PA rəhbəri özünə qarşı yönəlmiş hücumların ünvanını göstərmək istəyib?
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev Elşad Abdullayevin videoları ilə bağlı ikinci açıqlamasında sabiq rektoru “hörmətli bir şəxsin xahişindən sonra” qəbul etdiyini bildirmişdi.
PA rəhbəri özü həmin şəxsin adını çəkməyərək bunu Elşad Abdullayevin öhdəsinə buraxmışdı. PA rəhbəri bu fikrini xüsusi tonda səsləndirmişdi. O zaman həmin hörmətli şəxsin ölkə başçısı Ilham Əliyevin əmisi Aqil Əliyevin olması barədə ehtimallar var idi. Lakin sən demə bu şəxs milli təhlükəsizlik nazir Eldar Mahmudov olub. Bunu Elşad Abdullayev “Azadlıq”ın dünənki sayına verdiyi müsahibədə deyib: “Məlumdur ki, Ramiz Mehdiyevlə hər adam görüşə bilməz. Mən ona 147 şikayət məktubu göndərmişəm, bir o qədərini də yaxın qohumları, başqa şəxsi kanallarla çatdırmışam. Həmin görüşə gəlincə, o zaman gördüm ki, Ramiz Mehdiyevin adamları sağa-sola vurur, onda milli təhlükəsizlik naziri Eldar Mahmudovun qəbuluna düşdüm. Ondan xahiş etdim ki, Ramiz Mehdiyevlə görüşməyimə yardım etsin. Eldar Mahmudov da mənim yanımda Ramiz Mehdiyevə zəng elədi, o da ertəsi gün saat 11-də məni qəbul etməyə razılaşdı. Bundan sonra Eldar Mahmudov mənə dedi ki, sabah saat 11-in yarısında MTN-də olum. Orada nazir müavini Əli Nağıyevlə görüşməliydim, o da məni Prezident Aparatına aparmalıydı. Deyildiyi kimi də elədim. Əli Nağıyevlə getdik Prezident Aparatına. 3-cü girişdə Əli Nağıyev məni yola salıb qayıtdı, mən də qalxdım Ramiz Mehdiyevin qəbuluna”.
Elşad Abdullayevin açıqlamasından sonra aydın olur ki, Ramiz Mehdiyevin məsələni qabartması təsadüfi deyil. Bəllidir ki, Ramiz Mehdiyevlə Eldar Mahmudov rəqib qruplaşmalarda təmsil olunurlar. Digər tərəfdən Ramiz Mehdiyev və komandası hesab edir ki, Elşad Abdullayevin yaratdığı təlatümlər rəqib qruplaşmanın işidir. Bunun Mehdiyev birinci açıqlamasında da dolayısı ilə bəyan etmişdi. Görünür, PA rəhbəri ikinci açıqlamada “hörmətli şəxs”dən danışmaqla ünvanı dəqiq göstərməyə çalışıb və bunu elə Elşad Abdullayevin öz əlilə etməyi düşünüb.


