Gülər can hayında…

Qəzetlər video axtarır
Elşad Abdullayev yenə gündəmi silkələməkdədir. Bu silkələnmələr, təlatümlər hələ istənilən effekti verməsə də, hakimiyyətdə ciddi narahatlıq sezilməkdədir. Videoların ortaya çıxdığı ilkin vaxtlarda cəmiyyəti şok effekti yaradan bu hadisəyə hakimiyyətdən, əlaltılardan göstərilən reaksiya indi yoxdur. Hoqdaundan ayılmış kimi görünürlər. Dalbadal vurulan gözlənilməz zərbələrdən sarsılsalar da, sanki bir qədər özlərinə gəliblər. Baş verənləri sadəcə seyr edirlər.
Dünyanı heyrətə gətirəcək (Azərbaycan üçün adi olsa da) faktlar qarşısında təslim olmuş kimi görünürlər. Əsas hədəf kimi seçilən Ramiz Mehdiyev də küncə sıxışdırılmış durumdadır. Ətrafına qəflətən müavinlər sipəri çəkilməsini də çoxları təsadüfi saymır. Ölkənin idarəçiliyində, elə mandat bazarlığında (videodakı bir ifadəni – Ilham Əliyevin bir deputat mandatı ilə bağlı xahişə “seçki mənlik deyil, Ramizi görün” tipli cavabını yada salın) “boz kardinalı”ın hansı səlahiyyətlərə sahib olması da görünür. Hətta bu videolar olmasa belə ölkədə hər kəs onun Heydər Əliyevdən sonra söz sahibi olduğunu yaxşı bilirdi. Indi onun da fəallığı nəzərə çarpmır. Üstəlik, Sevinc Babayevanın Türkiyədə müəmmalı ölümü vəziyyəti bir qədər də gərginləşdirib. Yayılmış videolarda əsas hədəf Ramiz Mehdiyev olduğundan (bunu o özü də açıqlamasında demişdi) ölüm hadisəsi ilə bağlı diqqət də, demək olar, bir istiqamətə yönəlib…
S.Babayevanın nədən öldüyü dartışılmaqdadır. Bütün şübhələrin başında onun aradan götürülməsi dayanır. Hətta adam öz əcəliylə ölübsə (bu hamı üçün keçiləcək yoldur), xəstəxananın ilkin açıqlamaları ortada olsa belə, yenə də şübhələr qalır. Ekspertlər də deyir ki, elə vasitələr var, adamı infarkt həddinə çatdırır və heç bir iz buraxmır. Azərbaycanda isə onu araşdırmağa həvəsli olanlar hələ ortada görünmür. Araşdırmağa borclu olan hüquq-mühafizə orqanları da şübhəsiz, icazəsiz addım atmayacaq. Ekspert rəyinə gəldikdə… Istənilən xəstəxanadan gərəkli rəy almaq hakimiyyət üçün problem deyil. O ki ola qardaş Türkiyə klinikaları…
Sevinc Babayevanın ölüm xəbəri video qalmaqalının əsas iştirakçılarından birini – Gülər Əhmədovanı da çətin duruma salıb. Jurnalistlərin hadisəylə bağlı suallarına o, “canımın hayındayam” cavabını verib. Bu cavabın arxasında nələr dayanır? Adam həqiqətən canı ağrıyanda da bu cavabı verir. Amma burda söhbət başqa ağrıdan gedir. Hakimiyyətin mandat, icra başçısı alverinin əsas iştirakçılarından olan bu iki qadından biri müəmmalı şəkildə ölkədən gedir və elə müəmmalı şəkildə də getdiyi ölkədə ölür. Hətta sağlam olsa belə, adam bu hadisədən sonra xəstəlik tapa bilər. Videolara düşməyən informasiyalar daşıyıcısı olduğuna görə. Sevinc Babayevanın Elşad Abdullayevlə söhbətində də Gülər Əhmədovanın hakimiyyətdəkilərin, hətta müxalifətdəkilərdən bəzilərinin işlərini aşırdığını eşidirik. Belə böyük qaranlıq əhatə dairəsi olan, rüşvət, korrupsiya qalmaqalında adı hallanan adam çoxları üçün artıq arzuolunmaz şəxsə çevrilib. Videoların yayıldığı və öz düşərgəsindən təhqiramiz sözlər eşitdiyi çağlarda onun çoxlarını susmağa məcbur etdiyi “ağzımı açdırmayın” hədəsi də indi o qədər də təhlükəli deyil. Çünki heç kimə bu tipli hədə gəlməyən adam – Sevinc Babayeva artıq həyatda yoxdur. Can hayına necə qalmayasan…
azadmekan.org