Onun ləqəbi Seval olub, özünü Türkiyədən gələn iş adamı kimi tanıdıb və…
Şok açıqlamaları və videogörüntüləri ilə ölkə gündəmini alt-üst edən Elşad Abdullayev 30 dekabr 2012-ci il tarixində “Azadlıq” qəzetinə verdiyi açıqlamasında Nüşabə Mirzəyeva adlı müəmmalı qadın haqda danışmışdı. Lakin indiyə qədər bu xanımın kimliyi barəsində heç bir mətbu orqanda əlavə məlumat verilməyib. “Press24.az” saytı bu qadın haqqında araşdırma aparıb.
Aparılan araşdırma nəticəsində məlum oldu ki, N. Mirzəyevanın ləqəbi “Seval”dır. Bu qadın uzun illər Azərbaycanda, xüsusən də Bakıda, cəmiyyətin elitar təbəqəsində özünü Türkiyədən gəlmiş Seval xanım adlı biznesmen kimi təqdim edib. Onun İstanbul şəhərində Mehmet bəy adlı dostu var.
Mehmet bəyin “Seval Group” adlı şirkəti mövcudur. Görünür, Nüşabə Mirzəyeva bu şirkətin adından özünə qondarma Seval ləqəbi götürüb.
Elşad Abdullayevin adını çəkdiyi Şəmistan isə əslən Daşkəsənlidir. O, görünüşcə yekəpər, hündür adamdır. Təxminən 1960-61-ci il təvəllüdlüdür. Məlumata görə, Şəmistan Nüşabə Mirzəyevanın sürücüsü olub.
Seval ləqəbli bu qadın əslən Goranboy rayonundandır. Deyilənlərə görə, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 92 ünvanında qeydiyyatda olub. DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsində 15 nəfərə qədər zərəçəkmişin şikayətləri əsasında bu qadın barəsində çox böyük miqyasda cinayət işi qaldırılıb. Cinayət işində vəkil qismində iştirak etmiş Rizvan müəllimin verdiyi məlumata görə, Seval xanım zərərçəkən Əliyeva Şahbəyim və Şamama adlı şəxslərin mülkünə yiyələnərək, onlara 100 min manatdan çox maddi ziyan vurub. Lakin çox qəribədir ki, zərərçəkmişlərin saysız-hesabsız şikayətlərinə baxmayaraq, milyonlarla manatın mənimsənildiyi çox böyük cinayət işinə kimlərinsə “qüdrətli əl”i ilə xitam verilib.
Digər zərərçəkmişlərdən Cəlilabad rayon Fərzili kəndində doğulmuş Quliyeva Xatirə Şiroğlan qızından alınan məlumata görə, Seval onunla yanaşı, hazırda Əfqanıstanda bizneslə məşğul olan Abşeron rayon Mehdiabad qəsəbə sakini Surxan adlı şəxsə və onun 4 qohumuna 1 milyon manatdan artıq pul “ataraq” aradan çıxıb.
Sayt qeyd edir ki, cinayət işində dəfələrlə müstəntiqlər dəyişdirilib. Lakin əsas müstəntiq Vüqar Tağıyev olub.
Sonralar Seval Xızı rayonunun Şurabad qəsəbəsi ərazisində artıq istefaya çıxmış general rütbəli nüfuzlu bir məmurla birgə böyük ərazisi olan fermer təsərrüfatını banka girov qoyaraq, böyük məbləğdə kredit götürüb. Bizə çatan məlumata görə, Seval və ya Nüşabə Mirzəyeva hazırda Yaxın Şərqin “çirkli pulların yuyulması” üzrə sindikatın yerləşdiyi Oman dövlətində bank sektorunda çalışır.
Sayt yazır ki, Seval 2 qız anasıdır. Qızlarından birinin adı Cəmilədir. Bakı şəhərində elitar cəmiyyət arasında özünü kübar qadın kimi qələmə verən Seval hamıya Cəmilənin guya Oksford Universitetində təhsil aldığını söyləyib.
Türkiyədəki “Seval Group”un rəhbəri Mehmet Urfalının özü də 2010-cu ilin 30 martında çirkli pulların Avropada yuyulması təqsiri üzündən həbs olunub.


