“İşğaldakı 17 min kv.km-dən bir qarış ala bilmir, Cümhuriyyəti 300 kv.m-ə görə ittiham edirlər”
“Cümhuriyyət qurucularını aşağılaması hakimiyyətin cılızlığıdır”
İctimai Palatanın dünən keçirdiyi ictimai dinləmə bugünlərdə prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının ünvanına səsləndirdiyi ittihamla bağlı idi. Xatırladaq ki, İ.Əliyev Cümhuriyyət dövründə İrəvanın Ermənistana verilməsini xəyanət və bağışlanmaz səhv adlandırmışdı.
Tədbirin aparıcısı, Müsavat başqanı İsa Qəmbər Cümhuriyyət qurucularına qarşı böhtanların ilk dəfə səsləndirilmədiyini dedi: “Guya İrəvanı ermənilərə verməklə xəyanət ediblər. Bu rejimin həmin mövzuda danışmaq haqqı yoxdur. 1969-cu ildən xeyli torpaqlarımızın Ermənistana verilməsinə razılıq veriblər. Qarabağ münaqişəsində, ərazilərimizin itirilməsində bu sülalənin çox böyük payı, günahları var. Azərbaycanın 5 rayonu məhz 1993-cü ilin iyun qiyamından sonra Heydər Əliyevin hakimiyyəti dövründə ermənilərə təhvil verilib. Ötən illər ərazində bu torpaqların azad edilməsi istiqamətində real iş görülməyib. Belə bir rejimin nümayəndəsi Cümhuriyyətin qurucularını xəyanətdə ittiham edir. Bu, onların ruhuna xəyanətdir”.

Rəsulzadə irsinin araşdırıcısı, tarixçi alim Nəsiman Yaqublu məruzəsində İrəvanın verilməsi ilə bağlı tarixi həqiqətlərə aydınlıq gətirdi: “Ermənilər İrəvanı 1918-ci il mayın 28-də özlərinin paytaxtı elan edəndə bu, onların 12-ci paytaxtı idi. İrəvanın o vaxtkı ərazisi 300 kvadrat kilometr idi. Bakının ərazisi isə təxminən 2130. İrəvanla Bakı mübahisəli məsələyə çevrilmişdi. Təbii ki, Bakı bizim üçün daha önəmli idi. Hələ 1894-cü ildə erməni məsələsi qlobal məsələ kimi qoyulmuşdu. Bizim ərazilərimizdə böyük dövlət qurmaq, dənizdən-dənizə Ermənistan qurmaq ideyaları var idi. Bunların hamısı bir yerdə erməni məsələsi adlanırdı. Həmin məsələni 1894-cü ildə ABŞ Senatının iclasında gündəliyə saldılar. Demək istəyirəm ki, bəzən qarşı tərəfin gücünü dəyərləndirə bilmirik. Ermənilər 1885-ci ildə ilk partiyalarını – Armenekanı yaradanda hələ bizdə bir dənə siyasi təşkilat yox idi. Biz 1906-cı ildə “Difai”ni yaradana qədər ermənilər üç partiya yaratmışdılar. Həmin partiyaların da dünyanın əksər yerlərində şöbəkələri var idi. Yəni bizim İrəvan məsələsində uduzmağımızın səbəbi 1918-ci ilə bağlı deyil. Bunun daha dərin səbəbləri var. Məgər İrəvanla torpaqlarımızın əldən getməsi bitdimi? Sovet dövründə ermənilərə verilən torpaqlar haqda niyə danışılmır? 1920-ci il dekabrın 1-də Zəngəzur mahalının böyük hissəsi verildi ermənilərə, 1923-cü il 7 iyulda Dağlıq Qarabağ Muxtar vilayəti yaradıldı və demək olar ki, ermənilərin nəzarətinə verildi. 1923-cü il 18 sentyabrda Xankəndinin adı dəyişdirilərək Stepanakert oldu. 1929-cu il fevralın 18-də Naxçıvanın 657 kv.km-lik ərazisi verildi ermənilərə. Zəngilanın Nüvədi kəndi, Qazaxın 4400 kv.km-lik ərazisi 1930-cu illərə qədər verildi ermənilərə. 1930-cu ildə Naxçıvanın Əldərə, Leyfaz və digər bir neçə ərazisi verildi ermənilərə və Mehri yaradıldı. 1938-ci ildə Naxçıvanın Sədərək və Kərki kəndlərinin böyük bir hissəsi ermənilərə verildi. 1947-1953-cü ilə qədər 150 min azərbaycanlı tarixi yurdlarından deportasiya olundu. 69-cu ildə Laçının Qaragöl ərazisi, Qubadlının Çaydəmi, Qazaxın Kəmərli, Kəlbəcərin Zod qızıl yataqları verilir Ermənistana. 82-ci ildə Qazaxın İncədərə yaylağı, Aslanbəyli, Qaymaqlı əraziləri verilir Ermənistana. 1988-ci il 15 iyunda isə Ermənistan Ali Soveti qərar qəbul edir ki, Dağlıq Qarabağ birləşdirilsin Ermənistana. Bu faktları ona görə sadaladım ki, əgər günahkar axtarılırsa, bizim hamımız günahkarıq.
200 ildə yeganə Cümhuriyyət və Elçibəy hakimiyyəti dövrüdür ki, torpaqlarımız uğrunda həqiqi savaş gedib.

1918-ci ildə İrəvanda 12 min erməni silahlı qüvvəsi oranı özlərinə paytaxt elan eləmişdilər. Bakı ermənilərin və bolşeviklərin əlində idi. Bakı və digər bölgələrimiz uğrunda qanlı döyüşlər gedirdi. Nuru Paşanın komandanlığı ilə türk əsgərləri bizə kömək edirdilər. Azərbaycanın gücü çox az idi. O güc Bakını və Gəncəni, digər bölgələrimizi xilas etməyə ancaq yetirdi. Milli Şuranın mayın 29-da keçirilən iclasında İrəvanın ermənilərdə qalması məsələsi müzakirə edilib və səsvermə olub. 20 nəfər lehinə, 16 nəfər əleyhinə səs verib. Rəsulzadə həmin iclasda iştirak etməyib. Çünki həmin vaxt o, Batumda konfransda türklərlə danışıqlar aparırdı. Fətəli Xan Xoyski deyirdi ki, qaçılmaz bəlaya düşmüşük, danışıqlarda bizə dəstək verən yeganə dövlət Türkiyədir. Türkiyənin özü o zaman pis durumda idi. 8 yerə parçalanmaq üzrə olan Türkiyənin həm Bakını, həm də İrəvanı müdafiə edib azad etmək qüdrəti yox idi. Hələ Türkiyə tarixçiləri deyir ki, sizin bəxtiniz onda gətirdi ki, o vaxt Ənvər Paşa kimi romantik bir adam hərbi naziri idi. Ənvər Paşa olmasaydı, Türkiyə Bakıya ordu göndərə bilməyəcəkdi. Reallıq bundan ibarətdir ki, biz İrəvan məsələsində gücsüz olmuşuq və İrəvanı müdafiə edib saxlaya bilməmişik. Necə ki, 20 ildir Şuşanı müdafiə və azad edə bilmirik. 21 ildir 17 min 400 kvadrat kilometrlik ərazidən hələ bir metr ərazini azad edə bilməmişiksə, 23 aylıq Cümhuriyyəti 300 kvadrat kilometrlik əraziyə görə ittiham etməyə haqqımız yoxdur”.

Dilçi alim, professor Firudin Cəlilov bildirdi ki, o zaman İrəvan o şərtlə verilib ki, ermənilər Qarabağ məsələsini qaldırmayacaq: “Bu, qlobal xarakter daşıyan, xəritələrin yenidən qurulmasına hesablanan layihə idi. İrəvan xanlığı Qafqazda Rusiyaya ən gec təslim olan xanlıqdır. 20 il müharibə apardılar bu xanlığı tuta bilmədilər. Hiyə bu gün Hərimanovun adı çəkilmir ki, Zəngəzuru verib ermənilərə. Çünki o da layihənin davamı idi. İki türkün – buradakı türklərlə, Türkiyə türkləri arasına bir xətt salmaq lazım idi. Maşa kim də ermənilərdən istifadə etdilər. Livandan, Türkiyədən, İrandan erməniləri gətirib yerləşdirdilər ki, türk toplumunun, gələcək Turanın belini elə bu başdan qırsınlar. Bunu da kommunistlərin əli ilə etdilər. Hiyə Minsk Qrupundakı üç dövlət bu münaqişəni həll etmək istəmir? Çünki bu məsələni alt qatı var və o xətdi bir az genişləndirmək lazımdır. Artıq erməni kartı oynamır. İndi də kürd kartını ortaya atıblar. Bu zolağı genişləndirib orada Kürdüstan yaratmaq istəyirlər”.
F.Cəlilov hesab edir ki, Rəsulzadə komandasının tərkibində böyük bir elitanın olması Azərbaycan xalqının xoşbəxtliyi idi: “Mən professoram. Amma mənim kimi min professor onların səviyyəsinə qalxa bilməz. İstər insanlıqda, istər mədəniyyətdə, istər dünyagörüşündə, milli hisdə. Bunlar mütəxəssis kimi də, siyasətçi kimi də bizdən qat-qat üstün idilər. Rəsulzadə və onun komandasını gözdən salmaq indiki hakimiyyətin cılız siyasətidir. Siz hələ gəlin, onların bir dırnağı olun, onların səviyyəsinə qalxın, sonra danışın”.

AXP sədri Pənah Hüseyn bildirdi ki, Cümhuriyyətin qurucuları haqda danışanlar öz məsuliyyətlərini bilməlidirlər: ” Cümhuriyyəti quran şəxslər simvoldurlar. Bu simvola əl uzatmaq silahlı işğala bərabər təcavüzdür. Onlar bizə dövlət veriblər. Faktlar ortaya çıxanda məlum olur ki, Xalq Cümhuriyyətini ittihamların əsası yoxdur”.
İP Koordinasiya Şurasının üzvü Mehriban Vəzir İ.Əliyevin Cümhuriyyətin ünvanına səsləndirdiyi ittihamların səbəbsiz olmadığını dedi: “Biz bu günə qədər bu məsələdə müdafiə mövqeyində olmuşuq. Artıq hücuma keçməyin vaxtıdır. Hakimiyyətdən hesab sormalıyıq. Məqsədiniz nədir? Cümhuriyyətin qurucularına ləkə yaxmaqla nə planlaşdırırsınız? 2013 üçün qafanızda, qovluğunuzda nə var ki, bu gün İrəvan məsələsini ortaya gətirirsiniz? Kimə, nə söz vermisiniz? Gələcəkdə edəcəyiniz hansı cinayət üçün zəmin hazırlayırsınız?”
İP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli hesab edir ki, əsas problemlərdən biri insanların bir çoxunun Azərbaycanın tarixi həqiqətlərini bilməməsidir: “Şimali Azərbaycan Rusiya tərəfindən işğal olunandan sonra çar imperiyasının xüsusi planı ilə ermənilər İrandan və Yaxın Şərqdən Azərbaycan ərazilərinə yerləşdirildi. 18-ci ilin mart qırğınlarında təkcə Bakıda yox, Qubada, Salyanda, Şamaxıda – bütün bölgələrdə Azərbaycan türkləri kütləvi şəkildə qətlə yetirildi. Bu, Bakının, Qarabağın, İrəvanın, Gəncənin – hər yerin demoqrafiyasına təsir etdi. Ermənilərin həm Qərbdən siyasi dəstəkləri var idi, həm də Rusiyadan. İmperiya dağılanda məlum oldu ki, ermənilərin çox böyük silahlı dəstələri var. Bakı faktiki onların nəzarətində idi. Əgər Huru Paşanın qoşunları olmasaydı, Bakını çox çətinliklə azad edərdik. Belə ağır vəziyyətdə Xalq Cümhuriyyəti cəmi 23 ay ərzində nə elədi? Türkiyədən olan qardaşlarımızın dəstəyi ilə Gəncədə möhkəmləndilər. Oradan ta Bakıya qədər yürüş edib şəhəri işğaldan azad etdilər. Qarabağ icmasının liderlərini məcbur etdilər ki, Azərbaycan respublikasının tərkibində qaldıqlarını səs çoxluğu ilə rəsmən qəbul etsinlər. Və Azərbaycanın ərazi bütövlüyünü tanısınlar. 116 min kv.m-lik ərazidə bu dövləti bərqərar etdilər. Haxçıvanı çox mübahisələndirmək istədilər, Xalq Cümhuriyyəti imkan vermədi. Hər yerdə suverenlik təmin edildi, bir İrəvana gücümüz çatmadı. İndi bu qədər yaxşı işlər görüb, bizə heçdən dövlət yaradan insanların əməllərini cinayət adlandırmaq nəyə xidmət edir? Belə fikir var ki, guya bu, İlham Əliyevin ermənilərə qarşı ortaya qoyduğu mövqedir. Belədirsə, bunun üçün əlimizdə kifayət qədər vasitə var. Hiyə indiyə qədər Azərbaycanda bir deportasiya muzeyi yaradılmayıb? Hiyə Ermənistandan – Azərbaycanın tarixi torpaqlarından qovulmasının sənədləşdirilməsi həyata keçirilmir? Öz torpaqlarından didərgin düşmüşlərin qaçqın statusu varmı? Yoxdur. Xocalı ilə bağlı niyə bir soyqırım muzeyi yaradılmır? Xocalı ilə bağlı sistemli iş aparılmır. 18-ci ilin mart qırğınları ilə bağlı bilirsiniz necə gözəl arxivləşdirmə aparılıb. Vaxt tapıb bunu araşdırmışdım. Xalq Cümhuriyyətinin xüsusi komissiyası bu faktların bütün Avropa dillərinə tərcümə edilib çap olunması ilə bağlı qərar qəbul etmişdi. Hətta Azərbaycan türklərinə vurulmuş maddi ziyan da sənədləşdirilmişdi. Hiyə bunun davası aparılmır? Hiyə bunlar ortalığa qoyulmur? Hecə olur ki, Azərbaycan hökuməti Pakistandan Fransaya qədər xeyriyyəçiliklə məşğul olur, amma ciddi tarixi konfranslar təşkil edib Cənubi Qafqazın tarixini bütün dünyaya açmır? Tarixin açılması birmənalı şəkildə bizim alimlərin dediklərini sübut edəcək. Sovet dövründə Azərbaycanın 116 min kv.km-lik ərazisindən 86 min kv.km. qalmışdı. 20 min kv.km. həmin o qaranlıq illərdə ermənilərə peşkəş edildi. Hiyə bunun hesabını sormurlar? Həhayət gözümüzün qabağında yenidən işğal edilən 16 min kv.km-lik ərazimizin davasını çəkmək daha düzgün olmazmı? Demək, İlham Əliyevin məqsədi ermənilərə hücum etmək deyil. Məqsəd, Xalq Cümhuriyyətinin qurucularını aşağılamaqdır”.

Ə.Kərimli Azərbaycan hakimiyyətinin Cümhuriyyəti niyə qaralamaq istədiyinə də aydınlıq gətirdi: “Heydər Əliyevin vaxtından bu günə kimi Cümhuriyyətin qurucularını düşmən görür, heç cür qəbul edə bilmirlər. Bir səbəb odur ki, bunlar tarixi nə qədər saxtalaşdırsalar da, Heydər Əliyevi Azərbaycanın qurucusu kimi təqdim edə bilmədilər. Dost ölkələr belə, İlham Əliyevi incitmək istəyəndə Rəsulzadədən misal çəkirlər. Ərdoğandan Saakaşviliyə qədər Azərbaycan parlamentinin qurucusu olaraq məhz Rəsulzadənin adını çəkib. “Eurovision”la bağlı dünya mətbuatında gedən məqalələrdəki bütün pozitiv məqamlar Xalq Cümhuriyyəti haqda oldu. Hamı bu sülaləni, korrupsiyanı ittiham etdi, Cümhuriyyətin nailiyyətlərini isə nümunə kimi göstərdi. Tarixi nə qədər saxtalaşdırsalar da, Rəsulzadədən önə keçə bilmirlər. Qurucu babalarımız haqda həqiqətlər yaşadıqca bunların nə qədər yaramaz rejim olduğu aydın olur. Birdən xalq xəbər tutur ki, Xalq Cümhuriyyətinin baş naziri atasından borc pul istəyib. Səhəri gün də oxuyur ki, Azərbaycan prezidenti öz ailəsi üçün daha nələr əldə edib, hansı oliqarx daha nələri ələ keçirib. Xalq da düşünməyə, müqayisə aparmağa məcbur olur. Hakimiyyət hücuma keçməklə hesab edir ki, Cümhuriyyətin uğurlarını ört-basdır edəcək. Halbuki buna heç sovet rejimi nail ola bilməmişdi. İlham Əliyevin Cümhuriyyətin qurucularını bu şəkildə aşağılaması hakimiyyətin şəxsi, cılız maraqlarına xidmət edir. İlham Əliyev də, hakimiyyət də bilməlidir ki, babalarımızın heçdən yaratdığı və bizlərə əmanət etdiyi dövlətin mənəvi dəyərlərini hər zaman qoruyacaq, sülalə hakimiyyəti yaratmaq istəyənlərin qarşısını alacağıq”.
Gültəkin



