2013 xilas ilimiz olsun!

Ziyalılar Forumu təşkil etdiyi ziyafətdə ölkənin ictimai-siyasi kəsimini bir araya gətirdi

Ziyalılar Forumu dünən tanınmış dramaturq Rüstəm Ibrahimbəyovun mənzilində ilin yekunlarıyla bağlı ziyafət verdi. Tədbirə Forumun üzvlərilə yanaşı, partiya liderləri, ictimai-siyasi xadimlər, media nümayəndələri də qatılmışdı.

“Biz həmrəyik!”

Forumun təsisçilərindən Eldar Namazov bildirdi ki, tədbir Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil olunub: “Bu gün bütün demokratik düşərgənin vahid ziyafəti deyil, ancaq demokratik düşərgənin əsas ziyafətidir”.
Ssenarist Eldəniz Quliyev Forumun yaradıcılarından Rüstəm Ibrahimbəyov və Rafiq Əliyevin ölkə xaricində olmaları səbəbilə ziyafətdə iştirak etməməsindən təəssüfünü ifadə edərək bildirdi ki, onlar birlikdə olmaq nümunəsini göstərməyə çalışırlar: “Ziyalılar Forumu olaraq biz həmrəyik, həm rəngimiz, həm də xasiyyətimiz birdir. Arzu edərdik ki, demokratik düşərgə də belə olsun”.

“Hakimiyyət bu işin öhdəsindən gəlmir”

Tarixçi alim Cəmil Həsənli başa çatmaqda ili kifayət qədər ağır il kimi qiymətləndirdi: “Arzulayaq ki, 2013-cü il millətimizin, dövlətimizin həyatında böyük dəyişikliklərlə müşahidə olunsun. Tez-tez mənə ilin mənfi və müsbət tərəflərilə bağlı sual verirlər. Mənim üçün bir meyar var: Azərbaycanın işğal altındakı əraziləri azad olunmadan hansısa uğurdan danışmağın heç bir mənası yoxdur. Nə qədər ki, ərazilərimiz düşmən tapdağı altındadır, dövlət də, ziyalı da, iqtidar da, müxalifət də bütün potensialını buna yönəltməlidir. Hər hansı ölkənin ərazisinin 20 il düşmən tapdağı altında qalması çox uzun bir dönəmdir, bu artıq yeni bir nəslin meydana gəlməsi dövrüdür. Ona görə də dəyişiklik deyəndə torpaqlarımızın azad olunmasını nəzərdə tuturam. Yəni, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun, işğal altındakı ərazilərin azad edilməsi uğrunda səmərəli addımlar atılsın. Mənim yanaşmama əsasən, artıq Azərbaycan hakimiyyəti bu işin öhdəsindən gəlmir, gələ bilmir. Bu mənada, xalq və cəmiyyət öz mövqeyini ortaya qoymalı, ərazilərinin azad olunması istiqamətində addımlar atmalıdır. Ən azı, biz sözümüzü bir istiqamətə yönəltməliyik, məncə, bütün Azərbaycan ziyalıları, partiyaları bu məsələdə ortaq mövqedən çıxış edə bilər”.

2013 milli iradənin gerçəkləşdiyi il olmalıdır!

Müsavat başqanı Isa Qəmbər bildirdi ki, hər kəs ölkədə haqq-ədalət uğrunda mübarizəni davam etdirməlidir: “Hansı sahədə fəaliyyət göstərməyimizdən, hansı siyasi qüvvəyə, ictimai təşkilata üzv olmağımızdan asılı olmayaraq, bütün gücümüzlə çalışmalıyıq. Mən inanıram ki, 2013-cü ildə birgə səylərlə bu istəklərimizə nail olacağıq. Azərbaycan xalqı özünün şərəfli tarixində dəfələrlə gücünü və iradəsini göstərib. 2013-cü ili də Azərbaycanda milli iradənin gerçəkləşdiyi il kimi birgə səylərlə tarixə yazmalıyıq”.

“Ölkənin demokratikləşməsi ümummilli ideyaya çevrilməlidir”

AXCP sədri Əli Kərimli də həmrəyliyin əhəmiyyətindən danışdı: “Dünya Azərbaycanlılarının Həmrəylik Günü bizim yeni bayramlardandır. Etiraf etmək lazımdır ki, bizim milli şüur tam olaraq bu bayramı qavrayıb başa çatmayıb. Bu gündə nədən söhbət getməlidir – bu məsələ hələ də bir qədər açıq qalır. Bu bayram müəyyənləşən zaman ilk növbədə Şimali və Cənubi Azərbaycanda yaşayan azərbaycanlılarının bu gün özlərini vahid millət kimi hiss etmələri əsas götürülmüşdü. Sərhədlərin açılması, təbii şəkildə cənublu qardaş-bacıların qovuşması bu bayramın ərsəyə gəlməsinin ilk təkanı olub. Dünya azərbaycanlılarının həmrəyliyindən danışanda Azərbaycan Respublikasında, Iran ərazisində – Cənubi Azərbaycanda, ümumilikdə dünyada yaşayan 40 milyonluq millətin bir millətə aid olmasını xatırlamalıyıq. Biz dünya azərbaycanlılarının həmrəylik günündən danışanda dünya azərbaycanlılarını eyni cür, monoton, yekdil təsəvvür etmirik. Bu həmrəylik onu nəzərdə tutmur. Bir millətin, bir vətənin övladı olmanın xüsusi vəzifələri var. Bu gün bizim hisslərimizi bir az itiləməlidir ki, nə qədər fərqli yanaşmalarımız olsa da, bizi birləşdirən çox ciddi səbəblər var. Bizim üçün birləşdirici belə bir ideya olmalıdır. Bu da var. Qarabağ nə vaxta qədər işğal altındadırsa, hər bir azərbaycanlı üçün siyasi mövqeyindən, dinindən və başqa baxışlarından asılı olmayaraq, bu, bir nömrəli birləşdirici faktordur. Məncə, biz bir millət olaraq, onu da hamılıqla qəbul etməliyik ki, millətin gerçək azadlığı, ədaləti, demokratiyası da ümummili ideya kimi qəbul olunmalıdır. Çünki millətini sevən insan ona mütləq azadlıq, ədalət arzulamalıdır. Özünün hansısa düşüncələrinə və maraqlarına görə millətin azadlığının qurban verilməsinə dözməməlidir. Ölkənin demokratikləşməsi də ümummilli ideyaya çevrilməlidir. Bu bayramın nəyi ümummilli deyil ki? Bu gün bu, milyardlara sərəncam verənlərə də aiddir, kifayət qədər çətin həyat şəraiti keçirənlərə də, məhbus həyatı yaşayanlara da. Özünü zirvədə hesab edəndən tutmuş, ən çox əzilənə qədər hamının demokratiya, azadlığa ehtiyacı var. Biz çalışmalıyıq ki, o da bizim üçün ümummilli ideyaya çevrilsin. Qarşıdan bizim yeni təqvim ili gəlir. Arzu edirəm ki, qarşıdakı ildə millətimizin hər gün alçaldılmasına, hər gün hüquqlarımızın pozulmasına bir az dözümlü olmayaq və nəhayət, özümüzdə o təpəri tapaq. Bizim xilasımızın, gerçək qurtuluşumuzun günü özümüzdən asılıdır. Biz qərar verməliyik ki, məhz bu il, bu gün biz xilas olacağıq. Hamı özünə bu sualı versin ki, niyə bu elə 2013-cü il olmasın? Bunu arzulayaraq, yeni ili qarşılayaq və bu böyük amallarda həmrəy olaq, millətimizə xoş günlər arzulayaq”.

Ramin DEKO