Bu il KIV-in Inkişafına Dövlət Dəstəyi Fondundan “Azadlıq”a ayrılan 95 min manat bəzi insanları xeyli həyəcanlandırıb. Açığı, bu narahatlığın kökündə nə dayandığını doğru-dürüst anlaya bilmirəm. Amma məsələ cəmiyyətə elə qaragüruhçu bir tərzdə təqdim olunur ki, sanki Ilham Əliyev şəxsi maaşından Qənimət Zahidin cibinə xərclik qoyub.
Problem nədir? Guya “Azadlıq” bu yardımı almaqla dilini kəsib yerində oturacaqmış? Axı kiçicik bir məntiqlə də anlaşılar ki, bu yolu seçsəydi, qəzet nə vaxtında şəhərin mərkəzindəki ofisindən çölə atılar, nə də indi gündəlik mətbu orqan üçün böyük hesab olunmayan o vəsaitə ehtiyac duyardı…
Bəlkə, tənqidçilər beynəlxalq təcrübəni əsas gətirib deyəcəklər ki, dünyada belə şey yoxdur. Azərbaycanda dünya təcrübəsində rast gəlinməmiş o qədər şey var ki? Kaş bu ölkənin əsas problemi bir qəzetin ölkənin sərvətlərindən gələn qazancdan pay alması olaydı elə! O zaman hamımız ailələrimizdə müəllim analarımıza, həkim atalarımıza, mühəndis bacılarımıza, rəssam qardaşlarımıza təzyiq göstərək ki, dövlət büdcəsindən aldıqları maaşdan imtina etsinlər! Olarmı? Axı “Azadlıq”da da onlar kimi, daşdan çıxan azacıq məvacibləri ilə zor-güc ailələrini dolandıran insanlar çalışır. Axı dünyanın hansı belə zəngin ölkəsində milli istiqlalın simvolu olan bir mətbu orqan bu qədər məhrumiyyət yaşayıb?
Baxın, son illərdə “Azadlıq”ın başı nə bəlalar çəkib! 7 il əvvəl xalq arasında simvollaşmış “Xaqani 33″ ünvanından ”sürgün”ə göndərilməsi qəzetə kəsilən ən böyük cəza idi. Bundan sonra yaradıcı heyətə qarşı repressiya dalğası başladı. Qəzetin əməkdaşlarına qarşı qəsdlər, həbslər, məhkəmə cərimələri… Bütün bunlar hər kəsin gözləri qarşısında baş verib axı. Həmin illərdə qəzetin uzaq ölkələrə mühacirət edən əməkdaşları da o addımı yalnız həyatlarına olan təhlükədən qurtulmaq naminə atıb.
Axı bu gün alınan o pulun davasını döyən şəxslər həmin ağır günlərdə səslərini niyə çıxarmırdılar? Niyə bütün məhrumiyyətlərə və təhdidlərə baxmayaraq, birmənalı olaraq haqlını müdafiə edən qəzetin yanında yoxdu o adamlar? Axı “Azadlıq” o qəzetdir ki, ən acınacaqlı şərtlər altında belə həmin insanların pozulan haqlarına sahib çıxıb. “Azadlıq” o qəzetdir ki, həmin şəxslər həbsə atılıb az qala qərbin missioneri, casusu kimi ittiham olunanda, öz kəskin mövqeyi, iti məntiqi və gücü ilə qarayaxanları susdurub yerində oturdub.
“Azadlıq” bu gün də ölkənin ən populyar, ən ədalətli, ən cəsarətli və ən kasıb qəzeti olaraq qalır. Onun hansı şəraitdə fəaliyyət göstərdiyini və necə çıxdığını anlamaq üçün hökmən yerləşdiyi yeri görmək lazımdır. Buradakı acı mənzərə belədir: havaya bulud gələn kimi, uçuq-sökük otaqlarda insanların başına yağış yağır.
Bizim davamız cəmiyyəti, düşüncələri, gerilikçiliyi dəyişmək davasıdır. Elə dəyişmək ki, müxalif düşüncəsinə görə insanlar illərlə işsiz-gücsüz dolaşıb kimsəyə möhtac qalmasın. Dövlət vəzifələrinin yolları fərqli düşünən insanların üzünə bağlanmasın. Şərəfli mübarizə yolu keçmiş qəzetlər haqlı və sərt mövqeyinə görə, hədəf alınıb süni əngəllərlə çökdürülməsin.
“Azadlıq” hər zaman haqqın və haqlının sözçüsü olub. O bundan daha zor şərtlər altında qalsa belə, öz prinsipini dəyişməz. Sabah onu bu yardımı almaqda ittiham edənlər haqsızlığa uğrasa, yenə onların müdafiəsində dayanmağa heç tərəddüd göstərməz. Danılmaz həqiqətdir ki, “Azadlıq”ın bu ölkədə böyük haqqı var. Bu ölkənin sərvətindən ona pay düşən həmin 95 min manat da qəzetin ana südü kimi halal haqqıdır…

Haqqın və haqlının sözçüsü olmaq…
•