Açıq Cəmiyyət Partiyası (ACP) sədrinin müşaviri Salman Əliyev tutduğu vəzifədən və partiya sıralarından istefa verib. Bu barədə onun özü məlumat yayıb. Azpolitika.info Salman Əliyevin istefası ilə bağlı bəyanatını təqdim edir:
“Dəyərli dostlar! Təvazökarlıqdan kənar sayılsa da, mən deməliyəm ki, Azərbaycanda tanınmış bir nəslin nümayəndəsiyəm. Mübariz, müstəqil, səmimi, vətənpərvər olmaq kimi xüsusiyyətlər əsasən insanın irsi ilə bağlıdır. İndi qərara gəldim ki, səmimi olaraq öz yanlışlıqlarımı və səhvlərimi etiraf edim.
Rəsul Quliyev barədə belə düşünürdüm ki, o, ağsaqqaldır, 17 ildir məcburi mühacirətdə yaşayır, demokratiyanın beşiyində yaşadığı bu illər ərzində demokratiyanı düzgün qəbul edib. Ən əsası isə ölkəmizdəki bu antimilli rejimin dövlət orqanlarının, aparıcı, strateji nazirliklərinin və şirkətlərinin Naxçıvan əsilli məmurların nəzarətində olmasını, eləcə də xalqla bu hakimiyyət arasında dərin uçurum yaranması ilə eyni zamanda hakimiyyətin sosial bazasının və elektoratının həmin regiondan olmasını nəzərə alaraq, istərdim ki, cəmiyyətdə mövcud olan bu olduqca təhlükəli parçalanmanın qarşısını almaq məqsədilə Rəsul Quliyev Vətənimizə qayıdaraq gözlənilən təhlükələri aradan qaldırmış olardı, bundan ötrü bütün demokratik qüvvələri bir araya gətirib birləşdirici, xalqımızın milli mənafeyini hər şeydən üstün tutan bir lider kimi fəaliyyət göstərəydi.
Mən gözləyirdim ki, bütün bu həssas və real məqamları nəzərə alaraq, Rəsul Quliyev, necə deyərlər, suyu da yüz dəfə üfürə-üfürə içəcək, Azərbaycanın digər bölgələrinə və demokratik yönümlü siyasi partiyalarına, İP-yə, Ziyalılar Forumuna, Rusiyada yaradılmış RATİ-yə və başqa qurumlara həssas yanaşacaq, heç kimi nahaqdan qıcıqlandırmayacaq.
Çox təəssüflər olsun ki, mən zənnimdə yanıldım, hər şeyin tam əksinin şahidi oldum. Rəsul Quliyev öz hərəkətləri ilə mənim onu indiyədək yaxşı tanımadığımı, onun barəsində səhv düşüncədə olduğumu sübut etdi! Rəsul müəllimin hamıya qarşı belə aşağılayıcı mövqe tutması, bu dərəcədə özünü hamıdan üstün və ağıllı hesab etməsi başa düşülən deyil. Mən öz nüfuzlu ağsaqqallarımdan həmişə belə nəsihət eşitmişəm ki, əsil ağıllı insan qarşısındakını özündən daha ağıllı hesab etməlidir. İndi məlum olur ki, mən Rəsul müəllimin demokratik dəyərləri tam mənimsəmiş və bu prinsiplərə əməl edən bir siyasətçi kimi qəbul edərkən də yanlış olmuşam. Baxın, mənim “Yeni Müsavat” qəzetinə verdiyim və sonra da “azpolitika.com” saytında yerləşdirilmiş geniş müsahibəm onun göstərişi ilə həmin saytdan silinir. Rəsul müəllimin bugünki aşaqlamasında ad çəkilməsə də, mənim ünvanıma “istənilən ACP üzvü tərəfindən partiya liderinin fikirlərinə əks fikir söyləmək nizam-intizamdan kənardır, yol verilməzdir” bildirməsi antidemokratik düşüncə tərzinin göstəricisidir. Hətta mənim ünvanıma yönələn “onu qorxa-qorxa müdafiə edən” kimi ifadələr işlədir. Lakin hörmətli R.Quliyev özü də çox gözəl bilir ki, mən ölkəmizdə olmaqla, uzun illərdir ki, özümə və bütün yaxınlarıma, qohumlarıma qarşı rejim tərəfindən tətbiq edilən həbslərə, təzyiqlərə və repressiyalara rəğmən, mənim daim heç nədən və heç kimdən qorxmadan, hətta yenidən həbs olunmaqdan çəkinmədən fəal mübarizə aparmağım bütün cəmiyyətə bəllidir. ACP-dəki hörmət bəslədiyim dostlarımdan üzr istəyərək, dərin təssüf hissi ilə bildirirəm ki, gündə bir neçə bir-birinə zidd fikirlərə düşən, qeyri-səmimi və qeyri-obyektiv partiya liderinə olan bütün ümidlərim qırıldı. Ona görə də qeyd etdiklərim, eyni zamanda açıqlamağı lazım bilmədiyim digər ağlasığmaz həqiqətləri nəzərə alıb, ACP sədrinin müşaviri vəzifəsindən, partiya üzvlüyündən, eləcə də yeni yaradılmış Rəsul Quliyevin hüquqlarının müdafiəsi Komitəsi üzvlüyündən istefa verirəm!”