“Pul İlham Əliyevin deyil, xalqındır”

Qəzetlərin dövlət büdcəsindən pul almasının “mənəvi” cəhətdən düz olmadığı barədə tənqidə Azadlıq qəzeti baş redaktorunun müavini cavab verib.

“Misal üçün yazıçılar hansısa ev və pul alanda, qəzetlər özləri bunu tənqid edirdilər – onda nə qədər düzdür ki, bu qəzetlər bu şəraitdə prezidentdən bu pulu alırlar.”

“Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 KİV-ə ayırdığı qrantı qəbul etdiklərinə görə bu sualı Emin Milli irəli sürüb.

Azadlıq qəzetinin baş redaktor müavini Rahim Hacıyev “BBC Azərbaycanca” ilə müsahibədə deyib ki, bir neçə ildir bu pulu qəbul edirlər və “heç kim bizə qarşı irad tuta bilməz ki, bizim bu müddət ərzində hakimiyyətə münasibətimiz dəyişib”.
“”Azadlıq” qəzetinin mövqeyində dəyişiklik yoxdur, və olmayacaqdır”, o deyib. “”Azadlıq” qəzeti Azərbaycanda həqiqi müxalifət mövqeyində duran yeganə qəzetdir.”
Lakin Emin Millinin fikrincə qəzetlərdə dəyişiklik var. Qəzetlərin siyasi partiyalar olmadığı haqqında sualı cavablandıraraq o deyib ki, “”Azadlıq”ı demirəm amma “Yeni Müsavat”da bunu görürük. “Yeni Müsavat” əvvəlki “Yeni Müsavat” deyil və orada hərdən elə məqalələr gedir ki, bir çox adam şübhələnir ki, o məqaləni ora kim göndərib.”

“Xalqın vəsaitləri”

Milli üçün bu, prinsipial bir məsələdir. “Hesab edirəm ki, İlham Əliyevdən pul almaq mənəvi cəhətdən düz deyil və bundan imtina etməlidirlər.”
“İlham Əliyev bu pulu verirsə, onun məqsədi var”, o deyib. “Diktatordan pul alan müxalifət heç vaxt hakimiyyətə gələ bilməz.”
O, bu pulun prezident tərəfindən verildiyini desə də Rahim Hacıyev bunu inkar edib. “Hakimiyyətin, dövlətin, Azərbaycan xalqının əldə etdiyi sərvətlərin bir hissəsi – İlham Əliyevin pulu deyil. O pulu İlham Əliyev qazanmayıb. Azərbaycan xalqının qazandığı vəsaitlərdir.”
Lakin Hacıyevin fikrincə bu pulu almamaq – real seçim deyil. “Qasid” köşklərinin qəzetlərə olan borclarını və Azadlıq qəzetinin reklamı olmamasını xatırladaraq o, “Azadlıq qəzetinin kollektivinin mövqeyi – qəzeti yaşatmaqdır” deyib.

Pulu almayıb nə etməli?

Emin Millinin fikrincə isə qəzetlər bu pulu almayıb, qəzeti digər üsullarla yaymalıdırlar. “Onlar yeni mediaya, internetə keçməlidirlər” – o, belə düşünür.
Məhşur blogger digər sualı irəli sürüb. “İlham Əliyev maraqlanmır ki, bu qəzetləri tamamilə məhv etsin və bu qəzetlər sual verməlidir ki, bu onu niyə maraqlandırmır.”
“Azadlıq” qəzetinə Azərbaycanda rəhbərlik edən Rahim Hacıyev isə bu cür tənqidlərə əhəmiyyət verməyib. O, müzakirəni “olsun” deyərək qarşılasa da, qəzetə qarşı ittihamları “ciddi qəbul etmirəm və hesab edirəm ki, o qədər əsaslı deyil” deyərək tənqidləri rədd edib.
“Kimsə həftədə bir dəfə Facebookda hakimiyyətin əleyhinə “status” yazırsa, o qəhrəman hesab edilməməlidir.”

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin hərəsinə AZN 95 000 vəsait ayırılıb.