sevincbabayeva-son

Sevinc Babayeva nədən və hansı şəraitdə ölüb?

sevincbabayeva-sonMüəmmalı ölümlə bağlı yeni məlumatlar; iqtidarçl deputat ortada qəsd ola biləcəyindən şübhələnir

Fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Universitetin (ABU) keçmiş rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videolarda adı vasitəçi kimi çəkilən Sevinc Babayevanın ölümü ilə bağlı ötən gün bir sıra konkret məlumatlar axmağa başladı. Bəlli oldu ki, S.Babayeva “Medicana International Istanbul” xəstəxanasında ölüb. Xəstəxananın həkimlərindən biri “AzNews.az”a açıqlamasında Babayevanın dekanrın 26-da öldüyünü bildirib.
Xəstəxananın mətbuatla iş üzrə səlahiyyətlisi Sibel Göksu isə “Media forum” saytına açıqlamasında Sevinc Babayevanın ölüm xəbərini təsdiqləyib, amma əlavə məlumat verə bilməyəcəyini deyib: “Ailə mətbuata, ictimaiyyətə əlavə məlumat vermək üçün bizə izn verməyib. Ölümün səbəbi haqqında, nə vaxt klinikaya müraciət eləməsi barədə sizə heç nə deyə bilmərəm. Siz Azərbaycanın Istanbuldakı konsulluğu ilə əlaqə saxlayın”.
Sibel Göksu artıq mərhumun yaxınlarının klinikada olduğunu, meyitin Azərbaycana aparılması prosesi ilə məşğul olunduğunu deyib.

Konsul Sevinc Babayevanın ölümündən danışdı

“Sevinc Babayevanın ölümünün dəqiq səbəbini müəyyən etmək üçün meyitin tam tibbi müayinəsi sabah həyata keçiriləcək. Yalnız bundan sonra ölümün konkret səbəbi bilinəcək. Tam müayinə başa çatandan, sənədləşmə olandan sonra meyit Azərbaycana yola salınacaq”.
Bunu APA-ya açıqlamasında Azərbaycanın Istanbuldakı Baş Konsulu Həsən Zeynalov deyib.
Baş konsul Sevinc Babayevanın meyitinin tanınması prosesində iştirak etdiyini bildirib: “Oğlu da, qardaşı da burdadır. Qadın burada vəfat edib”.
Diplomatın sözlərinə görə, S.Babayeva ürək çatışmazlığı diaqnozu ilə dünən xəstəxanaya müraciət edib: “Məlumata görə, qadın xəstəxanaya ağır vəziyyətdə daxil olub. Onu xilas etmək mümkün olmayıb”.
S. Babayevanın Interpol tərəfindən axtarışda olması, Türkiyəyə hansı şəraitdə getməsi barədə suallara cavabında H. Zeynalov bunları deyib: “Mən bu barədə nəsə deyə bilmərəm. Bunlar hüquq-mühafizə orqanlarının işidir. Yəqin ki, bütün suallar aydınlaşacaq. Biz sadəcə, Azərbaycan Baş Konsulluğunun təmsilçiləri olaraq vətəndaşımızın ölümü təsdiq etməli idik. Sənədləri yox idi. Iştirak etdik. Bundan sonrakı bütün prosedurlarda da diplomatımız iştirak edəcək”.
Baş konsul Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşlarının S. Babayevanın ölümü ilə bağlı Türkiyəyə gəlib-gəlməməsi barədə suala cavabında qeyd edib ki, hələlik Azərbaycandan gələn olmayıb: “Lazım olsa yəqin ki, onlar da gələcəklər”.

Sevinc Babayevanın ölümünün səbəbi hələlik bəlli deyil

“Biz dünyasını dəyişmiş azərbaycanlı qadının üzərində ilkin müayinə və baxış apardıq. Bu prosesdə Azərbaycanın Istanbuldakı Baş Konsulu Həsən Zeynalov və mərhumun qohumlarından biri iştirak etdi”. Bunu APA-nın “Medicana International” xəstəxanasında olan Türkiyə müxbirinə Istanbulun Böyük Çəkməcə rayonunun prokuroru Fuad Arı deyib.
Prokuror bildirib ki, ilkin baxış zamanı ölən qadının Azərbaycan vətəndaşı Sevinc Babayeva olduğu müəyyənləşib. Lakin xəstəxanaya müraciət edən zaman onun üzərində hər hansı sənəd olmayıb.
Prokuror bildirib ki, hələlik xəstənin ölüm səbəbi bəlli deyil: “Həkimlərin verdiyi məlumata görə, o, uzun müddət ürək xəstəsi olub, ürək ağrılarından və spazmalardan əziyyət çəkib. Lakin onun məhz bu xəstəlikdən öldüyünü demək hələlik tezdir”.
F.Arı qeyd edib ki, S. Babayevanın cənazəsi sabah Istanbulda ədliyyə tibb ekspertizasında müayinə olunacaq: “Yalnız bundan sonra prokurorluq onun ölümünün dəqiq səbəbini açıqlayacaq”.
Prokuror S. Babayevanın Türkiyədə harada yaşadığı, bu ölkəyə necə daxil olduğu barədə sualların da araşdırılacağını qeyd edib.

Sevinc Babayeva hansı adla xəstəxanaya müraciət edib?

Məlumata görə, prokurorluq işçiləri artıq S.Babayevanın xəstəxanada olan oğlu ilə ilkin söhbət aparıblar.
Araşdırma zamanı S.Babayevanın xəstəxanadakı qeydiyyatının hansı ad və soyadla rəsmiləşdiyi də məlum olub. S. Babayeva xəstəxanada Məryəm Solmaz adı ilə qeydiyyatdan keçib.
Onun xəstəxanada şəxsiyyət vəsiqəsi və ya SSK kartı (güzəştli kartla) ilə qeydiyyatdan keçməsinə aid dəqiq məlumat yoxdur. S. Babayevanın xəstəxanada saxlanılan şəxsi əşyalarının arasında böyük dərman bağlaması da olub.
Azərbaycanın Istanbuldakı Baş Konsulu Həsən Zeynalov da APA-ya açıqlamasında S. Babayevanın xəstəxana sənədlərinin Məryəm Solmaz adına rəsmiləşdirilməsi barədə eşitdiyini bildirib: “Amma onun öz üzərindən heç bir sənəd çıxmayıb. Onu xəstəxanaya kimin gətirdiyini də bilmirik. Indi bu məsələləri prokurorluq araşdırır. Biz sadəcə, özümüzə aid olan məsələlərlə məşğul olduq”.

Sevinc Babayeva Bakıda nədən müalicə alıb?

“Media forum” saytı Sevinc Babayevanın 2012-ci ilin mart ayında Bakıda müalicə olunduğunu öyrənib.
Saytın məlumatına görə, Sevinc Babayeva müalicəsini Mərkəzi Gömrük Hospitalında alıb.
Məsələ ilə bağlı dekabrın 28-də “Media forum” saytı Mərkəzi Gömrük Hospitalına müraciət edib. Xəstəxananın invaziv kardioloqu Qalib Imanov məlumatı təsdiqləyib. Qalib Imanov deyib ki, Sevinc Babayeva ağ ciyər arteriyasındakı tromdan müalicə olunub.
“Media forum” saytı vurğulayır ki, burada söhbət 7 ay əvvəlki müalicədən gedir və bu xəbər Sevinc Babayevanın xəstəlikdən ölməsinin təsdiqi kimi qəbul olunmamalıdır.

Baş Prokurorluğun açıqlaması

Baş Prokurorluğun Sevinc Babayevanın ölümü ilə bağlı rəsmi açıqlamasında deyilir: “Məlumat verildiyi kimi, Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə axtarışda olan Sevinc Babayeva Türkiyənin ”Medicana International Istanbul Hospital” xəstəxanasında vəfat etmişdir.
Araşdırmalarla müəyyən edilmişdir ki, Istanbul Prokurorluğunun əməkdaşları tərəfindən Azərbaycanın Istanbuldakı baş konsulu Həsən Zeynalov və S.Babayevanın qohumunun iştirakı ilə meyitə baxış keçirilmiş və mərhumun S.Babayeva olması müəyyənləşdirilmişdir.
Xəstəxanadan verilən ilkin məlumata görə, həmin tibb müəssisəsinə başqa ad və soyadla daxil olmuş S.Babayeva ürək çatışmazlığından vəfat etmişdir.
Azərbaycanın baş prokuroru xüsusi tapşırıq qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsi ilə Türkiyə Ədliyyə Nazirliyinə müraciət edərək Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşlarının ekspertizanın aparılmasında iştirak etməsi barədə məsələ qaldırmış və bu məqsədlə Azərbaycan Prokurorluğu və Daxili Işlər Nazirliyinin əməkdaşları Türkiyə Respublikasına ezam olunmuşlar.
Aparılan araşdırmaların, o cümlədən ekspertizanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Xəstəxanadan rəsmi açıqlama

Faktla bağlı “Medicana İnternational” xəstəxanası da rəsmi açıqlama yayıb. “BBC Azərbaycanca”nın dərc etdiyi açıqlamada deyilir: “26.12.2012 tarixində, 112 vasitəçiliyi ilə Esenyurt Dövlət Xəstəxanası Təcili Yardım Xidmətinə aparılan 39 yaşındakı hörmətli Meryem Solmaza, orada CPR (süni nəfəs vermə) tətbiq olunsa da, ümumi vəziyyətində dəyişiklik olmayan xəstə, reanimasiyaya ehtiyac duyulması səbəbi ilə 112 təcili yardım maşını ilə klinikamızda sövq edilib.
Xəstə, xəstəxanamızın reanimasiya bölməsinə saat 16.56 -da qəbul edilib.
Xəstənin fiziki müayinəsi edilmiş, bütün hematolojik və biokimyəvi tədqiqləri, bütün tomografik müayinə nəticələri qiymətləndirilmişdir.
Xəstə süni tənəffüs cihazlarına bağlanmış, bütün həyati funksiyaları monitrlarla izlənmiş, ürəyinin fəaliyyətində çatışmazlıq görülməsinə görə dəstəkləyici dərmanlar verilmışir.
Tətbiq olunan bütün dəstək müalicəsinə cavab verməyən xəstənin saat 18.21 ‘də ürəyi dayanmış, CPR tətbiqi ilə 4 dəqiqə sonra ürəyi normal ritminə dönmüşdür.
Ancaq saat 18.30 ‘da xəstənin təkrar ürəyi dayanmış, CPR tətbiq olunmuş, 10 dəqiqə sonra təkrar ürəyi işlmişdir. Bütün dəstəkləri artırılan xəstənin, saat 18.45 -də ürəyinin təkrar dayanması üzərinə müdaxilə edilmiş, edilən bütün müdaxilələrə baxmayaraq saat 19.15-də xəstənin həyati funksiyaları dayanmış və xəstəmiz həyatını itirmişdir.
Esenyurt Dövlət Xəstəxanasında ədliyyə faktı olaraq qəbul edilməsi səbəbi ilə Prokurorluq ölümlə əlaqədar yarılma qərarı verib.
Qəti ölüm səbəbi məhkəmə orqanları tərəfindən müəyyən edilir. Xəstəmizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik”.

Deputat Sevinc Babayevanın ölümünü müəmmalı hesab edir

“Bu ölümü kifayət qədər müəmmalı hesab edirəm. Müəmmaların istiqamətlərini isə müəyyən etmək çətindir”. Bu sözləri Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Publika.Az-a Sevinc Babayevanın dünyasını dəyişməsinə münasibət bildirərkən deyib.
F.Ağamalı Sevinc Babayevanın ölümündə xarici qüvvələrin də rolunu istisna etməyib: “Bu kimi hadisələrdə hər ehtimalı düşünmək lazımdır. Ola bilsin ki, hansısa xarici qüvvələr onun ölümündə maraqlı olub. Amma bu, sadəcə, ehtimaldır. Bildiyim qədəri ilə Sevinc Babayeva sağlam, özünə baxan, dünyanı vecinə almayan xanım idi. Bu tip insanların da ürək xəstəliyindən əziyyət çəkməsi və qəflətən 15-20 gün içində xəstəlikdən ölməsi suallar doğurur. Sevinc Babayevanın və rəfiqəsi Gülər Əhmədovanın adlarının bu kimi qalmaqalda hallanması dövlətimiz üçün də narahatlıq yaradır. Elşad Abdullayev bu məsələni ictimailəşdirməklə yanaşı, bu işi dövlət orqanlarının içinə qədər aparıb. Ayrı-ayrı şəxslərin ünvanına xoşagəlməz iddialar var və bu, bizim nüfuzumuza zərər gətirən amillərdir”.+

İnformasiya şöbəsi