Bu barədə Müsavat Məclisinin dünənki sessiyasında qərar qəbul olunub
Yanvarın 4-də Müsavat Partiyasının qərargahında partiya Məclisinin növbəti sessiyası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, toplantıda gündəlikdə duran məsələlər müzakirə olunub. Gündəlikdə isə bir sıra məsələlərlə yanaşı, Müsavat başqanı Isa Qəmbərin prezidentliyə namizəd irəli sürülməsi məsələsi də olub.
Sessiyada təşkilati və cari məsələlərin müzakirəsindən sonra ötən ilin yekunları və ölkədəki ictimai-siyasi durum barədə məruzə etmək üçün söz Müsavat Partiyasının başqanı Isa Qəmbərə verilib. Isa Qəmbər rəhbərlik etdiyi partiyanın 2012-ci ildəki fəaliyyəti və növbəti ildə onun qarşısında duran vəzifələr barədə danışaraq deyib: “Bu gün qərar verməliyik və dərhal seçki hazırlıqlarına başlamalıyıq”.
Müsavat başqanı daha sonra dörd aya yaxın bir müddətdə ölkənin siyasi həytında böyük ajiotaîj doğurmuş videogörüntülərdən, hakimiyyəti ifşa edən mandat alverindən, rüşvətxorluq qalmaqalından bəhs edərək bildirib ki, siyasi hakimiyyət deputat mandatlarının satılması məsələsinə qətllərlə cavab verdi.
Daha sonra Isa Qəmbərin Müsavat Partiyasından prezidentliyə namizədliyinin irəli sürülməsi məsələsinə baxılıb. Isa Qəmbərin namizədliyini partiyanın Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı irəli sürüb. Məclis üzvləri başqanın prezidentliyə namizəd irəli sürülməsi təklifini yekdilliklə dəstəkləyib. Beləliklə, Isa Qəmbər 2013-cü il prezident seçkilərində partiyasının namizədi elan edilib.
Alqışlardan sonra çıxış edən Müsavat başqanı Isa Qəmbər 2013-cü il seçkilərində qalib gələcəyini və indiki alqışların bir daha seçkilərdən sonra səslənəcəyini bildirib


