«Mandat alveri» videosunun «qəhrəman»ı gecəykən Bakıya gətirildi; dəfn mərasimində az sayda insan iştirak edib; yas mərasiminin ünvanı gizli saxlanılır
Dekabrın 29-u axşam saatlarında AZAL-a məxsus C2-078 səfər saylı təyyarə ilə 22.50-də Türkiyənin Istanbul şəhərindən Bakıya gətirilən Sevinc Babayeva Lökbatan məzarlığında dəfn olunub. Yayılan məlumatlara görə, dəfn mərasimində mərhumun yaxın çevrəsindən olan az sayda insan iştirak edib. Mərhum üçün yas mərasiminin harada verildiyi isə gizli saxlanılır. Sevinc Babayevanın oğlu Ayxan Məmmədov onunla əlaqə saxlayan jurnalistlərə heç bir məlumat verməyib. Gün ərzində axtarışlarımızın nəticəsi olmayıb.
Baş prokurorluq Türkiyənin cavabını gözləyir
Baş Prokurorluq Sevinc Babayevanın meyitinin ekspertizası ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: “Sevinc Babayevanın Türkiyənin “Medicana International Istanbul Hospital” xəstəxanasında vəfat etməsi ilə əlaqədar ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prokurorluğunun hüquqi yardım göstərilməsi haqqında vəsatəti əsasında onun meyiti Istanbul Ədliyyə Tibb Idarəsində Türkiyə hüquq mühafizə orqanları əməkdaşları və məhkəmə-tibb ekspertləri tərəfindən Azərbaycan Prokurorluğu və Daxili Işlər Nazirliyinin əməkdaşlarının, eləcə də Azərbaycanın Istanbuldakı Baş Konsulluğunun nümayəndələrinin iştirakı ilə məhkəmə-tibbi ekspertizası müayinəsindən keçirilib.
Ekspertizanın qarşısına S.Babayevanın ölümünə səbəb ola biləcəyi ehtimal olunan bütün fərziyyələr üzrə suallar qoyulub. Ekspertiza müayinəsi yekunlaşdırılıb və cənazənin Bakı şəhərinə göndərilməsi üçün müvafiq prosedur tədbirlər görülür.
Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları türkiyəli həmkarları ilə birgə Sevinc Babayevanın Istanbul şəhərində olduğu müddətdə yaşadığı ünvanı müəyyənləşdirib, həmin müddətdə onun ünsiyyətdə olduğu şəxslərin dairəsi dəqiqləşdirilməklə onların ətrafında zəruri istintaq-əməliyyat tədbirləri və digər prosessual hərəkətlər həyata keçirilir.
Eyni zamanda araşdırmalarla müəyyən edilib ki, Sevinc Babayeva 6-13 avqust 2012-ci il tarixlərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət Idarəsinin Mərkəzi Hospitalının Kardiologiya şöbəsində “Kəskin ağ ciyər emboliyası” diaqnozu ilə müalicə olunub.
Ekspertizanın nəticəsi barədə Türkiyə tərəfindən müvafiq cavab alındıqdan sonra həyata keçirilmiş araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə informasiya veriləcək”.
“Biz hələ də Sevinc Babayevanın nədən öldüyünü bilmirik”
Baş Prokurorluğun açıqlamasının qaneedici olmadığını deyən hüquq müdafiəçisi Eynulla Fətullayev “modern.az”a bildirib ki, dörd saatlıq ekspertiza aparılıb, amma ictimaiyyətə kifayət qədər məlumat verilməyib: “Biz hələ də Sevinc Babayevanın nədən öldüyünü bilmirik. Bununla bağlı ciddi araşdırmaya ehtiyac var. Biz bu işlə bağlı maraqlanırıq. Türkiyənin Istanbuldakı ”Medicana International” xəstəxanasına və Esenyurt dövlət xəstəxanasına sorğu ünvanlamışıq. Şəxsən mənə müəmmalıdır ki, Esenyurt dövlət xəstəxanasına qəbul olunan şəxs guya reanimasiya şöbəsi olmadığına görə, tam başqa bir xəstəxanaya köçürülür. Bu xəstəxanalar arasında 15 kilometr məsafə var. Elə bunun özü müəmmalıdır. O, özündə olmayıb. Ona xəstəxanada şok ediblər, ürəyini masaj ediblər. Amma buna reanimasiya təyinatı verilib. Esenyurt xəstəxanası Türkiyədə ən prestijli, yüksək səviyyəli xəstəxanalardan biridir. Nədənsə onu Esenyurtdan “Medicana International”a göndəriblər. Güman edirəm ki, istintaq buna cavab tapsa, bu müəmmalı məsələnin üstünü aça bilər”.
Adətən xəstəni bir xəstəxanadan digərinə keçirilməsinin onun yaxın qohumlarının tələbi, xahişi ilə olduğunu deyən Eynulla Fətullayevin sözlərinə görə, Sevinc Babayevanın yanında heç kim olmayıb: “Belə olan halda onun bir xəstəxanadan digərinə necə köçürüldüyü də müəmmalı qalır.
Hüquq müdafiəçisinin dediyinə görə, bir-birini təkzib edən və bir-birinə zidd olan məlumatlar səsləndirilir. Belə fikirlərin səsləndirilməsi isə müəmmalı ölüm ilə bağlı şübhələri ciddiləşdirir. Odur ki, məsələnin araşdırmasına ciddi ehtiyac yaradır”.
“Tezedlar.az” saytının yazdığına görə, Sevinc Babayevanın dəfn olduğu məzarın yanında bir neçə nəfərlik qəbir yeri boş saxlanılıb. “Görəsən bu təsadüfənmi belədir, yoxsa bunun başqa mənası var?”, sayt sual edir.
Sevinc Babayeva Əvəz Zeynallının məhkəməsində şahid olub?
Sevinc Babayevanın ölümündən əvvəl saytlarda yayılan yeni bir şəkli barədə maraqlı xəbərlər dolaşır. Modern.az-ın məlumatına görə, həmin şəkil “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsində çəkilib: “Sevinc Babayeva həmin məhkəməyə çox güman ki, şahid kimi qatılıb. Bu məhkəmə Elşad Abdullayevin məlum videonu yaymasından cəmi bir ay öncə baş tutub. Bu, keçmiş deputat Gülər Əhmədovanın və onun yaxınlarının iştirakı ilə keçirilən sonuncu məhkəmə olub. Sonrakı proseslər əvvəlcə müxtəlif səbəblərdən təxirə düşüb və ardınca isə Gülər Əhmədovanın iştirakı olmadan keçirilib. Maraqlıdır, Sevinc Babayevanın adı Əvəz Zeynallı işində keçirmi? O bu məhkəməyə şahid qismində qatılıb, yoxsa sadəcə Gülər Əhmədovanın rəfiqəsi kimi?”.