Dünyada arzulunmaz şəxslərin aradan götürülməsi təcrübəsi geniş yayılıb
Ən yaxşı vasitə isə iz buraxmayan zəhər sayılır
Elşad Abdullayevin açıqladığı məlum videolarda Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın müəmmalı şəkildə vəfat etməsi xəbəri günün ən çox müzakirə olunan mövzusudur. Hələ bu xəbər yayılmazdan əvvəl də Sevinc Babayevanın öldüyü ehtimal edilirdi. Çünki əsas şahidin aradan götürülməsi bu işdə adı hallanan kimlərəsə sərf edir. Təbii ki, S.Babayevanın ölümündə konkret olaraq kimlərisə ittiham etmək üçün əlimizdə tutarlı əsas yoxdur.
Onun fiziki məhvindən maksimum yararlana biləcək insanların da nəyisə etiraf edəcəyini gözləmək olmaz. Ancaq bu ölüm hakim dairələr üçün arzuolunmaz şəxslərin aradan götürülməsi üçün istifadə edilən vasitələri yada salır. Hələ bir neçə əsr əvvəlin tarixinə nəzər salanda da hakimiyyət üçün başağrısına çevrilən, yaxud hakimiyyət uğrunda mübarizə aparan şəxslərin müxtəlif vasitələrlə öldürüldüyünü görmək olur. O dövrdə əsasən zəhərdən istifadə edilirdi. Müasir dövrdə də zəhər əsas vasitələrdən biridir, lakin elm onun daha mükəmməl vasitələrindən yararlanmağa imkan verir. Fərq yalnız ölümə səbəb olan vasitənin gücündə deyil, həm də izi itirməkdədir. Arzuolunmaz şəxsi aradan götürmək bir qayda olaraq xüsusi xidmət orqanlarının vəzifəsi kimi qəbul olunur. Müasir imkanlar isə nəinki vaxtında izi itirmək, hətta ölən şəxsin dəqiq nədən öldüyünü də ört-basdır etməyə imkan verir. Bir çox hallarda yenə də zəhərdən istifadə edilsə də, ölümə səbəb başqa xəstəlik olur. Zəhərlər kimi zəhərlənmələrin də növü müxtəlif olur. Məsələn, zəhərlənən şəxs qısa müddətdən sonra infarktdan dünyasını dəyişir. Yaxud zəhərlənən şəxs dərhal deyil, bir neçə aydan sonra dünyasını dəyişir və bu da onun nədən zəhərləndiyini müəyyən etməyi çətinləşdirir.
Xüsusi xidmət orqanlarının istifadə etdiyi zəhərlərin bir çoxu barədə, ümumiyyətlə, məlumatlar açıqlanmır. Hələ sovet vaxtı DTK-nın xüsusi laboratoriyasının olduğunu və orada arzuolunmaz şəxslərin aradan götürülməsi üçün xüsusi vasitələrin hazırlandığı məlumdur. Laboratoriyada əsasən öldürücü zəhərlər və qazların hazırlanması həyata keçirilib. Bu tip “məhsullar” ildən-ilə təkmilləşir. Zəhər üçün əsas şərt onun qurbanının ölümünün təbii görsənməsidir. Hətta bəzi hallarda həkimlər də ölüm səbəbini müəyyən etməkdə çətinlik çəkir. Məsələn, uzun müddət elə hesab edilib ki, antisovet yazıçısı Lev Rebet 1957-ci ildə infarktdan ölüb. Lakin hadisədən bir neçə ilə sonra DTK-da onun ölümünü təşkil edən şəxs xaricə qaçır və Rebetin üzünə zəhərli qaz fısqırdığını, bunun isə infarktda səbəb olduğunu etiraf edib.
Yaxud Ritsin adlı zəhərlə zəhərlənən şəxs qrip və qızdırmadan əziyyət çəkir, bir neçə gündən sonra isə dünyasını dəyişir. Son dövrlərə qədər bu zəhərə çarə tapılmayıb. 1978-ci ildə Londonda dünyasını dəyişən dissident Georgi Markovun bu vasitə ilə aradan götürüldüyü deyilir. Onun bədəninə dayanacaqda avtobus gözlədiyi zaman “təsadüfən” ucunda zəhərli iynə olan çətir dəyir. Bir neçə saat sonra isə o, qızdırmadan dünyasını dəyişir.
Tetraetilqurğuş adlı zəhər mərkəzi əsəb sistemini sıradan çıxarır. Beyinə güclü təsir edən bu xoşətirli qazın cüzi miqdarı beynin funksiyasının pozulmasına səbəb olur. Bir müddət davam edən xəstəlik ölümlə nəticələnir.
Digər təhlükəli zəhər Poloniyum-210-du. Adətən nüvə araşdırmalarında istifadə edilən bu maddənin 7 pikoqramı (1 pikoqram – qramın trilyonda bir hissəsidir) insan üçün ölümcül doza sayılır. Zəhər 138 günə insanın bütün orqanlarını sıradan çıxarır. Bu zəhərin yaradıcısının qızı isə kapsulun sındığı laboratoriyada bir neçə saat işləyəndən sonra xərçəng xəstəliyinə tutulub.
Yuxuda ölümə gətirən zəhərlər də az deyil. Belə zəhərlər hələ orta əsrlərdən məlumdur. Zəhərlənən insan heç bir ağrı və narahatçılıq hiss etmir. Lakin yuxuyan gedəndən bir müddət sonra ürəyi dayanır. Bu zəhərlərin əksəriyyətini sonradan orqanizmdə aşkar etmək mümkün olmur.
Terrorla mübarizədə də zəhərdən “uğurla” istfiadə edilir. Bir neçə il əvvəl Çeçenistanda səhra komandiri Xəttab naməlum zəhərlə zəhərlənib. Yeri gəlmişkən, o zaman yayılan məlumatlara görə, məhz Bakıdan ona aparılan məktubda zəhər olub. Məktubu açan Xəttab zəhərləndiyini başa düşmür və bir neçə gün sonra ölür.
Sadalanan bütün misallar bir daha sübut edir ki, xüsusi xidmət orqanları aruzolunmaz şəxsləri aradan götürmək üçün müxtəlif vasitələrə əl ata bilər. Sevinc Babayeva da bu vasitələrlə aradan götürülə bilərdimi? Hər halda onun düşdüyü vəziyyət bunu deməyə əsas verə bilər.
Fizzə


