Leyla Yunus: «Əlbəttə ki, Səməd Seyidov Ştrasserin yox, həmməruzəçilərin hazırladığı sənədi qəbul edər»
Azərbaycan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin hazırladığı məruzəni deyil, Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərin hazırladığı məruzəni əsas sənəd hesab edir. Odur ki, bir sıra KIV-də Kristof Ştrasserin siyasi məhbuslarla bağlı hazırladığı siyahıdan kimlərinsə çıxarılması məlumatları həqiqətə uyğun deyil.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib: “Ola bilsin ki, Ştrasserin hazırladığı siyahı ilə Monitorinq Komitəsinin hazırladığı siyahıdakı insanlar üst-üstə düşsün. Azərbaycan onun hazırladığı məruzə ilə işləyə bilməz, çünki onun məqsədləri başqadır. Biz Monitorinq Komitəsinin hazırladığı məruzə ilə işləyirik”.
S.Seyidov onu da vurğulayıb ki, Ermənistan tərəfi hər zaman olduğu kimi Azərbaycana qarşı qərəzli mövqe göstərəcək.
“Ermənistan tərəfi Azərbaycanla bağlı məsələdə hər zaman bizə qərəzli mövqe nümayiş etdirməyə cəhd edir. Əminəm ki, qış sessiyasında ermənilər bizi istəməyən qüvvələrlə birləşib ölkəmizə qarşı fəaliyyət göstərəcəklər. Azərbaycanla bağlı hazırlanan sənəddə ilk dəfə olaraq Dağlıq Qarabağ məsələsi öz əksini tapdığına görə ermənilər daha aktiv fəaliyyət göstərəcəklər. Onlar sənədə ciddi müdaxilə edə bilmədiklərinə görə Dağlıq Qarabağla bağlı hansısa alternativ sənəd ortaya qoymaları qaçılmazdır. Ancaq unutmaq lazım deyil ki, Monitorinq Komitəsinin hazıladığı məruzə Avropa Şurası tərəfindən irəli sürülür, ermənilər tərəfindən hazırlanan sənəd isə ermənilər tərəfindən”.
Hüquq müdafiəçisi Leyla Yunus S.Səmədovun niyə belə danışdığının başadüşülən olduğunu deyir: “Əlbəttə ki, Səməd Seyidov Ştrasserin yox, Monitorinq Qrupunun həmməruzəçilərinin hazırladığı sənədi qəbul edəcək. O həmməruzəçilər ki, onların hazırladığı ilkin hesabat sözün əsl mənasında biabırçılıq idi. Bu hesabat nəinki yumuşaq idi, sanki Prezident Administrasiyasında hazırlanmışdı. Yalnız Azərbaycanın vətəndaş cəmiyyəti və beynəlxalq qurumların təzyiqlərindən sonra bu hesabat azacıq da olsa, reallığa yaxın oldu. Amma yenə də onların sənədi əvvəlki həmməruzəçilər Qross və Herkelin hesabatı qədər dəqiq deyildi. Ştrasserin hesabatına gəlincə, Azərbaycan hakimiyyəti onun fəaliyyətini məhdudlaşdırmaq üçün hər şeyə əl atmışdı. Bununla belə, o, çox yaxşı işlədi. Ona görə də Səməd Seyidov indi onun əleyhinə danışır. Səməd Seyidov deyir ki, Ştrasserin məqsədləri başqadır, ona görə onunla işləyə bilməzlər. Almaniyalı deputatın nə məqsədi ola bilər? Heç olmasa ittiham edəndə əsaslandırsın”.