyyətlə, sənə qarşı da nələrinsə baş verəcəyini gözləyirsənmi?
– Hələlik heç bir təhlükə yoxdur. Ümumiyyətlə, isə bir quru canım var, gəlib onu da alsınlar. Mən anamın qanını yerdə qoymayacam.

Natiq