O niyə susur?

Elşad Abdullayevin məlum videoları Trinidad-Tobaqo hakimiyyətininmi mahiyyətini ifşa edir? Yox.
O videolardakı kriminal-mafioz qrupların meydan suladığı ölkə Hondurasdırmı? Yox.
Videolarda adı keçən Ramiz Mehdiyev Konqo prezidentininmi administrasiya rəhbəridir? Yox.
Mandat alveri ilə məşğul olan Gülər Əhmədova Çin Kommunist Partiyasınınmı üzvüdür? Yenə yox.
Elə isə Ilham Əliyevin bütün bu baş verənlərə, olub-bitənlərə səssiz qalmasını nə ilə izah etmək olar? Hanı onun münasibəti? Başında dayandığı sistemin çirkinliklərini, iyrəncliklərini ortaya qoyan faktlar qarşısında nə düşünür?
Şəxsən mənə o videoda ya özü görünən, ya adları çəkilən kimsənin münasibəti maraqlı deyil.
Məni heç onların hüquqi məsuliyyəti də maraqlandırmır.
Hüququn olmadığı bir ölkədə zatən belə bir məsuliyyət haqqında düşünmək də sadəlöhvlükdür.
Mənə sistemin başındakı adamın münasibəti maraqlıdır.
Bir halda ki, o, tək istəyi ölkədə azadlıqların, ədalətin, demokratiyanın, hüququn üstünlüyünün bərqərar edilməsi olan insanlar haqqında nə düşündüyünü açıq-açıq söyləyə bilir…
Belələrini “erməni”, “satqın”, “xəyanətkar”, “element”, “ünsür” adlandırır, o zaman zəhmət çəkib mandat satanlar…
Adam oğurlayanlar…
Yetim haqqı yeyənlər…
Hüquqa və əxlaqa sığışmayan hər cür pisliyə bulaşanlar haqqında da nə düşündüyünü açıq-açıq söyləməlidir.
Cavab verməlidir görək, biz onun gözündə “satqınıqsa”, onda öz ətrafında sıx birləşib ən ağlagəlməz cinayətlərə bulaşanlar kimlərdir?
Biz onun üçün “erməni”yik, “vətən düşməni”yik, “xəyanətkar”ıq, “element”ik, olsun, qəbulumuzdur.
Bəs Ramiz Mehdiyev kimdir?
Bəs Gülər kimdir?
Bəs DIN-in 7-ci idarəsi nəmənədir?
Bəs “bandotdel” nədir?
Rejim başçısı bizə qoyduğu adların mində birini başında dayandığı sistemi ayaqda saxlayanlara niyə qoymur?
Axı bütün bu olub-bitənlərə sanki heç nə olmamış kimi…
Sanki olanların Azərbaycanla yaxından-uzaqdan heç bir dəxli yoxmuş kimi necə təpkisiz, reaksiyasız qalmaq olar?
Əgər möhtərəm düşünürsə ki, səssizliyi ilə, reaksiyasızlığı ilə özünü baş verənlərin məsuliyyətindən azad edir, yanılır.
Ağlı başında olan adamlar bilirlər: bu ölkədə ondan xəbərsiz quş uçsa qanad, qatır qaçsa dırnaq salar.
Aldığımız nəfəsdən belə xəbərdardır.
Izni olmadan ağacdan yarpaq belə düşməz.
O üzdən də başında ağlı, içində vicdanı olan hər kəs üçün onsuz da hər şey aydındır.
Onun olanlara münasibətsiz qalması onsuz da heç nəyi dəyişmir.
Onsuz da yaşananlara münasibətsiz qalmasının özü də bir münasibət kimi qəbul ediləcəkdir.
Tıpkı səssiz qalmağın razılıq əlaməti olaraq qəbul edildiyi kimi.
Elə isə susmağın adı nədir?
Korrupsiyaya qarşı mübarizə haqqında qanun qəbul etmək asandır.
Amma gerçəkdən də korrupsiyaya qarşı olduğunu indi göstərməyib də nə vaxt göstərmək olar?
***
Bəlkə bu yazını yazmaqla elə mən də nə qədər sadəlöhv olduğumu göstərdim. Dubay mülklərinin fotoları çıxanda özünü möhtərəmə sipər edənlər, onun müdafiəsinə qalxanlar elə bugünkü videoqəhrəmanlar deyildilərmi?
O zaman möhtərəmin susmaqla öz vəfa borcunu yerinə yetirməsindən təbii nə ola bilər?
Havayımı demişlər:
Əl əli yuyur, əl də üzü.
Gəldiyim bir qənaət
Bəzən ümumi işə zərbə vuran adamlar, davranışlar haqqında yazmaq da yorur adamı.
Əlbəttə, həqiqəti yazmaq heç vaxt yorucu deyil. Əksinə, insana ruh verir.
Üstəlik, namus və şərəf məsələsidir.
Amma kimlərinsə həqiqətin qələbəsinə mane olan davranışlarına görə səndən də mövqe tələb edilməsi nə qədər təbii olsa da, bir o qədər də aktuallığını itirmiş məsələdir.
Mən xeyli vaxtdır bu qənaətə gəlmişəm: artıq bu ölkədə hər kəs özünə cavabdehdir. Öz duruşuna, öz davranışına cavabdehdir.
O üzdən “filankəs niyə belə elədi?”, “filan şey niyə belə oldu?” tipli suallarla nə ilgilənir, nə də özümü bu cür suallar verməyə borclu sayıram.
Kimlər alınır, kimlər satılır, öz işləridir. Can da onların, cəhənnəm də.
Mən ancaq özümə cavabdehəm.