«Xəstəxananın qaydalarını bilmək lazımdır, ora sənədsiz daxil olmaq mümkündür, ya yox»
Müzəffər Baxış: “İnsanlar birmənalı şəkildə Sevinc Babayevanı hakimiyyətin qətlə yetirdiyini deyir”
Elşad Abdullayevin yaydığı qalmaqallı videolarda adı vasitəçi kimi çəkilən Sevinc Babayevanın ölümü ilə bağlı xəbərlər artıqca müəmmalar da artmaqdadır. Xüsusilə də onun xəstəxanaya hansı adla və sənədlə daxil olması məsələsi diqqəti çəkib. Hadisədən sonra Azərbaycanın Istanbuldakı konsulu Həsən Zeynalov S.Babayevanın sənədsiz olduğunu desə də, digər məlumatda onun iki pasporta və bir saxta şəxsiyyət vəsiqəsinə sahib olduğu və xəstəxanada Məryəm Solmaz adı ilə qeydiyyatdan keçdiyi deyilir.
Bununla bağlı ortaya yeni məlumatların çıxacağı da istisna edilmir. Hər halda S.Babayevanın sənədsiz xəstəxanaya daxil olması bir qədər inandırıcı görsənmir.
Hüquqşünas Müzəffər Baxış təcili yardımla istənilən şəxsin xəstəxanaya sənədsiz daxil olmasını mümkün sayır. Lakin hazırkı situasiya ilə bağlı konkret söz demək çətindir: “Sevinc Babayeva elə-belə adam olmayıb, başı güclü işləyib. O özünü akademik adlandıran şəxsi aldada, ondan pul ala bilibsə, deməli, yaxşı düşünə, məsələləri analiz edə bilir. Ona sadəcə dələduz kimi baxmaq olmaz. Onun daxil olduğu xəstəxananın qaydalarını bilmək lazımdır, ora sənədsiz daxil olmaq mümkündür, ya yox. Ümumiyyətlə, Istanbulda bu məsələlər hansı qaydada tənzimlənir?.
Ekspertin sözlərinə görə, Sevinc Babayevanın törətdiyi cinayət Azərbaycanda ən yüksək vəzifədə çalışan insanları ifşa etdiyinə görə, ona ölkədə hər cür köməyin göstərilməsi mümkündür. Onun üçün saxta sənəd də düzəldə də, Azərbaycanı tərk etməsinə imkan yarada bilərdilər.
M.Baxış ölən şəxsin S.Babayeva olmasının da şübhələr doğura bildiyini qeyd etdi: “O adam Sevinc Babayeva olmaya bilər. O qədər belə hallar olub. Xəbər yayarlar ki, guya Sevinc Babayeva ölüb, onun yerinə hansısa bomju gətirib basdırarlar. Ancaq bu məsələnin Azərbaycan ictimaiyyəti üçün ən böyük xəbərdaredici əhəmiyyəti ondan ibarətdir ki, insanlar birmənalı şəkildə Sevinc Babayevanı hakimiyyətin qətlə yetirdiyini deyir”.
Fizzə