2012-ci il on doqquz il hakimiyyətdə olan bir iqtidarın ifşası ilə yadda qaldı
Vidadi Mirkamal: «Ictimai Palatadan kənarda qalan demokratik ruhlu, real mübarizə aparan qüvvələr bir araya gəlməlidir»
Yetərincə ciddi siyasi hadisələrlə zəngin olan bir ili arxada qoyuruq. 2012-ci ilin hakimiyyətin mahiyyətinin ifşası baxımından mühüm bir il olduğunu desək, yanılmarıq. Cəmiyyətin ölkədə baş verənlərin mahiyyəti barədə məlumatlandırılması istiqamətində isə 2010-cu il seçkilərindən dərhal sonra yaradılan Ictimai Palatanın mühüm rolu olub. Müsahibimiz IP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamala elə ilk sualımız da təmsil etdiyi təşkilatın bir illik fəaliyyətini necə qiymətləndirdiyi ilə bağlı oldu:
– Ictimai Palatanı 2010-cu il parlament seçkilərində qalib gələn, amma qəsdən uduzdurulan namizədlər formalaşdırıb. 2012-ci ildə Ictimai Palata bir il əvvəl üzərinə götürdüyü vəzifələrin icrası ilə məşğul olub. Lakin Ictimai Palata qarşısına qoyduğu strateji məqsəd olan parlamentin buraxılmasına hələ nail olmayıb. Ötən il ərzində Ictimai Palata xeyli işlər görüb. Onların sırasında mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı dinləmələrin keçirilməsini göstərmək olar. Eyni zamanda Ictimai Palata bir neçə kütləvi aksiya da keçirib. Ötən ildə fəaliyyəti ilə Ictimai Palata sübut etdi ki, müxalifətin əsas güc mərkəzi olaraq qalmaqdadır. Amma Ictimai Palata prezident seçkilərində iştirak etmək üçün yararlı bir qurum deyil. Ictimai Palata seçki bloku formasında yaradılmayıb. Ona görə Ictimai Palata da bu istiqamətdə müəyyən islahatlara getməlidir.
– 2012-ci ili hakimiyyətin rakursundan necə dəyərləndirərdiniz. Bu ildə hakimiyyət beynəlxalq təşkilatlar tərəfindən sərt təpkiyə məruz qaldı, hakim ailənin biznesi ilə bağlı şok faktlar ortaya çıxdı. Bunlar sırasında Çovdar qızıl yatağını, Karlovu Varıda mülkləri misal göstərmək olar. Eyni zamanda Elşad Abdullayevin videoları da hakimiyyətin mahiyyətinin ifşasında ciddi rol oynadı…
– 2012-ci il on doqquz il hakimiyyətdə olan bir iqtidarın ifşası ilə yadda qaldı. Indiyə qədər deyilirdi ki, parlament rüşvət yolu ilə formalaşır, məhkəmələr sifarişlə işləyir, hakimiyyət korrupsiyaya uğrayıb və bu proseslərin başında dövlət başçısı dayanır. Korrupsiyanın özü Korrupsiyaya Qarşı Mübarizə Idarəsindən, Ramiz Mehdiyevdən qaynaqlanır. Ona görə Azərbaycanda bu idarəyə qarşı mübarizə aparılmalıdır. Korrupsiyada adı çıxmış Ramiz Mehdiyevin bu idarəyə rəhbərlik etməsi absurd bir şeydir. 2012-ci ildə ailə ilə bağlı mühüm olaylar meydana çıxdı. Bunlar sırasında ən mühümü xaricdə qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə xalqın sərvətinin mənimsənilməsiylə bağlıdır. Bu ilin ən böyük hadisəsi Elşad Abdullayevin yaydığı videolardır.
İctimai Palata məqsədlərinə nail olmaq üçün var gücü ilə çalışacaq
– Qarşıdan seçki gəlir. Bu baxımdan gələn il Ictimai Palatanın üzərinə bir sıra mühüm vəzifələr düşür. Bu vəzifələrin öhdəsindən gələ biləcəkmi?
– Ilin sonunda Ictimai Palatanın statusu ilə bağlı xeyli müzakirələr getdi. Həqiqətən də Ictimai Palata seçki bloku deyil. Ictimai Palatada ölkənin iki ən böyük partiyası AXCP və Müsavat Partiyası təmsil olunub. Və təşkilat daxilində seçkilərlə bağlı baxışlar da müxtəlifdir. Müsavat Partiyası hesab edir ki, indidən seçkiyə hazırlaşmaq və iddialı şəxsi müəyyən etmək lazımdır. AXCP isə hesab edir ki, əvvəlcə ölkədə demokratik mühit yaradılmalıdır, ölkə normal seçkiyə hazırlanmalıdır, daha sonra lider elan oluna bilər. Qurum daxilində iki fərqli mövqeyi bir məxrəcə gətirib dekabrda bəynat verdik. Bu son yox, ilkin qərardır. Son qərar prezident seçkisi ərəfəsində məlum olacaq. Ictimai Palata öz yolu ilə getməlidir. Inanıram ki, qarşımızdakı ildə Ictimai Palata məqsədlərinə çatacaq. Biz demokratik seçki mühitinin yaradılmasına çalışacağıq. Amma bu mübarizə kompleks xarakterlidir. Həm daxili, həm xarici təzyiq vəhdət şəklində olmalıdır. Azərbaycanın üzərinə götürdüyü öhdəliklərlə bağlı konkret addımlar ortaya qoyulmalıdır. Bunlar olmasa, hakimiyyətin demokratik seçki mühiti yaradılması istiqamətində addım atacağı inandırıcı deyil.
– Ictimai Palatada hazırda müxalifətin böyük hissəsi cəmləşsə də, bu təşkilatdan kənarda da demokratik qüvvələrin təmsilçiləri var. Onların sırasında Ziyalılar Forumunu, Lalə Şövkətin liderlik etdiyi Liberal Partiyasını göstərmək olar. Eyni zamanda hakimiyyətdən ciddi narazı olan dini kəsim də mövcuddur. Ictimai Palata bu qüvvələrlə əməkdaşlıq edə bilərmi?
– Biz dəfələrlə bəyan etmişik ki, Ictimai Palata müxalifətin ünvanlı yerinə çevrilə bilər. Əlbəttə, Ictimai Palata Azərbaycanda müxalifət qüvvələrinin əksəriyyətini birləşdirir, amma bütün qüvvələri əhatə etmir. Azərbaycanın demokratik düşərgəsini toparlamaq əvvəlcədən Ictimai Palatanın məqsədi olub. Ictimai Palata buna tam nail ola bilmədi. Ona görə 2013-cü il prezident seçkisi ərəfəsində bu vəzifənin reallaşması bir nömrəli vəzifədir. Ictimai Palatadan kənarda olan demokratik ruhlu və hakimiyyətə qarşı real mübarizə aparan qüvvələr bir araya gəlməlidir.
Gülər Əhmədova danışsa yaxşıdır
– Elşad Abdullayevin yaydığı videogörüntülərdəki əsas fiqurlardan biri Sevinc Babayeva dünyasını dəyişdi. Baş verənlərlə bağlı müxtəlif fərziyələr səslənir. Sizin, fərziyənizi bilmək istərdik.
– Bizim əlimizdə dəqiq məlumat yoxdur. Ekspertizadan sonra bu məlum olacaq. Amma Elşad Abdullayevin apardığı iş uzunmüddətli bir prosesdir. Elşad Abdullayev özü bəyan edir ki, Sevinc Babayeva altıncı şəxsdir ki, eyni üsul ilə dünyasını dəyişir. Elşad Abdullayev konkret adlar da çəkir, Zahid Dünyamalıyevin də eyni formada dünyasını dəyişdiyi bildirilir. Insanlarla bu cür rəftar olunması artıq ənənə halını alıb və cəmiyyətin xislətindən irəli gəlir.
– Elşad Abdullayev açıqlamasında deyib ki, Gülər Əhmədovanın da həyatına təhlükə var. Sizcə, hazırkı durumda Gülər Əhmədovanın danışması onun təhlükəsizliyini təmin edə bilər, yoxsa susması?
– Insanlar danışdığı zaman onun müdafiəsi daha çox möhkəmlənir. Ona görə mən də güman edirəm ki, Gülər Əhmədova bildiklərini danışsa, özünü sığortalamış olur. Gülər Əhmədova sussa, onun həyatına daha çox təhlükə yaranacaq.
– Elşad Abdullayevin videolarından hazırda hakimiyyətdaxili qruplaşmalar bir-birlərinə qarşı mübarizədə istifadə edirlər. Seçki yaxınlaşdıqca bu mübarizə daha açıq formaya keçə bilərmi? Yoxsa hakimiyyət öz monolitliyini saxlamağı bacaracaq?
– Mən əvvələrdə demişəm, bu, mafioz bir hakimiyyətdir. Azərbaycanda normal cəmiyyət, hakimiyyət olsaydı başqa proseslər yaşanardı. Azərbaycanda vahid əl ilə idarə olunan hakimiyyətdir. Ola bilər ki, hansısa mərhələdə qollardan biri nəzarətdən çıxa bilər. Amma onlar onu öz daxili qanunları ilə tənzimləyirlər. Düşünmürəm ki, videolar hakimiyyətdaxili münaqişəni alovlandıra bilsin. Heydər Əliyevdən sonra korrupsiya binasını quranlardan biri də Ramiz Mehdiyevdir. Hakimiyyət mövcud olmasına görə Ramiz Mehdiyevə borcludur. Ona görə də Elşad Abdullayevin video görüntülərində olan şəxslərin hamısı Ramiz Mehdiyevə gedir çıxır. Baş verənlərdə rüşvət və korrupsiya var. Bu, hakimiyyətin xislətidir. Biz demokratik düşərgə olaraq qruplaşmalararası savaşa baxmayaraq bu hakimiyyəti bütövlükdə uzaqlaşdırmalıyıq.
– Elşad Abdullayev kifayət qədər uzun müddətdir ki, bu videoları açıqlayıb. Ötən müddət Mahir Abdullayevin cinayət işinin açılması üçün yetərli idimi?
– Elşad Abdullayev fəaliyyəti ilə Müstəqil Istintaq Komissiyasının işini çoxdan görüb. Mahir Abdullayevin işi açıq bir işdir. Müstəqil Istintaq Komissyası əgər həqiqətən də müstəqil olsaydı, həmin işin açılması bir həftəlik vaxt tələb edirdi. O zaman bu iş niyə açılmır. Məlum məsələdir. Çünki araşdırmalar hakimiyyətdəki ikinci şəxs olan Ramiz Mehdiyevə aparır. Müstəqil Istintaq Komissiyası Respublika Baş Prokurorluğunda yaradılıb. Baş prokurorun isə kimə tabe olduğu məlum məsələdir. Bir hüquqşünas kimi deyirəm: Mahir Abdullayevin işini çözmək çox asandır. Sadəcə bu işlə məşğul olan komissiya müstəqil deyil.
– Elşad Abdullayevin açıqladığı videolarla bağlı müxtəlif adlar açıqlandığına görə belə güman edilir ki, son söz dövlət başçısının olacaq. Sizcə, Ilham Əliyev baş verənlərə necə reaksiya verəcək və əslində necə reaksiya verməlidir?
– Əslində Elşad Abdullayevin videosunda adları sadalanan bütün məmurlar vəzifəsindən uzaqlaşdırılmalı idi. Istintaq qurtarana qədər bu addım atılmalı idi. Ramiz Mehdiyev, Ramil Usubov vəzifəsindən uzaqlaşdırılmalı idi. Normal cəmiyyətdə bu baş verərdi. Azərbaycanda isə klan hakimiyyətidir. Ona görə bu cür addımlar atılmır. Ona görə də bu şəxslər vəzifələrində qalırlar. Bu hakimiyyətin dövründə bu cinayətlər açılan deyil. Bir məqamı da nəzarə almaq lazımdır ki, dövlət başçısının nəzarətə götürdüyü işlər bir qayda olaraq açılmır. Azərbaycan təcrübəsi bunu göstərir.
Xəyal