sevinc babayeva

Sevinc Babayeva Azərbaycanı necə tərk edib?

sevinc babayevaTürkiyə mediası onun üzərindən iki ayrı pasport və saxta şəxsiyyət vəsiqəsi tapıldığını yazıb

“Mandat alvóeri”ndə Gülər Əhmədova ilə Elşad Abdullayev arasında vasitəçi olan, dekabrın 26-da Istanbulun “Medicana International” kolinikasında müəmmalı şəkildə dünyasını dəyişən Sevinc Babayeva ilə bağlı Türkiyə mediasında yeni və maraqlı məlumatlar dərc olunub.

Sevinc Babayeva 2 ay əvvəl Istanbula yerləşibmiş  

“Haberturk” saytında yer alan məlumatda deyilir ki, Sevinc Babayeva 2 ay əvvəl Istanbulun Kıraç bölgəsində bir mənzilə yerləşib. Onun vəziyyəti gecə ağırlaşıb və yaşadığı binanın mühafizə xidməti onu xəstəxanaya çatdırıblar. Amma bütün müdaxilələrə baxmayaraq həyatını qurtarmaq mümkün olmayıb.
Məlumatda daha sonra deyilir: “Gənc qadının ölümü polis qeydlərinə ”şübhəli” olaraq düşdü. Araşdırma başladan polisin əldə etdiyi məlumatlar maraqlı bir hekayəni ortaya çıxardı. Sevinc Babayevanın üzərindən 2 ayrı pasport və Məryəm Solmaz adına təşkil edilən saxta bir şəxsiyyət vəsiqəsi çıxdı. Bakıda bir kitabxananın müdiri olaraq çalışırdı. Azərbaycanda bir müddətdir internetdə gəzən videolarda millət vəkili seçimi üçün rüşvət bazarlığında vasitəçilik etdiyi iddia edilirdi. Bu xüsusda başladılan istintaq çərçivəsində Interpol tərəfindən bütün dünyada axtarılmağa başlayıb və Türkiyəyə qaçaq olaraq girmişdi”.
“Diyarbakır Söz” internet qəzetinin hadisə barədə məlumata seçdiyi başlıq da diqqət çəkəndir: “Babayeva Istanbulda öldü(rüldü)!”.
Azərbaycanın Istanbuldakı baş konsulu Həsən Zeynalov isə APA-ya deyib ki, bu məsələ ilə dəfələrlə maraqlanıb, Sevinc Babayevanın üzərində və ya yaşadığı evdə heç bir sənəd aşkar edilməyib.
Türkiyənin baş naziri Rəcəb Tayyip Erdoğana yaxınlığı ilə seçilən ATV kanalı da bu mövzuya yer ayırıb. ATV-də Sevinc Babayevanın ölümü ilə bağlı 4 dəqiqəlik süjet yayımlanıb. Süjetdə məlum rüşvət videosu xatırlanıb və bu məsələnin Azərbaycanda böyük rezonansa səbəb olduğu bildirilib.

Sevinc Babayevanın oğlundan açıqlama gəldi

Dünən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov da anasının ölümündən danışıb. O, BBC-yə açıqlamasında bildirib ki, anasının sui-qəsd nəticəsində ölməsi ehtimalı ola bilməz.  Ayxan Məmmədov anasının Türkiyəyə saxta sənədlərlə daxil olması ilə bağlı xəbərləri “yalan” adlandırıb. “Anam Türkiyəyə öz pasportu ilə daxil olub. Başqa sənədi olmayıb. ”Məryəm Solmaz” adını o, Türkiyədə istifadə edib”, – deyə mərhumənin oğlu əlavə edib.
Ayxan Məmmədov onu da deyib ki, anası hələ sentyabr ayından Türkiyəyə gedib və orada yaşayıb.
O, başqa suallara cavab verməkdən imtina edib və bütün suallara hüquq-mühafizə orqanlarının cavab verməli olduğunu bildirib.

Sevinc Babayevanın ölümü arxasında gizlənənlər

“Turan” Informasiya Agentliyinin Analitik Xidməti Sevinc Babayevanın ölümünü şərh edib. Maraqlı olduğu üçün şərhi oxucuların diqqətinə çatdırırıq:
Azərbaycan parlamentində deputat yerlərinin satışı üzrə işdə vacib şahid olan Sevinc Babayevanın müəmmalı ölümü Bakıda saraydaxili qarşıdurmanın konturlarını daha dəqiq aşkarladı.   Bu konturların aşkarlanmasında müxtəlif hakimiyyət qruplarının nəzarətində olan KIV-lər 2010-cu ilin parlament seçkilərinin saxtalaşdırılması üzrə işin əsas fiqurlarından daha çox rol oynadılar.
Kitabxanaçı Sevinc Babayeva ABU-nun keçmiş rektoru Elşad Abdullayevin gizli kamera ilə çəkdiyi videoçarxda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə onun parlamentdə yerlərin satışı üzrə şəriki, eks-deputat Gülər Əhmədova arasında vasitəçi kimi çıxış edir.
Abdullayev video ifşaları internetə sentyabrdan qoymağa başlayıb. Sevinc Babayeva 27 dekabrda Istanbul hospitalında öləndən iki həftə əvvəl növbəti çarxda Abdulayevi əmin edirdi ki,  deputat yerinə görə alınan 1 mln dolları Ramiz Mehdiyevə verib.
Bu videoçarxdan sonra Babayeva diqqətdən kənarda qaldı və onun yoxa çıxması barədə məlumatı ilk dəfə hökumətyönlü media yaydı. O heç cür qaça bilməzdi, çünki məxfi xidmətlərin müşahidəsi altlında idi. Babayeva yalnız belə vacib və təhlükəli şahidin olmasını istəməyən şəxsin köməyi ilə xaricə gedə bilərdi. Digər daha vacib şahid Gülər Əhmədova praktik olaraq ev həbsindədir və iddia edir ki, onu sərt tədbirlərdən ali hakimiyyət orqanlarındakı fiqurlara qarşı bir sıra ölkələrdə preventiv olaraq yerləşdirilən kompromatlar qoruyur. Deyirlər, uşaq qeyri-hökumət təşkilatının sədri Gülər Əhmədova yüksək məqamlı şəxslərə təkcə deputatlığa namizədləri yox, başqa mal da tədarük edib.
Abdullayevin video müraciətinə KIV-də üç fərqli yanaşma var. Müxalifət və müstəqil nəşrlər diqqəti Abdullayevin videoçarxları və bəyanatları və onun qurbanlarına yönəldirdi. Hökumətyönlü KIV və bütün teleradioşirkətlər bu mövzunu işıqlandırmırdı. Hökumətyönlü nəşrlərin bir hissəsi yalnız əsas ittiham olunanların – Ramiz Mehdiyevin, Gülər Əhmədovanın, Sevinc Babayevanın nəzər nöqtəsini təqdim edirdi. Digər hissə isə, hökumətyönlü KIV kimi bütövlükdə bu mövzudan kənarda dururdu. Maraqlıdır ki, Babayevanın ölümü barədə məlumatı ilk olaraq APA agentliyi, sonra Mehdiyevə yaxın 1news.az tipli digər KIV-lər yaydı. Ənənəvi olaraq onlar Abdullayevin videokliplərini kənarda qoyur, onlara lazımı diqqət yetirmirdilər. Indi isə Babayevanın ölümü barədə ətrafdakı xəbərlər teleqrafdan olduğu kimi axır. Maraqlıdır ki, bu məlumatlarda Babayevanın hansı işdə və kimə qarşı fiqurant kimi çıxış etdiyi barədə heç nə deyilmir. Sanki auditoriyanı inandırmaq istəyirlər ki, Babayeva ölüb və administrasiya rəhbərinə daha heç bir təhlükə yoxdur. Babayevanın ölümündən sonra birinci ledinin ailəsinə yaxın Trend, Day.az kimi nəşrlər tam laqeydlik nümayiş etdirməkdə davam edirdi. Onlar əvvəlki tək cəmiyyətin dilində olan mövzuları görməməkdə davam edirdi. Nəşrlər açıq mesacjlar yollayır ki, bu problem birbaşa olaraq onların dairəsinə aid deyil. Medianın müəyyən dərəcədə birinci və ikinci nümunədə olduğu kimi bu hədsiz reaksiyası saray daxili güc və intriqaların o biri tərəfini əks etdirir. Əgər bir tərəfin gərginliyini onların öz KIV-nin hədsiz həvəsi açıb göstərirsə, digərlərinin münasibətini tam əksinə olaraq “susmaq qızıldır” şüarı ört-basdır edir.