Video qalmaqalının növbəti qurbanı kim ola bilər?

Əyyub Kərimov: «Istintaq olduqca cəld və operativ işləməlidir ki, gələcək təhlükələrin qarşısını alsın»

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin “Azadlıq” qəzetinə göndərdiyi yeni məlumatlarla dolu məktubda ittihamlarla yanaşı xəbərdarlıq da yer alıb.
Qardaşı Mahir Abdullayevin tapılması məqsədi ilə etdiyi müraciətdən sonra daxili işlər naziri Ramil Usubovla arasında gərgin söhbətin olduğunu deyən E.Abdullayev bir gün sonra M.Abdullayevin tapılması ilə bağlı cinayəti araşdıran Zahid Dünyamalıyevin vəfat etməsində müəmmaların olduğuna işarə vurur.
Sabiq rektor həmçinin müğənni Mətanət Isgəndərli ilə qardaşı Mahir arasında vacib şahid olan müğənninin sürücüsü Teymurun aradan götürüldüyünü, müğənninin özünün də həyatının təhlükə altında olduğunu deyir.
Bundan əlavə, E.Abdullayev mandat alverində iştirak edən Gülər Əhmədovanın da arzuolunmaz şahid olduğunu və onun da Sevinc Babayevanın aqibəti ilə üzləşməkdən sığortalanmadığını deyir.
Müraciətdə əksini tapan məqamlara və xəbərdarlıqlara münasibət bildirən hüquqşunas Əyyub Kərimov adı çəkilən şəxslərin təhlükə ilə üzləşə biləcəyini istisna etmir. Çünki qalmaqal artıq çox böyüyüb, miqyası genişlənib. Ona görə təhlükənin olmadığını demək mümkün deyil. Ona görə də istintaq olduqca cəlb və operativ işləməlidir ki, bu məsələlərə aydınlıq gətirsin və gələcək təhlükələrin qarşısını alsın.

Fizzə