XXI əsrin “gülümsərov”ları

İkinci yazı
Üç il əvvəl – 2009-cu ilin dekabr ayının 8-də “Azərbaycan” qəzetində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Ictimai və Humanitar Elmlər: zaman kontekstində” adlı məşhur məqaləsi dərc olundu. Məqalədən sitat: “Elm bir biznesə çevrilib və istənilən şəxs – dövlət məmuru, yaxud iş adamı müxtəlif yollarla elmi ad almağa nail olur. Təəssüf ki, bütün bu proseslərdə elm və təhsil müəssisələrinin bir sira əməkdaşları hazır dissertasiyaları iddiaçılara təklif edirlər. Paradoksal haldır ki, elmin paklığını qorumaq əvəzinə elm xadimlərinin özləri təsadüfi adamların elmi adlar almasına rəvac verir, belə işləri elmi şuralarda yekdilliklə dəstəkləyirlər. Söz yox ki, bu cızma-qaralar Azərbaycanın elmi potensialının artırılmasına heç bir xidmət göstərə bilməz”.ÿ
Nə demək istəyirdi, Ramiz Mehdiyev? Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev elmdə bazar açıldığına eyham vururdu. Bəs bu bazarın bazarkomları kimdir? Təbii ki, ELM BAZARININ bazarkomları universitet rektorları və AMEA-nın Elmi-Tədqiqat Institutlarının direktorlarıdır. Hörmətli elm adamlarına müraciət edirəm, rektorun və ya institut direktorunun xəbəri olmadan hansı prorektor, dekan, yaxud şöbə müdiri Ramiz Mehdiyev demişkən, “təsadüfi adamların” elmi şuralarda yekdilliklə dəstəklənməsinə nail ola bilər.
Diqqət edin, elmdə təzahür edən bu biabırçılığı, daha doğrusu, cinayətkarlığı açıqlayan sıravi bir Azərbaycan vətəndaşı deyil, dövlətdə çox mühüm bir post tutan şəxsdir. Ramiz Mehdiyev elm bazarı barədə “Azərbaycan” qəzetində yazırsa, Prezident Ilham Əliyev bu məsələdən əsla xəbərsiz ola bilməz. Və məhz buna görə də istər-istəməz adamın beynində bir sual dolaşır. Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin üç il əvvəl yazdığı bu məqalədən sonra nə dəyişdi, dövlət başçısı elm bazarının bazarkomlarından hansını cəzalandırdı?
Mən bilən nə bir universitet rektorunun, nə də bir institut direktorunun bazarı bağlanıb. Bazarın bağlanması bir tərəfə, o “rektorlara və direktorlara heç gözünün üstündə qaşın var” deyən də yoxdur. Və buradan nə hasil olur? Hasil olan odur ki, rejim elmin tərəqqisinə ciddi yanaşmır. Yanaşsaydı, alim yetişdirməyə mükəlləf olan universitetlərin rəhbərlərinə Milli Məclisin mandatını peşkeş etməzdi. Cümlə başı ilə düşünənlərə, məntiq deyilən nəsnədən elementar anlayışı olanlara sual edirəm, universitet rektoru, institut direktoru həftənin beş gününü Milli Məclisdə oturmaqla, müxtəlif səpkili görüşlər, qəbullar düzənləməklə, rəhbərlik etdiyi qurumun tədris, təsərrüfat işlərinə rəhbərlik etməklə yanaşı elmi məqalə yazmağa, elmi araşdırma aparmağa, auiditoriyada mühazirə oxumağa, elmi rəhbər kimi fəaliyyət göstərməyə macal tapa bilərmi?
Parlamentin üzvü olan Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbacan Dillər Universitetinin rektoru Səməd Seyidov, Iqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Naxçıvan Universitetinin rektoru Isa Həbibbəyli, Memarlıq və Inşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Müəllimlər Institutunun rektoru Aqiyə Naxçıvanlı, Bədən Tərbiyəsi və Idman Akademiyasının rektoru Ağacan Abiyev və başqaları bu suala cavab versinlər. Bəlkə gerçəkdən bir adamın bir neçə görəvin öhdəsindən uğurla gəlməsi mümkündür?
Biryolluq anlamalıyıq, universitetlərimizdə, institutlarımızda alim yetişdirmək istəyiriksə, rektorların və direktorların yalnız və yalnız elmi işlərlərə məşğul olmasını təmin etmək lazımdır. Rektorun, direktorun nə işi var parlamentdə? Onların nəyinə gərəkdir təmir-tikinti işlərinə baş vurmaq? Alimin yeri auiditoriyadır, labaratoriyadır. Vəssalam!
Bir vaxtlar onlar da yüz minlərlə ziyalı kimi ehtiyac içində yaşayırdılar. Fəqət, vəzifə qısa zaman kəsimində onları zənginləşdirdi. Çünki elm müəssisələrində “elmi əməliyyatlarla” yanaşı, “qeyri-elmi əməliyyatlar” da gerçəkləşir və bu əməliyyatlar sonucda külli miqdarda gəlir gətirir. Sadəlövh bir oxucum zəng edib yana-yana deyir ki, AMEA Institutlarından birinin direktoru neçə milyonluq bağ evinə sahibdir, qohum-qardaşını, kirvəsini vəzifəyə təyin edib, ildə ən azı 5-6 dəfə elmi ezamiyyət adı ilə Almaniyada yaşayan uşaqlarına baş çəkməyə gedir. Tək odurmu? Rüşvətin, korrupsiyanın yan keçdiyi bir ali təhsil, elmi-tədqiqat müəssisəsi tapmaq olarmı? Klinikası, şadlıq sarayı, iri obyekti olan rektorların kimlikləri məgər cəmiyyətə bəlli deyil? Azərbaycanda hər kəsin hər şeydən xəbəri var. Təkcə Prezidenti Administrasiyasının rəhbəri,ÿakademik Ramiz Mehdiyevin həm də rəhbəri olduğu Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya fil qulağında yatıb…
Bu gün ELM BAZARKOMLARI Azərbaycan üçün ALIM yetişdirməkdən daha çox özləri üçün sərvət toplamaqla məşğuldur. Ərsəyə gətirdiklərinin böyük bir qismi isə XXI əsrin “gülümsərov”larıdır. Və inşallah, növbəti yazıda şərhsiz-filansız o “gülümsərov”ların hansı “elmi” işlər üzərində baş sındırdığını sizlərə açıqlayacam. Növbəti yazını gözləyin…