Hakimiyyət RATI-ni parçalayır?

Ümumrusiya Azərbaycan Konqresindəki dəyişikliklər müxtəlif mülahizələrə səbəb olub

Ümumrusiya Azərbaycan Konqresində (ÜAK) vitse-prezident postları bərpa oluna bilər. APA-nın Moskva müxbirinin məlumatına görə, bir müddət əvvəl ÜAK prezidenti Məmmədbağır Əliyevin sədrliyi ilə keçirilmiş toplantıda ÜAK-ın növbəti qurultayının keçirilməsi məsələsi müzakirə olunub. ÜAK-ın növbəti qurultayının keçirilməsi qərar alınıb. Qurultayın vaxtı gələn ilin əvvəllərində müəyyən olunacaq.
Qurultayda müzakirəyə çıxarılması üçün bir sıra təkliflər səsləndirilib. Təkliflər arasında ləğv olunmuş vitse-prezident vəzifələrinin yenidən bərpa edilməsi məsələsi də olub. Bu təklifin də növbəti qurultayda müzakirəyə çıxarılması qərara alınıb.
Ümumrusiya Azərbaycan Konqresinin sonuncu, III qurultayı 2011-ci il noyabrın 25-də keçirilib. Qurultayda ÜAK-ın Nizamnaməsinə dəyişikliklər edilib. Dəyişikliyə əsasən, vitse-prezident vəzifəsi ləğv olunub. Bunun əvəzində təşkilatın 31 nəfərdən ibarət Idarə Heyəti yaradılıb.
ÜAK-ın vitse-prezidentləri Rusiyada fəaliyyət göstərən iş adamları Araz Ağalarov, Isgəndər Xəlilov, Vahid Ələkbərov və başqaları olublar. Həmin şəxslər yeni yaradılan Idarə Heyətində təmsil olunurlar.  
ÜAK-da daha bir dəyişiklik baş verib. Mikayıl Hüseynov ÜAK-ın baş katibi vəzifəsindən geri çağırılıb.
O, Azərbaycan Respublikası Diasporla Iş üzrə Dövlət Komitəsində şöbə müdiri vəzifəsinə təyin olunub. Onun ÜAK-dakı vəzifəsi isə hələlik boşdur.
Baş katibin səlahiyyətlərini hazırda ÜAK-ın sədr Aparatının rəhbəri Nemət Nağdəliyev icra edir.
Bəzi mülahizələrə görə, ÜAK-dakı dəyişiklik birbaşa Rusiya Azərbaycan Təşkilatları Ittifaqı ilə bağlıdır. Məsələ burasındadır ki, bir neçə gün əvvəl ölkə başçısı Ilham Əliyev Rusiya Azərbaycan Təşkilatları Ittifaqının (RATI) sədri, baş nazirin sabiq müavini Abbas Abbasovla görüşmüşdü.  RATI sədrinin sözlərindən belə anlaşılırdı ki, görüş uğurlu keçib və Ilham Əliyevin artıq RATI problemi yoxdur. Lakin bu görüşdən sonra diaspora məsələləri üzrə komitənin sədri Nazim Ibrahimov RATI-yə münasibətlərinin dəyişmədiyini bəyan etdi. Komitə sədrinin “Milyarderlər Ittifaqı”nı “vurmasından” sonra belə mülahizələr irəli sürüldü ki, ya Ilham Əliyevlə Abbas Abbasovun söhbəti alınmayıb, ya da bu bəyanat Nazim Ibrahimovun da daxil olduğu hakimiyyətdəki RATI əleyhdarlarının ölkə başçısına demarşıdı. ÜAK-dakı dəyişikliklər daha çox ikinci versiyanın üzərində dayanmağa əsas verir. Təşkilatın baş katibi Mikayıl Hüseynov Nazim Ibrahimova yaxın şəxsdir. Onun geri çağırılması Ibrahimovun “vurulması” kimi dəyərləndirilə bilər. Deməli, komitə sədrinin məlum bəyanatı heç də birinci şəxsdən qaynaqlanmadığını düşünmək olar.
Lakin başqa versiya da var. Ehtimal olunur ki, bu dəyişikliklər RATI-ni parçalamaq üçün həyata keçirilib. Hər halda RATI-nin təsis edilməsində iştirak edən Araz Ağalarov, Isgəndər Xəlilov və Vahid Ələkbərovun ÜAK-da vitse-prezident postuna təyin edilmələri, eyni zamanda yeni yaradılan Idarə Heyətinda təmsil olunmaları kifayət qədər maraqlıdır.

Azad