Gülər Əhmədova Ramiz Mehdiyevlə münasibətlərinə aydınlıq gətirdi
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin açıqlamalarında, eləcə də rüşvət sövdələşməsi videolarında tez-tez adı hallanan və bu səbəbdən deputat mandatından imtina edən, YAP-ın sıralarından çıxarılan Gülər Əhmədova “Amerikanın səsi”nə müsahibəsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə əlaqələrinə aydınlıq gətirib.
O, habelə istintaqın gedişi, Türkiyədə dünyasını dəyişmiş Sevinc Babayevanın oğlunun onun ünvanına səsləndirdiyi ittihamlardan, ev dustaqlığı barədə dolaşan məlumatlardan söhbət açıb:
– Elşad Abdullayev yaydığı videolarda sizi rüşvət almaqda ittiham edir…
– Elşad Abdullayevin dedikləri hər bir şeylə bağlı istintaq öz işinə başlayıb və güman edirəm ki, istintaqın sonunda onunÿbütün dediklərinə qiymət veriləcək.
– Istintaqın gedişindən razısınızmı?
– Istintaqın, vallah, gedişindən razı olub-olmamağı başa düşmürəm, amma hər halda, istintaq altında olmaq xoşagəlməz prosedurdur. Hələ ki, dözürük!
– Mətbuat yazır ki, siz ev dustaqlığındasınız…
– Yox, o düz deyil. Deməli, yanlışlıq olmuşdur, yanlışlıqdır.
– Yəni, faktiki olaraq, ev dustaqlığında deyilsiniz, Baş Prokurorluqdan bu barədə açıqlama gəlib ki, belə bir şey yoxdur…
– Gəlibdir, bəli. Yanlışlıq olmuşdu.
– Səhhətinizlə bağlı nə deyə bilərsiniz?
– Normaldı. Yəni, belə bir qorxulu şey yoxdur.
– Sevinc Babayevanın oğlu sizi anasının öldürülməsində ittiham edir, buna necə cavab verərdiniz?
– Bu sualla müraciət eləsinlər istintaqa, yoxlasınlar, baxsınlar da. Cavan uşaqdır da, danışır da…
– Elşad Abdullayev videoların çoxunda sizinlə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev arasında əlaqələrdən danışır.ÿSizin Ramiz Mehdiyevlə nə kimi əlaqələriniz var?
– Bizim normal, işgüzar, yəni, bütün insanlarda olan, bir-birini tanıyan insanlarda olan normal münasibətimiz var. Amma mən onu tədbirdən tədbirə görmüşəm. Əlaqələr var deyəndə,ÿdeyə bilməzdim ki, çox da həddindən artıq mehriban və isti əlaqələrimiz olub. Normal. Hamımızdan yaşca böyük adam olub, akademikimiz olub. Normal salam verib getmişik, salam verib gəlmişik. Belə bir münasibətimiz olub…