Mübarizəmiz bir, namizədimiz fərqli?

Yeni iliniz mübarək olsun. Arzu edirəm ki, xoş və uğurlu bir il olsun sizlərə. Mən və həmkarlarım ölkəmizdə baş verən çirkinliklər haqda daim yazmağa məcburuq. Bəlkə kimlərsə elə bilir biz tənqidsiz dura bilmirik, yalnız pis olaylardan yazmaq istəyirik, amma inanın ki, yaxşı olaylardan da yazmaq üçün ürəyimiz tökülür. Bizim də başqaları kimi müasir, rifahlı, güvənli və ədalət içində olan bir ölkədə yaşamağa haqqımız var, buna imkanlarımız hətta başqalarından çoxdur. Neftimiz və sərvətlərimiz də çoxdur. Fəqət ölkəmizdə bir qisim insan ağalıq edir, varlanır, başqaları isə həm maddi sıxıntı çəkir, həm haqsızlıqlarla üzləşir, həm də qeyri-mənəvi mühitdən boğulur.
Insanlarımız baş götürüb gedirlər buradan. Getməyin səbəbi olur həmişə. Baxın, o boyda Jerar Depardye o cür vətənindən imtina etdi. Fransadan imtina etdi. Sadəcə verginin çoxluğuna görə. Bizim ölkədə isə arxasız sahibkarlardan vergidən əlavə beş qatına artıq qanunsuz haqq yığırlar. Ölkə iqtisadiyyatının böyük hissəsinə nəzarət edən oliqarxlar isə heç vergi ödəmir. Jerar Depardye bizim ölkəni seçsə, hakimiyyətin məddahına çevrilsə, ondan nəinki az vergi alardılar, ümumiyyətlə, heç nə ödəməzdi. Hələ əlavə pay da ala bilərdi bizim neft gəlirlərimizdən.
Hər şeyi də hər kəs görür. Bəzi yollara asfalt çəkməklə, şəhərlərin mərkəzi hissələrini abadlaşdırmaqla kimsəni aldatmaq mümkün deyil. Ölkəmiz çirkab içindədir. Biz də istəyirik dəyişsin bu durum. Dəyişəcəyinə ümidimiz də çox artıb…
Bəzi proseslər dünyada və ölkəmizdə geridönməz xarakter alır. Əliyevlər hakimiyyəti artıq əvvəlki kimi vəziyyətə tam nəzarət edə bilmir. Məsələn, son illərəcən bu hakimiyyət ölkədə informasiya məkanını inhisarda saxlaya bilir, özünün istədiyi rəyi və ovqatı formalaşdıra bilirdi. Amma indi Internetin köməyi ilə bu vəziyyət dəyişir. Hakimiyyətin inkişaf nağılları yerimir daha. Onun əbədilik təntənəsi məhv olub. “Balaca Heydər də hakimiyyətə gələcək” təntənəsi çoxdan ölüb, ən ümidsiz adamlar da artıq o cür düşünmür və vəziyyətin dəyişəcəyini qəbul edirlər. Hətta o məqama gəldik ki, Əli Həsənov xeyli uzağı göstərsə də, Ilham Əliyevin hakimiyyətinin hansı iləcən davam edəcəyini – sonunu dilə gətirdi. Əvvəllər bunlar əbədilikdən dəm vururdu.
Ziyalılar Forumunun fəaliyyəti də yeni bir keyfiyyət dəyişikliyindən xəbər verir. Dünənəcən bu hakimiyyəti qəbul edən, hətta onu tərifləyən bir çox ziyalılar vəziyyətin faciəvi olduğunu dilə gətirdilər və hakimiyyətə etiraz etdilər. Hakimiyyətin resursları, repressiya etmək inadı, hiylə və texnologiyaları, adamları satın almaq həvəsi hələ də çox zəifləməyib, amma on qarşı dirəniş güclənməkdədir. Narazılıq artır və bu getdikcə dəyişiklik tələb etmək ovqatına çevrilir.
Düzdür, bədbinlik yaradan amillər də var. 2013 seçkiləri müxalifəti birləşdirmək əvəzinə, parçalamaq üzrədir. Artıq Müsavat qabağa düşüb Isa Qəmbərin namizədliyini verib. Heç kim demir Isa Qəmbər namizəd ola bilməz və layiq deyil, amma parçalanmaya yol açıldı. Mən fikirlərimi açıq deməyə bilmirəm. Şəxsən mənə görə çox ziddiyyətli bir prosesdir və xeyli anlaşılmazdır. Gah seçkiyə gedən olmur, gah namizədlik mataha çevrilir. Gah deyirlər, seçki və namizədlik məsələsini ortaya atmayın, müxalifəti parçalayacaq, gah da özləri bunu edirlər. Gah birləşmədən söhbət gedir, gah ayrılırlar. Gah deyirlər, demokratik seçki mühiti daha vacibdir, gah da bunu etmədən seçkiyə gedirlər. Üstəlik də, min cür söhbətlər dolaşır, gizli danışıqlar, məxfi planlar, gözlənilən dialoqlar haqda söylənilir, yazılır, yaxud da elə adamlar birdən durub elə adamı müdafiə edir ki, çaşıb qalırsan.
Mən birlik tərəfdarı olmuşam həmişə. Həm də deməmişəm, Isa Qəmbər güzəştə getsin, lap ona güzəştə gedilsin. O da, başqası da güzəştə hazır olsun, nəticə tapılsın. Amma bu necə olur? Həmişə bir yerdəyik, illər boyu mübarizəmiz bir olur, necə deyərlər, kədərimiz və sevincimiz bir olur, seçki gələndə isə hərə öz namizədini götürüb öz yolu ilə gedir. Bunun adı nədir? Bundan cəmiyyət nə qanar? Bəs biz kimik görəsən, biz nə üçün müxtəlif namizədlər arasında seçim etməyə məcbur edilməliyik belə bir zamanda. Yəni qüvvələrin birgə olduğuna böyük ehtiyac olduğu bir vaxtda. REAL həmsədri Ilqar Məmmədovla bir çox mübahisələrim olub, elə müxalif liderlərə münasibətdə də, amma o böyük birliyə səbəb olacaq yaxşı bir seçki sənədi hazırlamışdı. Bəlkə hələ də gec deyil, bəylər və xanımlar, bu günün sabahı var.
Üstəlik, hər kəs bilməlidir ki, nə qədər xoşagəlməz hallar baş versə də, proseslərin səmti dəyişən deyil. Bu, müxalifətdən və iqtidardan asılı deyil artıq. Azərbaycan dəyişəcək. Amma bu dəyişikliyi gecikdirmək olmaz…