“Bu mənim Azərbaycan hakimiyyətinə münasibətdə tutduğum mövqe ilə bağlıdır”
“Sərhəd xidmətinin əməkdaşı mənə dedi ki, siz bizim Ali Baş komandanı saymırsız, biz də sizi saymırıq”
Məşhur Azərbaycan kinodramaturqu və rejissoru, Azərbaycan Ziyalılar Forumunun həmtəsisçisi Rüstəm Ibrahimbəyovu ölkə ərazisinə buraxmaq istəməyiblər. Dekabrın 30-da paytaxt aeroportunda Moskvadan Bakıya gələn Ibrahimbəyovun Azərbaycan diplomatik pasportu əlindən alınıb və o, sərhəd nəzarət məntəqəsindən buraxılmayıb.
“Mənə bildirdilər ki, diplomatik pasportum yoxlanılır. Bu dəfə mən ümummilli pasportumu təqdim etdim və bu sənədlə buraxılmağımı xahiş etdim. Amma bundan imtina etdilər və ”gözləyin” dedilər. Hazırda mənimlə eyni reyslə gələn bütün sərnişinlər sərhəd nəzarətindən keçiblər. Bu tərəfdə təkcə mən qalmışam”, deyə Ibrahimbəyov bildirib.
Bundan əvvəl isə o, VIP avtobusdan endirilib və ümumi zala keçirilib.
Bakı hava limanından şərh verməkdən imtina edərək, bu məsələnin gömrükçülərin və sərhədçilərin səlahiyyətinə aid olduğunu bildiriblər. Bu idarələrdən də şərh almaq mümkün olmayıb.
Hava limanında baş verənlərin səbəblərini aydınlaşdırmaq məqsədilə Ziyalılar Forumunun digər həmtəsisçisi Eldar Namazov hava limanına gedib. O, Bakıdakı xarici səfirliklərə hadisə haqqında məlumat verildiyini bildirib.
Maraqlıdır ki, diplomatik pasport Azərbaycan vətəndaşına bütün dünyada toxunulmazlıq zəmanəti verir. Belə çıxır ki, Azərbaycanın özündə bu toxunulmazlığa zəmanət yoxdur (contact.az).
“Azadlıq”a açıqlamasında Ibrahimbəyov bildirib ki, ondan başqa heç kimlə bağlı belə problem yaranmayıb. Ona isə bildiriblər ki, kompüterdə onun adı ilə bağlı guya hansısa anlaşılmazlıq var, bunu araşdırırlar.
“Media forum”a açıqlamasında isə tanınmış ziyalımız bunları deyib: “Hesab edirəm ki, bu mənim Azərbaycan hakimiyyətinə münasibətdə tutduğum mövqe ilə bağlıdır. Mən heç vaxt sərhəddə belə bir problemlə üzləşməmişəm. Həmişə VIP salonundan keçmişəm. Indi mənə deyirlər, səni VIP-dən buraxmayacağıq.
Burada keçiddən insanlar keçir, amma mənə deyirlər ki, texniki problem yaranıb, server işləmir, sistem işləmir, ona görə cavab gözləyirik və sair və ilaxır. Mən isə deyirəm ki, server işləmirsə, başqaları necə keçir? Mat-mat üzümə baxırlar, cavab verə bilmirlər. Deyirlər darıxmayın, gözləyin. Ora-bura qaçırlar, harasa zəng edirlər, kimdənsə nəsə soruşurlar. Görünür, məni ölkəyə buraxmamağa göstəriş verilib. Amma bu, həmişəki kimi əsassız göstərişdir, çünki mən Azərbaycan vətəndaşıyam, ölkəyə daxil olmaq haqqım var. Bu hərəkətlər mənim bir vətəndaş kimi hüquqlarımın pozulmasıdır”.
Rüstəm Ibrahimbəyov iki saata yaxın saxlanıldıqdan sonra Bakı aeroportunun sərhəd buraxılış məntəqəsindən ölkəyə buraxılıb. Ibrahimbəyov “Azadlıq”a bildirib ki, uzun çək-çevirdən və “haralarasa çoxsaylı zənglərdən” sonra onun sənədlərini qaytarıblar. Sənədləri qaytarandan sonra sərhəd xidmətinin əməkdaşı ona “irad” da tutub: “Siz bizim Ali Baş Komandanı saymırsınız, biz də sizi saymırıq”. Ibrahimbəyov isə cavabında bunları deyib: “Mən deməmişəm ki, onu saymıram. Demişəm ki, o məni saymırsa, mən də onu saymıram. Əgər məni saymırsınızsa, mən də sizi saymıram”.
İnformasiya şöbəsi