İlham Əliyevdən soruşmaq istədiyim tək sual

Zati-aliləri!
Bilmirəm, yeniazerbaycan.com adlı sayt haqqında eşitmisinizmi?
Adından da göründüyü kimi, sədri olduğunuz partiyanın rəsmi saytıdır.
O sayta 25 dekabr tarixində, saat 15.55-də aşağıdakı başlıqda bir xəbər yerləşdirilib:
“YAP-ın 600 mininci üzvünə partiya vəsiqəsinin təqdim olunması mərasimi keçirilib”.
Içərisini oxumağa ehtiyac yoxdur. Elə sərlöhvədəncə nə anlayırıq?
Anlayırıq ki, artıq partiyanızın üzvlərinin sayı 600 minə çatmışdır. Xeyirli-uğurlu olsun. Gün o gün olsun, 9 milyonuncu üzvünüzə partiya vəsiqəsinin təqdim edilməsi mərasiminə gələk.
Zati-aliləri!
Mən bu sətirləri o xəbərin qoyulduğu tarixdən düz 3 gün sonra – dünən saat 16 radələrində yazıram.
Və hələ də saytın ən görkəmli yerində qalmağa davam edən xəbərin oxunma sayına baxıram: “Oxunub: 11 dəfə”.
O 11 nəfərin biri mənəm. Məni çıxaq. Qalır 10 nəfər. Soruşmadan keçə bilmirəm:
600 min üzvü olan bir partiyanın rəsmi saytında o partiya üçün önəmli bir xəbərin cəmi-cümlətanı 10 dəfə oxunması sizə də qəribə gəlmirmi?
Bir halda ki, üzvlərinizin sayı durmadan artır, elə isə rəsmi saytınızda partiyanız üçün ciddi bir xəbəri bir iki əlin barmaqları qədər adamın oxumasını nə ilə izah edirsiniz?
Seçkidən seçkiyə aldığınız deyilən səslərin faizi işıq sürəti ilə artarkən…
Ilbəil sədri olduğunuz partiyanın üzvlərinin sayı ildırım sürəti ilə artarkən sizi vəsf edən qəzetlərin tirajının, sizi mədh edən saytların tıklanma sayının yerlərdə sürünməsində doğrudanmı, bir əcaiblik, bir absurd yoxdur?
Milli Məclisi dırnaqda yazanlara bir neçə söz
Bəzi dostlarımız Milli Məclisi öz adı ilə çağırmağı düzgün saymırlar, onu ya dırnaqda yazırlar, ya da qarşısına bir “anti” sözü artırırlar, guya ora anti-Milli Məclisdir.
Əsla! Qətiyyən!
Bəli, ora parlament deyil, amma ora əsl milli məclisdir. Dəhşətli dərəcədə millidir, hətta millinin kvadratıdır.
Parlament deyil – çünki seçkili yox, təyinatlı orqandır.
Bəs niyə Milli Məclisdir?
Çünki başıaşağıdır, üzüyoladır, bir nəfərin ağzından çıxan iki sözə tabedir. Orada heç kimin öz sözü yoxdur, hamı ən yuxarıdakı adamın başı ilə düşünüb, onun ağzı ilə danışır, düyməyə də onun barmağı ilə basır.
Sorğulamırlar, hesab istəmirlər, təpki göstərmirlər, ağa deyirsə sür dərəyə, sürürlər dərəyə.
Əksəriyyəti ömründə bir dənə də kitab oxumayıb, tək-tük kitab oxuyanları da oxuduqlarını yanlış anlayıblar.
Allah qoymasa, bir az savadlı sayılanların da işi-gücü aftafanın, kəlağayının, dolmanın keşiyində durmaqdır.
Bir sözlə, özlərində bizdə artıq çoxdan “milli-mənəvi dəyər” statusuna mindirilmiş bütün keyfiyyətləri daşıyırlar.
Elə isə əlinizi qoyun ürəyinizin üstünə və vicdanınızla deyin: oranı öz adı ilə – Milli Məclis çağırmaqda məntiqsiz, absurd nə var?
Bir mövzuya nöqtə
Nə vaxt həbsdəki bir vicdan məhbusu azad edilsə, ağla gələn ilk sualdır bu: “Görəsən, yerinə kimi içəri atacaqlar?”.
Bu sualda qeyri-adi heç nə yoxdur. Iki sadə səbəbdən:
Bir: Həm müqəddəs yer boş qalmır.
Iki: Həm də illərin təcrübəsi o sualın cavabı haqqında düşünmək üçün əsas yaradır.
Ancaq və lakin…
Bir vicdan məhbusu azadlığa qovuşduğunda yerinə kimin içəri atılacağının müzakirə edildiyi ölkədə ilk ağıla heç bir müxalifət lideri gəlmir…
Amma o müxalifət liderləri arasından kimin vahid namizəd olması ən həlledici, taleyüklü mövzu kimi müzakirə edilirsə, mənim üçün həmin mövzu heç vaxt açılmamaq üzrə qapanmışdır.